Parodiyaçı İlham Əziz: Qorbaçovu parodiya etmək üçün 17 dollara eynək almışdım - MÜSAHİBƏ - VİDEO

Hər kəs onu Azərbaycanın, xüsusi ilə Bakı toylarının məşhur parodiyaçısı kimi tanıyır. İlham Binəli kimi tanınan İlham Əziz danışdığı əhvalatları, etdiyi parodiyaları ilə insanlara adı və siması tanışdır.

"Report" parodiyaçı, aktyor İlham Əzizlə müsahibəni təqdim edir:

- Sizi parodiyaçı İlham Binəli kimi tanıyırıq, bəs siz parodiya etmək bacarığınızın olduğunu nə vaxt fərqinə varmısınız?

- Uşaqlıqda məhəllə adamlarını parodiya edirdim. Parodiya deyəndə ki, onların tərzini açırdım, bütün məhəllə gülməkdən ölürdü. Sonra qərar verdim ki, aktyor olacağam. Orta məktəbdə oxuyanda səhnəciklər üçün rol bölgüsündə mən də iştirak edirdim. Məktəbi bitirdikdən sonra sənədlərimi Azərbaycan Dövlət İncəsənət İnstitutuna versəm də, imtahandan kəsildim. Almaniyaya əsgərliyə çıxıb getdim.

- Bəs qayıdandan sonra yenidən instituta qəbul olmaq üçün cəhd etmədiniz?

- Hərbi xidmətdən sonra 6 il Almaniyada qalıb işlədim. 1986-cı ildə vətənə dönüb sənədlərimi yenidən ali məktəbə verdim. Yenə alınmadı. Azərbaycan Dövlət Rus Dram Teatrında işləməyə başladım. İlk işim dekor daşımaq idi. Aktyorların səhnəyə çıxmaları, oyun tərzləri, hətta necə nəfəs belə almaqları məni maraqlandırırdı. Mənə çox maraqlı idi. Üçüncü dəfə yenidən instituta qəbul olmağa cəhd etdim. Mənə dedilər ki, bu dəfə də alınmasa, daha institutun adını tutma. Nəhayət, bu dəfə alındı. İmtahanı görkəmli aktyorumuz Şəfiqə Məmmədova götürdü. İnstitutu da çox yaxşı oxumuşam. Sinif nümayəndəsi idim, 120 manat Səməndər Rzayev mükafatı alırdım.

Belə çətinliklə instituta qəbul oldunuzbəs sonra niyə teatrdankinodan uzaq düşdünüz?

- Əvvəlcə onu deyim ki, mən qəbul olanda ora Azərbaycan Dövlət İncəsənət İnstitutu idi, sonra ora universitet statusu verildi. Yəni, İncəsənət İnstitutuna daxil olub, universiteti bitirmişəm. Diplom işimi Həsənağa Turabov qəbul edib, universiteti qırmızı diplomla bitirmişəm. 11 tamaşada oynamışam. O vaxtı mənim təyinatımı Şuşa Dövlət Musiqili Dram Teatrına verdilər. Müharibə gedirdi deyə gedə bilmədim, həm də onda teatr yox idi. 1992-ci ildə isə Şuşa işğal olundu. Beləcə qaldı.

Bəs toylara getməyə nə vaxtdan başladınız?

- Müxtəlif tədbirlərə, Yeni il, Novruz bayramı şənliklərinə dəvət olunurdum. Bu şənliklərin birində dedilər ki, bəs toya dəvət etsək gələrsiniz? Ali məktəbdə təhsil alanda toylara getmək haqqında fikirləşmirdim. Toya gedib nə edəcəyimi düşünürdüm. Amma getdim.

- Çətin olmadı sizin üçün?

- Oldu. “Abşeron” mehmanxanasında ilk toylardan birində nə danışacağımı belə bilmirdim. Rəhmətlik Məmmədbağır Bağırzadə toyda idi. Çox istedadlı sənətkar idi, yaxşı da söhbətləri vardı. Hə, beləcə toyu yüksək səviyyədə yola verdik.

Məclislərdə, tədbirlərdə ən müxtəlif şəxsləri parodiya etmisinizDeyilənə görə, bu parodiyalarınız xüsusi maraqla qarşılanırdı.

