Azərbaycan və Ermənistan arasında sülh prosesi davam edir. Ermənistandakı revanşistlər və onların havadarları prosesi pozmağa çalışsalar da, sərhədlərin delimitasiyasına start verilib, həmçinin Qazaxıstanda XİN rəhbərləri səviyyəsində görüş planlaşdırılır.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu mövzu ilə bağlı suallarımızı cavablandırıb. Ölkədaxili digər məsələlərdən də bəhs edən analitik ilk dəfə olaraq parlament seçkiləri ilə bağlı hədəfini də Musavat.com-a açıqlayıb.
- Elxan bəy, 2024-cü ildə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını nə dərəcədə real hesab edirsiniz?
- Sülh və ya çərçivə sazişinin bu il ərzində imzalanması ehtimalı yüksəkdir. Bu sənədin imzalanması üçün ciddi maneə qalmayıb. Sülh sazişinin ana maddəsi iki dövlətin bir-birinin ərazi bütövlüyünü tanımasından ibarət olacaq. Sərhədlərin müəyyənləşməsi prosesi uğurla davam edir, 4 kəndimiz geri qaytarılır. Digər kəndlərimizlə bağlı danışıqlar davam edəcək. Sərhədin tamamını müəyyənləşdirmək zaman alacaq. Sülh və ya çərçivə sazişini imzalamaq üçün sərhədlərin tamamının müəyyənləşdirilməsini gözləməyə ehtiyac yoxdur.
Digər məsələ Zəngəzur dəhlizidir. Bu mövzuda tərəflər arasında fikir ayrılığı ortadan qaldırılmayıb. Buna baxmayaraq, hesab edirəm ki, Zəngəzur dəhlizinin həllində də ortaq nöqtələr tapmaq mümkündür. Bu dəhliz Azərbaycan qədər Ermənistan üçün də əhəmiyyətlidir. Zəngəzur dəhlizi Orta dəhlizin tərkib hissəsi olacaq, Çindən və Mərkəzi Asiyanın yükləri Cənubi Qafqazdan Avropaya daşınacaq. Ermənistan Zəngəzur dəhlizinin fəaliyyətinə şərait yaradarsa, həm böyük layihənin tərkib hissəsi olacaq, həm də gəlirlərini artıra biləcək. Fikrimcə, sərhədlərin müəyyənləşməsi və kəndlərimizin geri qaytarılması reallığını anlayan Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizinin də qısa müddətdə işə düşməsi vacibliyini anlayacaq. Önəmli olan birbaşa danışıqları davam etdirməklə müzakirəni genişləndirməkdir.
- Sizcə, bu prosesə mane olmaq istəyən əsas dövlətlər hansılardır?
- Rusiya Zəngəzur dəhlizinə nəzarət etmək istəyir. Nikol Paşinyan bunun əleyhinədir. Buna baxmayaraq, dəhlizdən gələcəkdə Rusiya da istifadə edə bilər, məhsullarını dəmiryolu ilə Türkiyə və oradan Asiya ölkələrinə nəql edə bilər. Ancaq Rusiyada şovinist qüvvələr də var ki, Zəngəzur dəhlizini türk dünyasının güclənməsi kimi qiymətləndirərək, layihənin əleyhinədirlər. Eyni güclər İran və Fransada da var. Bu iki ölkə Zəngəzur dəhlizinin işə düşməsini öz maraqlarına zidd hesab edirlər. Bu mənada Fransa ilə İranın maraqları üst-üstə düşür, hər ikisi Zəngəzur dəhlizi vasitəsilə Mərkəzi Asiyanın Cənubi Qafqazla birləşməsinin əleyhinədir. Tehranın daha bir qorxusu bundan ibarətdir ki, Zəngəzur dəhlizi reallaşandan sonra bu bölgə Azərbaycanın nəzarətinə keçəcək. Əlbəttə, Qərbi Zəngəzur tarixi torpaqlarımızdır və soydaşlarımızın bu torpaqlara qayıtmaq hüququ var. Ancaq biz reallıqla da hesablaşırıq və Qərbi Zəngəzuru Azərbaycana birləşdirmək fikrimiz yoxdur. Tehran buna inanmır və ona görə dəhlizin əleyhinədir.
- Bəs Zəngəzur dəhlizinin alternativi olan İrandan keçən dəhlizi necə qiymətləndirirsiniz?
- Azərbaycan vaxtilə enerji resurslarının daşınmasını şaxələndirdi və bu, doğru qərar idi. Çünki heç kimdən asılı deyilik. Nəqliyyat yollarının da şaxələndirilməsinə ehtiyac var, Bakı-Tbilisi-Qars dəmiryolu işləyir, bunun üstünə Zəngəzur və şərti adı Araz dəhlizini də əlavə etsək, bu həm Azərbaycan, həm də bölgə ölkələri üçün faydalı gedişat olacaq. Sadəcə, İranda anti-Azərbaycan mərkəzləri fəaliyyətlərinə ara vermirlər, onlar ölkəmizin daxili işlərinə qarışmaq siyasətindən imtina etmirlər. Onlar bu siyasətləri ilə iki ölkə arasında böyük layihənin reallaşmasına da təhlükə yaratmış olurlar.
- Rusiya ilə necə, münasibətlərin tam normallaşdığını söyləmək olarmı?
