Paşinyan ABŞ dövlət katibinin müavini ilə bu məsələlərdən danışdı - DETALLAR

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ dövlət katibinin müavini Uzra Zeyanı qəbul edib.

Musavat.com erməni mediasına istinadən bildirir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

Baş nazir Zeyanın səfərini alqışlayıb, Ermənistan və ABŞ arasında çoxsahəli əməkdaşlığın ardıcıl inkişafının vacibliyini vurğulayıb. İkitərəfli əməkdaşlıq kontekstində Nikol Paşinyan ölkəsində “demokratik islahatların, xüsusilə ədliyyə, korrupsiyaya qarşı mübarizə, yaxşı idarəetmə, ictimai xidmətlər, polis və digər sahələrdə səmərəli təşviqdə” ABŞ-ın daimi dəstəyini vurğulayıb. Baş nazir qeyd edib ki, demokratiyanın inkişafı Ermənistan hökuməti üçün strateji və prioritet əhəmiyyət kəsb edir.

Dövlət katibinin müavininin sözlərinə görə, ABŞ administrasiyası Ermənistanla əməkdaşlığın inkişafına və möhkəmlənməsinə böyük əhəmiyyət verir və ölkədə demokratik təsisatların inkişafına texniki və maliyyə dəstəyi daimi olacaq. Uzra Zeya son illər Ermənistanda demokratiyanın inkişafı istiqamətində atılan addımları əhəmiyyətli adlandırıb, insan haqlarının, söz azadlığının, ədalətin qorunmasına, korrupsiyaya qarşı mübarizəyə yönəlmiş proqram və islahatların əhəmiyyətini vurğulayıb.

Həmsöhbətlər yuxarıda qeyd olunan istiqamətlərlə bağlı məsələləri, eləcə də təhsil sahəsində gələcək əməkdaşlığı müzakirə ediblər. Baş nazir Paşinyan Ermənistan hökumətinin 300 məktəb və 500 uşaq bağçası, həmçinin akademiya şəhərciyi tikmək planlarına toxunub. Ermənistan və ABŞ arasında yeni təhsil proqramlarının həyata keçirilməsi vurğulanıb.

Görüşdə Ermənistanla Azərbaycan arasında sülh prosesindən də bəhs edilib.

Dövlət katibinin müavini vurğulayıb ki, Birləşmiş Ştatlar bundan sonra da iki ölkə arasında həqiqi sülhün bərqərar olmasına, regionda təhlükəsizlik və sabitliyin təmin olunmasına töhfə verəcək.

Bildirilir ki, Qarabağdan köçmüş insanların humanitar problemləri və onların həlli istiqamətində Ermənistan hökumətinin tədbirləri ilə bağlı məsələlər müzakirə olunub. Bu kontekstdə beynəlxalq ictimaiyyətin davamlı dəstəyinin vacibliyi vurğulanıb.

Musavat.com

14.07.2024 17:30
662