Parka gəzməyə gedirmişlər... - Bir ailənin faciəvi sonu - VİDEO

Dünən Astarada gənc ailənin üzvlərinin hamısının ölümü ilə nəticələnən dəhşətli yol qəzasının təfərrüatı məlum olub.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, qəzaya düşən "BMW" markalı avtomobilin 31 yaşlı sürücüsü Mirzəmməd Əliyev dünən həyat yoldaşı və 3 yaşlı övladı ilə birgə Bakıdan Astaraya gedibmiş.

Paytaxtda çalışan gənc Şiyəkəran kəndində yaxınlarını gördükdən sonra həyat yoldaşı və qızı Gülxanımla birgə Astara şəhərinə parka gəzintiyə çıxmaq qərarına gəlib. O, kənddən çıxaraq Ələt-Astara-İran sərhəd avtomobil yolunun 201-ci kilometrliyində hərəkətdə olarkən avtomobil Rusiyaya məxsus TIR-a çırpılıb. Nəticədə BMW markalı 99-SZ-632 dövlət qeydiyyat nömrə nişanlı avtomobil alovlanıb və maşında çıxılmaz vəziyyətdə qalan 3 nəfər orada yanaraq ölüblər.

Hadisə zamanı ətrafdakı şəxslər müxtəlif vasitələrlə yaralıları maşından çıxarmaq və yanğını söndürmək istəsələr də, mümkün olmayıb.

Qəza nəticəsində sürücü və onun həyat yoldaşı, Cəlilabad rayon sakini 22 yaşlı Fərqanə İlham qızı Əliyeva, eləcə də onların 3 yaşlı uşaqları Gülxanım Mirzəmməd qızı Əliyeva vəfat ediblər.

İlkin ehtimala görə, qəzaya sürücünün yuxulu olması və sürət həddini düzgün seçməməsi səbəb olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

02.04.2024 12:50
1486