- Rusiya imperiyası 200 il əvvəl erməniləri Qarabağda məskunlaşdırmaqla bizə tarixi problem yaratdı, sonra onları silahlandırdı. Rusiya imperiyası və keçmiş SSRİ Qarabağda hərbi bazalar yaratmışdı. İndi hər iki problem mövcud deyil. Biz həm separatizmə, həm də Rusiyanın Azərbaycandakı hərbi varlığına son qoyduq. Dövlət başçısı İlham Əliyev və şanlı ordumuz bu iki məsələni məharətlə həll etdi. Müxtəlif maneələrə rəğmən, bu həll yolu Kremli incitmədi. Əlbəttə, bəlkə də Rusiyanın başı Ukraynaya qarışmasaydı və Ermənistanda hakimiyyətdə Nikol Paşinyan deyil, Robert Köçəryan kimi biri olsaydı, hadisələr bir az fərqli cərəyan edərdi, yəni geosiyasi vəziyyət də hədəflərə çatmamızda bizə münbit şərait yaratdı. Rusiya uzun illər separatizmə istinad edərək təsir imkanlarını gücləndirib. Azərbaycan ərazisində separatizmə son qoyulduğuna görə Kremlin ölkəmizə təsir imkanları minimuma endirilib. Başqa sözlə, biz 200 il ərzində mövcud olan iki problemi həll etmişik – separatçıları neytrallaşdırmışıq, Rusiyanın hərbi varlığına son qoymuşuq. Bundan sonra nəzəri baxımdan Azərbaycan-Rusiya münasibətlərində gərginlik yaradacaq amil olmamalıdır. Buna baxmayaraq, Rusiyanın siyasətindən baş açmaq çətindir, 15 il əvvəl kimsə bu dövlətin qardaş adlandırdığı Ukraynaya qarşı işğalçı müharibəyə başlayacağını proqnozlaşdıra bilməzdi. Ancaq bu oldu və eyni kökə malik insanlar bir-birlərini öldürürlər. Ona görə də Rusiyanın siyasətini hər zaman diqqətlə izləməli və Azərbaycanın milli təhlükəsizliyinə uyğun qərarlar verməliyik.
- Elxan bəy, xarici və təhlükəsizlik siyasətindən keçək ölkədaxili mövzuya. Siyasi dairələrdə ən çox maraq doğuran mövzulardan biri Azərbaycanda parlament seçkilərinin nə zaman keçiriləcəyidir. Referendumun keçiriləcəyi barədə də fikirlər var. Siz bu barədə nə düşünürsünüz?
- İki yanaşmanın olduğunu müşahidə edirəm. Bir qrup siyasətçi və ekspert il ərzində əvvəlcə parlament seçkilərinin, digərləri isə referendumun keçiriləcəyini deyirlər. Referendum da əhəmiyyətlidir, çünki fikrimcə, Konstitusiyada dəyişikliklərə ehtiyac var. Həmçinin bələdiyyələrin statusunun artırılmasına ehtiyac var, yerlərdə seçkili orqanlar icra strukturlarından daha faydalı ola bilər. Bundan başqa, parlament seçkilərində proporsional sistemin qaytarılması barədə fikirlər var. Digər tərəfdən, Milli Məclisin tərkibi 125 nəfər müəyyənləşəndə Azərbaycanın əhalisi təxminən 7 milyon idi, indi isə 10 milyon nəfərdir. Demək, millət vəkillərinin sayının artırılması barədə düşünülməlidir.
- Siz özünüz necə, parlament seçkilərində iştirak etmək niyyətindəsinizmi?
- Keçmiş illərdə bu barədə düşünmürdüm. Uzun illər jurnalist və köşə yazarı kimi fəaliyyət göstərmişəm, təxminən 25 ildir analitik fəaliyyətlə məşğulam, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri olaraq bülletenlər hazırlayır və mediada yayımlayırıq. Hadisələri izləmək və bunların əsasında analizlər hazırlamaqdan, fikirlərimi ictimaiyyətə çatdırmaqdan zövq alıram. Eyni zamanda bu dəfə parlament seçkilərində öz gücümü sınamaq barədə düşünürəm. Ətrafımdakı insanlar da bu qərarla bağlı mənə dəstək verdiklərini bildirirlər. Əslimiz Şuşanın, hazırda isə Xocalının Malıbəyli kəndindən olsa da, babam sonrakı illərdə Ağdama köçüb, atam, əmilərim, bibilərim bu şəhərdə doğulublar, özümün də uşaqlıq illərimin bir hissəsi Ağdamda keçib. Ona görə əgər namizədliyimi irəli sürməyə qərar versəm, böyük ehtimalla doğma Ağdamı seçəcəm. Ağdam qəhrəman şəhərdir, Birinci Qarabağ müharibəsindəki döyüşlərdə ən çox itki verən bölgələrimizdəndir. Ağdam yenidən qurulur və Qarabağın ən böyük şəhərlərindən birinə çevriləcək. Bu işlərdə mən də əlimi daşın altına qoymaq istəyirəm. Namizədliyimi irəli sürsəm, öncə Ağdamın şəhid ailələri və qazilərin nümayəndələri ilə görüşəcəyəm, onların fikir və təkliflərini öyrənəcəyəm. Çünki ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etmişiksə, dövlət başçısına, şanlı ordumuza və döyüşlərdə şəhid və qazi olanlara borcluyuq.
Elşad Paşasoy,
Musavat.com