Partiya sədri: “Biz siyasi fəaliyyətimizi dayandırmağa hazır olmalıyıq”

“Mən bu qanuna baxanda 34 hüquqi səhv tapmışam. Konstitusiyaya zidd maddələr var”.

Musavat.com-un xəbərinə görə, bunu Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev “Siyasi partiyalar haqqında” qanun layihəsinin parlamentdəki müzakirəsi zamanı deyib.

Partiya rəhbəri layihəyə tənqidi yanaşıb: “Bu qanun layihəsi hüquqi ekspertizadan keçib-keçməyib? Mən inanıram ki, Prezident bu qanun layihəsinin qəbuluna veto qoyacaq”.

B.Quliyevin sözlərinə görə, Azərbaycanda hüquqi baza siyasi partiyaların hakimiyyətdə təmsil olunmasına imkan vermir. O qeyd edib ki, siyasi partiyalarla bağlı qanundan əvvəl Seçki Məcəlləsində dəyişikliklər edilməlidir.

Partiya sədri bölgədəki vəziyyətin narahatlıq doğurduğunu da vurğulayıb: “Vəziyyət o qədər ciddidir ki, biz hətta siyasi fəaliyyətimizi dayandırmağa hazır olmalıyıq. Bizim strateji hədəflərimizlə bağlı ciddi işlər görməliyik!”

E.Paşasoy,
Musavat.com

24.10.2022 14:32
882