Paşinyan Azərbaycan və Naxçıvan arasında nəqliyyat marşrutundan bəhs etdi

Ermənistanın baş naziri Nikol Paşinyan Kazanda keçirilən BRİCS sammitində çıxışı zamanı "Dünyanın kəsişməsi" nəqliyyat-kommunikasiya layihəsinin əhəmiyyətindən danışıb.

Musavat.com x
əbər verir ki, Paşinyan Ermənistanın öz ərazisindən keçən nəqliyyat vasitələri, yüklər, sərnişinlər, boru kəmərləri və kabel yolları üçün keçid təşkil etməyə hazır və maraqlı olduğunu bildirib.

O, çıxışında qeyd edib: "Bu marşrut İran, Ermənistan və Gürcüstan ərazilərindən keçərək Qara dənizlə Fars körfəzi arasında ən qısa yol kimi şimal-cənub istiqamətini əhatə edir. Həmçinin, Azərbaycan, Ermənistan və Türkiyə ərazilərindən keçən Xəzər və Mərmərə dənizləri arasında ən qısa yol, şərq-qərb istiqamətidir. Bu marşrut Azərbaycan və Naxçıvan arasında nəqliyyat və kommunikasiya əlaqələri üçün də istifadə oluna bilər".

Paşinyan əlavə edib ki, Ermənistan bu çərçivədə Azərbaycana sərhəd və gömrük nəzarəti prosedurlarının sadələşdirilmiş mexanizmlərini təklif edib, burada hər iki ölkənin suverenliyi və yurisdiksiyasına hörmətlə yanaşılaraq əlavə təhlükəsizlik tədbirləri nəzərdə tutulur. O vurğulayıb: "Ermənistan öz ərazisindən keçən malların, resursların, nəqliyyat vasitələrinin və insanların təhlükəsizliyini təmin etməyə qadirdir və bu, bizim həm istəyimiz, həm də öhdəliyimizdir. Biz bu təhlükəsizliyi həmişə təmin edəcəyik".

Paşinyan Ermənistanın hər hansı üçüncü ölkəyə öz suveren ərazisində rabitə təhlükəsizliyini təmin etmə səlahiyyəti verməsi barədə yayılan iddiaların həqiqəti əks etdirmədiyini də vurğulayıb.

Nigar Həsənli, Musavat.com

24.10.2024 16:03
878