- O vaxt institutların tədbirləri olurdu. Bir dəfə Bakı Dövlət Universitetində çıxış etməli idim. Tək çıxış edirdim, bu da çox çətindir. Repertuarımda Leonid Brejnev, Mixail Qorbaçov və s. şəxslərin parodiyası var idi. O vaxtı rəsmiləri parodiya etmək çətin idi.

- Səhv etmirəmsə, tədbirlərdən birində Ümummilli Lider Heydər Əliyevlə də görüşünüz olub.

- Bəli, 1994-cü ildə Novruz bayramı şənliyində kosanı oynayırdım. Tədbirin rəsmi hissəsində Ulu Öndər çıxış etdi, ikinci hissədə muğam oxuyur, xoruz döyüşdürürdülər, mən də yumurta döyüşdürməliyəm.

O zaman M.Qorbaçovu parodiya etdim. Onu parodiya etmək üçün 17 dollara eynək almışdım, eynəyin kənarları da sarı idi. Yəni, M. Qorabaçovun 50 faiz görüntüsü məndə var idi. Eynəyin şüşələrini çıxarmışdım. Rusca dedim mən Qorbaçovam, başladım danışmağa, Heydər Əliyev güldü, dedi ki, məni də göstərə bilərsən? Üzbəüz danışırdıq, fırlandım camaata tərəf onun təbirincə “Azərbaycan xalqına müraciət edirəm”. Camaat əl çaldı. Ardınca “Sizə cansağlığı, səadət və xoşbaxlıx arzu edirəm, bayramınız mübarək” deyib, qaçdım.

Heydər Əliyev güldü, hamı güldü. Dedi getmə, gəl bura. Onu da deyim ki, parodiya belədir ki, qısa edirsən, alındı alındı, alınmadı heç. Sonra İstanbulda Süleyman Dəmirəli parodiya etmişəm. Düzdü, bizdə bir az adi baxırlar, amma onlar üçün maraqlı idi. Parodiya üçün gərək səsin düz gəlsin və xüsusi detallar var ki, gərək onları biləsən.

- İstanbula sizi tədbirə dəvət etmişdilər?

- Hə, tədbirlə bağlı getmişdim. İki dəfə İstanbulda olmuşam. Bir dəfə Fransaya gedirdim, yolüstü İstanbulda qaldım. Eşitdilər ki, oradayam bir ad gününə dəvət etdilər. Ümumiyyətlə, onlar üçün parodiya maraqlıdır.

- Fransaya da tədbir üçün dəvət ediblər?

- Orada yaşayan azərbaycanlılar toya dəvət etmişdilər. Bu parodiya dünyanın hər yerində var. Bir dəfə ABŞ-nin Azərbaycandakı o vaxtkı səfiri Enn Dörsi özü də olduğu tədbirdə onu parodiya etmişəm. Maraqla qarşılayıb.

- Hansısa parodiyanıza görə ciddi tənqid ilə qarşılaşmısınız?

- Bilirsiniz auditoriyadan çox şey asılıdır. Hansısa parodiyanı edəndə, əhvalatı danışanda bilirəm ki, bunu burada edə bilmərəm, çünki kütlə o deyil. Amma auditoriya var ki, özü istəyir.

- Auditoriyanın maraq dairəsini necə müəyyən edirsiniz?

- Əslində bu toy sahibindən asılıdır. Birdən də qonaqlar özü yaxınlaşır ki, bəs parodiya olacaq? Elə dəvətlər də olur ki, görürəm burada parodiya alınmayacaq, sadəcə qonaqları və məclisi yola vermək lazımdır.

- Azərbaycanın bir çox rayonunda toyda iştirak etmisiniz. Hansı bölgədə toy aparmaq çətindir?

- Məni demək olar ki, bütün bölgələrimizə dəvət edirlər. Məsələn, Şəkidə toy idarə etmək çox çətindir. Altı dəfə orada toyda olmuşam. Gərək məclis əhlinin duya biləcəyi söhbətlər edəsən. Lənkəranda toyda çox olmuşam. Bəzən elə olur özləri əhvalat verirlər ki, bunları danışarsınız.

- Ən çox qonorarınız nə qədər olub?

