Pambıq yığımında kəskin azalma - naməlum xəstəlik, yağış...

Əfras Əsgərov: “Yalnız bu il üçün dövlət pambıqçılara dəstəyini 10 qəpik artırsa, fermerlər zərərdən çıxar”

Azərbaycanda pambıq yığımında ciddi azalma var. Dövlət Statistika Komitəsinin hesablamalarına əsasən, bu il noyabrın 1-dək 72,1 min hektar sahədən 168,9 min ton (15,1 faiz az) pambıq yığılıb. Hər hektardan orta məhsuldarlıq 23,4 sentner təşkil edib. Ötən ilin eyni dövründə 80 min ha sahədən 199 min ton pambıq yığılıb, orta məhsuldarlıq 24,9 sentner olub. Bu isə o deməkdir ki, cari ildə ötən ilkindən 8,9 faiz az sahədən məhsul toplanıb.

Qeyd edək ki, bu il ölkə üzrə 94,2 min hektar sahədə pambıq əkilmişdi. Ötən il isə əkin sahələri 100,4 min hektar idi. Əkin sahələrinin azalmasına rəğmən məhsuldarlığın artırılması hesabına pambıq istehsalının ötən ilkindən daha yüksək olacağı proqnozlaşdırılırdı. Lakin proqnozlar özünü doğrultmadı. Bunun səbəblərini açıqlayan Sabirabadlı fermer Əfras Əsgərovun “Yeni Müsavat”a dediyinə görə, burada iki amil mühüm rol oynayıb: “Birinci amil avqust ayında pambığı naməlum xəstəliyin vurmasıdır. Mən 30 ildir pambıq əkirəm, bu xəstəliyi ilk dəfədir müşahidə edirəm. Avqustun 23-də sahələrimi bir-bir gəzmişəm, hər hansı xəstəlik görməmişəm, nə olubsa ondan sonra olub. Bu xəstəlik məhsuldarlığı 1-2 sentner aşağı saldı. Daha bir səbəb sentyabrda yağan davamlı yağışlar oldu. Yağışlar məhsuldarlığın daha 3-4 sentner düşməsinə gətirib çıxarıb. Bu iki amil üzündən bu il məhsuldarlıq hər hektardan 6 sentner aşağıdır. Deyim ki, bu, çox böyük itkidir. Mən məsələn, avqustun 23-də desəydilər, 500 ton məhsulun pulunu götür, sahədən çıx, razılaşmazdım, çünki daha yüksək məhsuldarlıq gözləyirdim. İndi amma 400 tona çata bilsəm, sevinərəm”.

Fermer deyir ki, nə xəstəlik, nə də yağışların vurduğu zərər aqrar sığorta hadisəsi deyil: “Aqrar sığorta sel, daşqın kimi fəlakətlərdən sığortalayır. Xəstəlik, sel olmadan yağşların vurduğu zərər qarşılanmır, dünyanın heç bir yerində qarşılanmır. Xəstəliklə bağlı günah bizim özümüzdədir - dövlət qurumları, aqronomlar, pambıqçıların özləri o xəstəliyi görməliydik”.

Sahibkar: "Aqrar sahənin geriləməsinin əsas səbabkarı Seymur Mövlayevdir" »  Qlobal.Az

Ə.Əsgərovun sözlərinə görə, problem ən çox az sahədə pambıq əkənlərə zərər vurur: “Mənim kimi çox əkənlər birtəhər vəziyyətdən çıxırıq. Amma 4-5, 2-3 hektar əkənlərin çoxu zavodlara borclu qalır. Biz pambıqçılar bu vəziyyətdə dövlətdən dəstək gözləyirik. Əlbəttə, anlayırıq ki, dövlətin azad olunan ərazilərin bərpası kimi böyük yükü var. Amma fermerləri də zərərdə qoymaq olmaz. Dövlət pambığın hər kiloqramına görə 19 qəpik subsidiya verir. Mümkün olarsa, fermerlərin zərərə düşməməsi üçün yalnız bu il üçün subsidiya həcmini 10 qəpik artırsınlar. Ümumi istehsal həcmini nəzərə alsaq, bu, dövlət üçün 2-2,5 milyon manat xərc yaradacaq, amma minlərlə fermeri zərərdən çıxaracaq”.

