Rusiya və Ermənistan arasında münasibətlərin son dərəcə gərginləşmiş vaxtında Rusiyada fəaliyyət göstərən “Nezavisimaya qazeta” qəzetinin müxbiri İrəvanda olub və öz təəssüratlarını qələmə alıb. Musavat.com həmin məqaləni təqdim edir:
“Hava limanından paytaxta gedən avtobusda yağış və şən musiqi ilə qarşılaşdıq. Biz “Yerablur” hərbi qəbiristanlığının yanından keçəndə sərnişinlər gözəçarpan şəkildə susqunlaşdılar, lakin sonradan sanki özlərinə gəldilər. Məzarlıq İkinci Qarabağ müharibəsindən sonra xeyli böyüyüb və özünü “respublika” elan etmiş “Dağlıq Qarabağ”ın ləğvindən sonra ermənilərin dağılmış dünyasnın mənzərəsinin simvoluna çevrilib.
Yolda heç bir narahatlıq əlaməti yox idi, birdən avtobusda bir səs eşidildi: "Bu tıxac nə vaxt bitəcək?" Ermənistana yenicə gəlmiş moskvalı qəzəblənmişdi. “Siz ruslar bizi necə də boğaza yığmısınız! Moskvada avtomobil daha azdır, yoxsa nədir?” – onun yaxınlığında olan irəvanlı qadın cavab verdi. Qısa fasilədən sonra o əlavə etdi: "Bir gün bizdə də o qədər olacaq".
Onun sözlərində qəzəb yox, inciklik var idi, təbii ki, bu, tıxacdan deyil, Dağlıq Qarabağda baş verən hadisələrdən qaynaqlanırdı. Lakin qadın, görünür, həmsöhbətinin bu işlərlə heç bir əlaqəsi olmadığını anlayaraq tez sakitləşdi. Ermənilər insanları və hakimiyyəti bir-birindən necə ayırmağı öz təcrübələrindən yaxşı öyrəniblər.
İrəvan küçələrində tez-tez rus dilində danışıq eşitmək olar. Üstəlik, hətta yerli sakinlər də rus dilində danışırlar. Bununla bağlı heç bir münaqişə yoxdur. Düzdür, bu vəziyyəti iki cür şərh etmək olar. Bir tərəfdən ermənilər, deyəsən, rusları sevirlər, amma digər tərəfdən, bir qayda olaraq, onların yanında qondarma mühacirlər, yəni özləri çox vaxt Rusiya rəhbərliyinə o qədər də yaxşı münasibət bəsləməyən insanlar yaşayır.
Nə olursa, olsun, Ermənistan paytaxtı hələ 2020-ci ildən əvvəlki kiçik Babildir. Burada çoxlu ruslar, hindlilər, ingilislər var... Təbii ki, artıq adı çəkilən mühacirlər diqqəti xüsusilə cəlb edir. Onların sayı çoxdur, amma bir il ərzində onlar erməni cəmiyyətinə tam inteqrasiya oluna bilməyiblər (dili öyrənməyiblər, öz aralarında toplaşırlar). Deyəsən, İrəvan onlara uyğunlaşmağa başlayıb. Ən azı qiymətlər Moskvadakı kimidir, bəzi məhsullar isə ondan da bahadır. Məsələn, pendir iki dəfə, çörək və süd təxminən üçdə bir dəfə bahadır. Lakin ermənilərin maaşları Rusiyadan nəzərəçarpacaq dərəcədə aşağıdır: 2022-ci ildə orta hesabla aylıq maaş 35,7 min dram (təxminən 8,5 min rubl) olub.
Diqqətlə baxıldıqda, bəzi yerlərdə “DQR” bayraqları və ya son hadisələri ehtirasla müzakirə edənləri görmək olar. Amma İrəvan sakinlərinin özləri, deyəsən, baş verən faciənin əlamətlərinə fikir vermirlər. Onlar öz həyatlarını yaşayırlar.