- Vallah mən toya gedəndə qiymət danışmıram. Məbləği toy sahibi özü deyir. Amma şükür dolana bilirik. Adam var 100 manat verir, adam var 300, eləsi olur 500 verir.

- Getdiyiniz toylarda özünüzün də pul yazdırmağınızla bağlı söhbətlər var.

- Yox hər toyda olmur. Amma bəzi toylarda, bəli, pul yazdırıram. Baxıram Qarabağ qazisidir. Vətən üçün döyüşüb. Onda gedib pul yazdırmışam. Heç onun özünün xəbəri olmayıb.

Söhbətimizin bu anında azan səslənir. Həmsöhbətimiz danışığına ara verir. Azan bitənədək bu səssizlik davam edir. Parodiyaçı deyir ki, getdiyi toylarda da belədir. Azan səslənən zaman toyu dayandırır, sonra toya davam edirlər.

- Azərbaycanda vəzifəli şəxslərin toylarında çox olmusunuz?

- Çox olmuşam. O toylarda baş çıxartmaq lazımdır. Adam var vəziyyətdən çıxa bilmir, məsələn Xalq, Əməkdar artistdir, populyar müğənnidir, amma baş çıxara bilmir. O qədər fonoqram oxuyurlar ki, canlı oxunulması istəniləndə qalırlar belə.

- İlham müəllim, bəs bu gün teatr və kino üçün darıxmırsınız? Çünki bu sahə üzrə təhsil alımısınız və təhsil almaq üçün illərlə mübarizə aparmısınız.

- Teatr üçün burnumun ucu göynəyir. Arada teatr tamaşalarına gedirəm. Çox böyük zövq alıram. Əvvəllər dublyaja da gedirdim. Artıq gedə bilmirəm, dörd, bəzən altı saat orada olmalısan.

-Teatrdan təkliflər necə, gəlirmi?

- Akademik Milli Dram Teatrından dəvət almışam, amma getməmişəm. Teatra bağlandın, oradan çıxa bilmirsən. Toy biznesi də elədir ki, insanlara iştirak üçün söz verirsən? Vədə əməl etməmək də yaxşı deyil.

- Onda etiraf edirsiniz ki, teatrı və kinonu toy biznesinə qurban vermisiniz?

- Onu deyə bilmərəm. Amma artıq bu toy biznesinə bağlanıb qalmışam.

- O zaman toyun biznes olduğunu da qəbul edirsiniz?

- Əlbəttə, toy biznesdir də. Azərbaycanda, bəlkə, 2 milyon adam toy biznesindən dolanır. Bərbər də, qəssab da, musiqiçilər də, müğənni də, müğənninin yanındakı köməkçi də toydan qazanır.

- İllərdir toylarda iştirak edirsiniz, əvvəlkilərlə indikilərin fərqi çoxdur?

- Böyük fərq var, indiki toyları yola veririk. Qəşəng toylarımız olur, amma əvvəlkilərin dadı yoxdur. Toya gələn kimi çalıb-oxuyanlar darıxır ki, bu toy görəsən nə vaxt qurtaracaq. Heç əvvəlki auditoriya da yoxdur. Bizim kənddə - Binədə həmişə toylarda saz, muğam olub. Əvvəl deyirdilər, qapınıza xeyir işə gələk, indi deyirlər, şadlıq evinə gələk. Mən övladlarıma toy etmişəm. Həyətdə, “palatka”da olub hamısı.

- Deyirlər övladlarınızın toyuna qonaq kimi heç kimi dəvət etməmisiniz. Hər kəs özü gəlib.

- Bəli, bizdə elədir ki, restoranlarımız balacadır, insanlar restorana yerləşmir. Mən toyu həyətdə etdim. Toya 3 min nəfər gəlmişdi. Toy edəndə Nadir Bayramlı ilə Pünhan İsmayıllı televiziyada canlı efirdə olub, deyiblər bəs Binəyə, İlhamın oğlunun toyuna gedirik, camaat da eşidib tökülüb gəlib. O qədər adam gəlmişdi, açığı çox sevindim, düşündüm ki, demək bu hörməti qazanmışam. Bu gün qazancımdan da, həyatımdan da çox razıyam.

Foto, video: Vüqar Xanlarov

18.04.2024 21:00
1444