Müsahibimiz qeyd edir ki, 2016-cı ildən bəri pambıqçılıq gəlirli sahəyə çevrilib: “Əvvəllər pambığı zorla əkdirirdilərsə, indi camaatı saxlamaq olmur, hamı pambıq əkmək istəyir. Zavodlar toxumu verir, becərmə xərcini ödəyir, texnika verir, dəyərini axırda məhsulun pulundan çıxır. İstehsalçı məhsulu verir, qazancını cibinə qoyub gedir evinə. Məhsuldarlıq da artırdı: Türkiyədə orta məhsuldarlıq 40-45 sentnerdir, biz yaxın 3-4 ildə bu həddə çatmağı gözləyirik. Pambıqçılar yaxşı qazanırlar, bu illər ərzində pambıqla varlanıb iş adamı olanlar o qədərdir ki... Bu gün pambıqçılıqda  400 minə yaxın insan qazanc əldə edir, yüksək əmək tutumlu sahədir. Buna görə də dövlətin də marağındadır ki, pambıqçılıq inkişaf etsin. Digər tərəfdən, pambıq taxılla növbəli əkilir, onu ləğv etsək, taxılçılıqda da məhsuldarlıq kəskin düşər aşağı”.

Ə.Əsgərovun verdiyi məlumata görə, hazırda da pambıq yığımı davam edir: “Hər hektardan orta hesabla 25-26 sentner olacaq. Ümumilikdə ölkə üzrə 240-250 min ton məhsul əldə edə bilərik”.

Qeyd edək ki, müstəqillik illərində kəskin azalan pambıq istehsalına diqqət 2015-ci ildə neft qiymətlərinin kəskin düşməsi nəticəsində gəlirlərin azalmasından sonra yetirilməyə başlanıb. 2016-cı ildən etibarən toplanan pambığa görə dövlət tərəfindən dəstək ödənişi təyin edilib. 2016-cı ildə 89 min 442 ton olan pambıq istehsalı 2017-ci ildə 207 min 525 tona, 2018-ci ildə 233 min 592 tona, 2019-cu ildə 295 min 279 tona, 2020-ci ildə 336 min tona  çatdırılıb. Pambıq əkinlərinin sahəsi qeyd olunan illərdə 51,4 min ha, 136,4 min ha,  132,5 min ha, 100,1 min ha təşkil edib. Bu zaman orta məhsuldarlıq 2016-cı ildə 17,3 sentnerdən 2017-ci ildə 15,3 sentnerə düşsə də, 2018-ci il ildən artmağa başlayaraq 2020-ci ildə 33,6 sentnerə çatıb. Göründüyü kimi, məhsuldarlığın artırılması istiqamətində nəzərəçarpacaq irəliləyiş vardı: 2017-ci illə müqayisədə 2020-ci ildə əkin sahələri 36 min ha azalsa da, istehsal həcmində 72 faizə yaxın artıma nail olunmuşdu.

2017-ci ildə təsdiqlənən “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nın 6.3-cü bəndində sənədin icrası nəticəsində 2022-ci ildə xam pambıq istehsalının 500 min tona çatdırılması hədəflənirdi. Lakin 2021-ci ildə istehsal 287 min 41 tona, məhsuldarlıq isə 28,5 sentnerə düşüb. Rəsmilər istehsaldakı azalmanın iqlim şərtlərindən qaynaqlandığını bildiriblər. Belə ki, 2021-ci ildə ölkədə quraqlıq və yağıntıların qeyri-bərabər paylanması nəticəsində pambıq sahələrinin vaxtında suvarılmasını təmin etmək mümkün olmayıb. Xüsusilə pambıq istehsalında öndə gedən rayonlarda suvarmanın müasir metodlarından istifadə olunmaması, sentyabrda - yığım ərəfəsində güclü yağışların yağması məhsuldarlığı kəskin azağı salıb.