Erməni politoloq Arşaluys Mqdesyan belə izah edir: “Bu, görüntüdür. “Hər kəs narahatdır, amma heç nəyi dəyişdirə bilməyəcəklərini başa düşürlər. Ona görə də indi çoxları hökumətin istefasını tələb etmir, əksinə, qaçqınlara bütün gücləri ilə kömək etməyə çalışırlar”. Eyni zamanda, onun sözlərinə görə, 2020-ci ildə şok daha güclü olub, o vaxtdan dövlət təbliğatı vətəndaşları inandırıb ki, inansalar, qalib gələcəklər... “Noyabrın 9-da barışıq imzalanması çoxlarını qəflətən yaxalamışdı” – ekspert vurğulayır.
2023-cü ilə qədər vəziyyət çox dəyişib, ölkə rəhbərliyi, əksinə, həmvətənlərini acınacaqlı sonluğa hazırlayıb və müxalifət heç nə təklif edə bilməyib. Amma parlamentdə və hökumətdə ehtiraslar yüksək səviyyədədir. Ya Rusiya ilə dalaşırlar, ya da bir-biri ilə. Eyni zamanda bir çox siyasətçilərin masasının üstündə “DQR” bayrağı var. Maraqlıdır ki, media Qarabağda özünü “dövlət” elan etmiş qurumun ləğvi barədə dil boğaza qoymur. Televiziyadakı bütün xəbərlər buna həsr olunub. Onlar qaçqınların qəhrəmancasına keçdiyi sınaqlardan danışır, Rusiya, Avropa İttifaqı, ABŞ və İran xarici işlər nazirliklərinin mövqeyini çatdırırlar. Moskvaya qarşı şikayətlər daha çox olur, çünki xüsusən 2020-ci ildən sonra bir çox ermənilər bütün ümidlərini ona bağlamışdı. BMT missiyasının nümayəndələri və ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Dağlıq Qarabağda baş verənləri “etnik təmizləmə” adlandıra bilməyəcəklərini deyəndə İrəvanda insanlar əsəbiləşiblər, amma çox da yox. Ekspertlər camiəsində daxili və xarici siyasətlə bağlı bütün söhbətlər bir-birinə sıx bağlıdır. Beləliklə, İrəvanın Roma Əsasnaməsini ratifikasiya etməsi erməni politoloqlar tərəfindən Ermənistan vətəndaşları olan Qarabağ ermənilərinə münasibətini dəyişmək üçün Azərbaycana təzyiq cəhdi kimi qiymətləndirilir.
MDB Ölkələri İnstitutunun Ermənistan bölməsinin rəhbəri Aleksandr Markarov deyib ki, o, Moskvanın narahatlığını anlayır, lakin İrəvanın arqumentlərini dinləməyə çağırır. Dağlıq Qarabağın blokadaya alınmasından və ondan sonra baş verən qondarma antiterror əməliyyatından əvvəl Roma Əsasnaməsinə ehtiyac yox idi. Düzdür, o, Beynəlxalq Cinayət Məhkəməsinin Bakıya təsir edə biləcəyinə şübhə edir. “Ermənistan artıq BMT və AİHM-ə müraciət edib, nəticəsi olmayıb. 100 min insan bir anda öz tarixi vətənlərini tərk etdi və onlar hələ də düşünməlidirlər”, - Markarov deyir.
Politoloq Hayk Xalatyan təklif edib ki, Paşinyan Rusiya ilə müttəfiqliyi Qərblə müttəfiqliyə dəyişməyə çalışır, amma nəticədə heç nə qalmayacaq. “Roma Əsasnaməsi ABŞ və Avropa İttifaqına bir siqnaldır. Lakin Qərbin Azərbaycanın hərəkətləri ilə bağlı dediklərinə əsasən, orada heç kim qətiyyətli addım atmaq fikrində deyil. Ən yaxşı halda onlar qaçqınlara humanitar yardım göstərəcəklər”, - Xalatyan bildirib.
Ekspertlər hesab edir ki, Qərb ermənilərin Qarabağdan çıxarılmasını etnik təmizləmə adlandırsa belə, Azərbaycana qarşı sanksiyalar tətbiq edilməyəcək. “Bakı Birləşmiş Ştatlar və Aİ ilə elə əlaqələr qura bilib ki, onlar yalnız narahatlığını ifadə edə bilsinlər”, - Markarov yekunlaşdırıb.
Çevirdi: Araz Altaylı, Musavat.com