Partiya liderləri Əli İnsanovu “tək”lədi - səbəb

Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş tədbirdə HƏP sədrinə soyuq münasibət nədən qaynaqlanır? 

Müttəfiqləri keçmiş səhiyyə naziri, Haqq və Ədalət Partiyasının sədri Əli İnsanovdan üz döndərib. Yaxın zamanlara kimi tədbirlərdə müxalifətin radikal qanadını təmsil edən siyasilərlə birlikdə görünən partiya sədri indi masa arxasında tək olur. O, hətta ictimaiyyət nümayəndələrinin də əvvəlki diqqət və qayğısından məhrum olub.

“Yeni Sabah”ın əməkdaşı Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş tədbirdə bunu müşahidə edib. Əməkdaşımızın bildirdiyinə görə, ötən gecə Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Əli İnsanov əvvəldən axıra kimi tək qalıb.

Bu tip tədbirlərdə adətən AXCP sədri Əli Kərimli, o cümlədən Cəmil Həsənli, Tofiq Yaqublu, Gültəkin Hacıbəyli və digər siyasətçilərlə yanaşı dayanan qocaman siyasətçi bu dəfə tək qalıb. Hətta Müsavat, KXCP, REAL liderləri də Əli İnsanovdan uzaq qalmağa çalışıblar. Sadəcə, VHP sədri Sabir Rüstəmxanlı ilə bir neçə dəqiqəlik bir araya gəliblər.

Maraqlıdır ki, bayram tədbirində iştirak edən YAP-çı deputatlar və jurnalistlər də HƏP sədrinin personasına etinasız yanaşıb. Üzləşdiyi laqeyd münasibətdən məyus olan qoca siyasətçi bayram tədbirini hamıdan əvvəl tərk edib.

Bəs HƏP rəhbərliyi dünənə qədər müttəfiqləri olan partiyaların bu münasibətindən narazı qalıbmı və bu laqeyd münasibətin səbəbini nə ilə izah edir?

HƏP Ali Məclisinin sədri Zəlimxan Məmmədli ünvanladığımız sualı cavablandırmaq istəmədiyini bildirdi.

Əli Orucov: “Sıravi müxalifətçilər partiya rəhbərliyinə, liderlərinə  təzyiqləri artırmalıdır”

Əli Orucov

AMİP funksioneri, siyasi ekspert Əli Orucov isə “Yeni Müsavat”a şərhində bildirdi ki, əslində HƏP sədri Əli İnsanov AXCP və Müsavat Partiyası, eləcə də Milli Şura ilə heç vaxt müttəfiq olmayıb. Bir-iki dəfə birgə tədbirlərdə iştirak etmək müttəfiqlik sayılmaz: “Müttəfiqlik üçün qarşılıqlı öhdəliklər və vəzifələr olmalıdır. Bunlar olmayıb. Əksinə, adlarını çəkdiyim həmin təşkilatlar Əli İnsanovun nüfuzundan və əlaqələrindən, həmçinin hakimiyyətə olan münasibətindən, yaxud digər faktorlardan istifadə etməyə çalışırdı. Lakin keçmiş səhiyyə naziri və YAP-ın ən güclü fiqurlarından olmuş təcrübəli Əli İnsanov onların bu məqsədini anladı və sui-istifadə hallarına imkan vermədi. Daha dəqiq desək, Əli İnsanov AXCP, Müsavat və Milli Şuranın tələsinə düşmədi. AXCP, Müsavat və Milli Şura həddindən artıq ambisiyalı və iddialı olduqlarından başqa siyasi qüvvələri və siyasətçiləri qəbul etmirlər. Halbuki onların özlərinin iddiaları və ambisiyaları potensialları ilə tərs mütənasiblik təşkil edir. Adını çəkdiyim təşkilatlar heç zaman Əli İnsanova səmimi yanaşmayıblar”.

Əli Orucov qeyd etdi ki, bu gün Əli İnsanov Prezident İlham Əliyevin siyasətini dəstəkləyir. Bu isə AXCP, Müsavat və Milli Şuraya xoş gəlmir. Türkiyə səfirliyinin bayram tədbirində “müttəfiqlərin” Əli İnsanovdan uzaq dayanmasının səbəbi yəqin ki, budur: “Hakimiyyət təmsilçiləri və hakimiyyətə yaxın şəxslərin Əli İnsanovdan məsafə saxlamasına gəlincə,  keçmiş əqidə yoldaşları sabiq YAP sədrinin  müavininə hələ də ehtiyatla yanaşırlar. Baxmayaraq ki, HƏP-in Prezident İlham Əliyevə qarşı mövqeyi 180 dərəcə fərqlidir, onun siyasi kursunu təqdir edir. Obyektiv yanaşmaya qalsa, İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası istiqamətində gördüyü işlər və yürütdüyü siyasət uğurludur və xalq bütünlükdə onun arxasındadır.  Əli İnsanov da buna əsaslanır.  Əli İnsanov təcrübəli siyasətçidir, siyasi düşərgələri çox yaxşı tanıyır”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

01.11.2023 12:41
3075