Azərbaycanda 2022-ci ildə pambıq əkinləri artırılaraq 104,3 min hektara çatdırılıb. Dövlətin hər 1 ton məhsula görə verdiyi subsidiya 100 manatdan 170 manata qaldırılıb. Eyni zamanda ötən il yığım ərəfəsində xam pambığın alış qiyməti iki dəfə 50 manat, ümumulikdə 100 manat artırılıb. Nəticədə  emal müəssisələri  istehsalçılara xam pambığın birinci növü üçün 1 tona 800 manat, 2-ci növ üçün 780 manat, 3-cü növ üçün 740 manat, 4-cü növ üçün 700 manat ödəyiblər. Kənd Təsərrüfatı Nazirliyinin hesablamalarına əsasən xam pambığın alış qiymətinin hər tona görə əlavə 100 manat qaldırılması 2022-ci ildə pambıq istehsalı ilə məşğul olan fermerlərin 30 milyon manata yaxın əlavə gəlir əldə etməsinə imkan verəcəkdi. Bu isə o deməkdir ki, ötən il pambıq istehsalı həcminə dair gözləntilər 300 min ton civarında idi. Rəsmi statistikadan aydın olur ki, 2022-ci ildə faktiki istehsal 321,8 min ton (2021-ci ildəkindən 12,1 faiz çox) təşkil edib.

Yuxarıda da qeyd etdik ki, pambıq ixracyönümlü məhsul olduğuna görə dövlət onun istehsalını subsidiyalaşdırır, ixracı isə stimullaşdırılır. Rəsmi statistikadan aydın olur ki, 2020-ci ildə Azərbaycandan xaricə133 milyon 260,32 min dollarlıq 100 min 466,82 ton, 2021-ci ildə 210 milyon 919,04 min dollarlıq 126 min 997,96 ton, 2022-ci ildə isə 174,5 milyon dollar dəyərində 77,6 min ton  pambıq lifi ixrac olunub. Pambıqdan hazır məhsul istehsalı zəncirində ikinci həlqə olan pambıq iplik ixracı isə 2020-ci ildə 18 milyon 951.27 min dollar dəyərlə 9 040.91 ton, 2021-ci ildə 58 milyon 115.09 min dollar dəyərlə 18 429.01 ton 2022-ci ildə isə 33,1 milyon dollar dəyərlə 8,6 min ton təşkil edib. Göründüyü kimi, 2022-ci ildə pambıq lifi ixracında illik azalma həcm ifadəsində 39 faiz, dəyər ifadəsində isə 17,3 faiz, pambıq iplik ixracında isə müvafiq olaraq 54 faiz və 43 faiz olub.

Pambıq lifi və iplik ixracındakı azalma bu il də davam edir. Belə ki, cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan 98 milyon 461 min ABŞ dolları dəyərində 54 min 634 ton pambıq lifi, 27 milyon 708 min dollar dəyərində 9 min 755 ton pambıq iplik ixrac edilib. Ötən ilin eyni dövründə pambıq lifi ixracı 153 milyon 834 min dollar dəyərlə 66 min 112 ton, pambıq iplik ixracı isə 30 milyon dollar dəyərlə  7,5 min ton təşkil etmişdi. Dövlət Gömrük Komitəsinin məlumatı əsasında apardığımız hesablamaya əsasən, pambıq lifi ixracı illik müqayisədə dəyər ifadəsində 36 faiz, çəki ifadəsində isə 17,4 faiz, pambıq iplik ixracı dəyər baxımından 7,6 faiz azalıb, çəki baxımından isə  30,6 faiz artıb.

Bu rəqəmlər göstərir ki, qlobal bazarlardakı qiymət azalması Azərbaycanın pambıq ixracından gəlirlərini kəskin azaldıb.  Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin məlumatına görə, dünya üzrə pambıq balansına əsasən, 2023/24-cü məhsul ilində pambıq istehsalının 2022/23-cü məhsul ili ilə müqayisədə 2.8 faiz azalaraq 24.7 milyon ton olacağı proqnozlaşdırılır.

Dünya SAKİT,
“Yeni Müsavat”

23.11.2023 08:00
1485