Palıd meşəsində yandıran və donduran sular, möcüzəli çeşmələr və...- fotolar, video  

 

Azərbaycanın hər yeri gözəldir. Səfalı təbiəti, meşələri, dağları, çayları, göz yaşı kimi saf suları ilə zəngin olan ölkəmizin bir çox guşələri çox təəssüf ki, təkcə ölkəmizə təşrif buyuran turistlərin deyil, həmçinin yerli əhalinin də kifayət qədər tanımadığı ünvanlardandır.

Bu yaxınlarda Musavat.com-un əməkdaşı cənub mirvarisi Lənkəranda olarkən sorağını eşitdiyi ünvanlardan birində - Haftonu kəndinin ərazisində yerləşən “İbadi istisu” bulaqlarında olub, çəkilişlər aparıb.

Lənkəran şəhər mərkəzindən təqribən 15 km-likdə yerləşən, Talış dağlarının ətəyində yerləşən İbadi istisu bulaqlarına getmək elə də asan deyil. Bunun üçün Hirkan qoruğunun içərisi ilə, torpaq yolla ünvana çatdıra biləcək avtomobil kirayələmək, yaxud da ərazidəki çətinlikləri dəf edə biləcək şəxsi avtomobillə hərəkət etmək lazımdır. Amma palıd ağaclarının arası ilə irəlilədikcə bura təşrif buyuran hər kəs sehirli aləmə düşdüyünü zənn edir. Yüksəkliklərə qalxdıqca Lənkəran şəhəri və Xəzər dənizi ovuc içindəki kimi görünür. Təqribən yarım saatlıq yolçuluqdan sonra İbadi bulağına yetişirik. Bazar günü olduğundan buraya təşrif buyuranların sayı çoxdur. Odur ki, bulaqların üzərində tikilmiş hovuzlarda dincəlmək, müalicə almaq istəyənlərin növbəsi yaranıb. Bələdçimiz deyir ki, bulaqların ən hərarətlisi 45 dərəcə selsidir. Yerin təkindən çıxan qaynar çeşmələrin üzərində tikilmiş evlərin fərqli xüsusiyyətləri var və ürək xəstələri, təzyiqdən əziyyət çəkənlər, digər bir sıra yanaşı xəstəlikləri olanlara məsləhət görülmür. Elmi araşdırmalar nəticəsində məlum olub ki, şəfalı suyun tərkibində bir çox xəstəliklərin, o cümlədən revmatizm, qan-damar, oynaq, duz, yel xəstəliklərinin, dəri səpkilərinin müalicəsi üçün lazım olan elementlər var. Rəvayətə görə, ağır xəstəliyə tutulmuş İbadulla adlı şəxs vaxtilə bu məkanda müalicə alıb və şəfalı suyun sehri  o vaxtdan dillərə dastan olub. Məhz buna görə də bulaq kompleksi ilk şəfa tapan insanın adı ilə İbadi istisu adlandırılıb. Tikililərdəki hovuzlarda ilk günlərdə 10-15 dəqiqədən artıq qalmaq məsləhət görülmür. Ödəniş çox deyil, 5 manata yarım saatadək istirahət edə, müalicə ala bilərsiniz. Bura müalicəyə gələnlər arasında rus millətindən olanlar da üstünlük təşkil edir. Onlar Azərbaycan vətəndaşı olduqlarını, amma bu şəfa bulaqlarına mütəmadi şəkildə gəldiklərini deyirlər. Yaşı 75-i adlamış nənə isə müalicə kursundan sonra nəvəsinin köməyi olmadan sərbəst şəkildə pillələrlə yuxarı qalxmağa başlayır, kimsə “gələndə güclə yeriyirdi”, deyə məmnunluqla gülümsəyir. Ümumiyyətlə, möcüzədir bu bulaqlar. İnsafən, səliqə-sahman, təmizlik də qorunur, ziyarətçilərə mehriban münasibət var. Gəlmişkən, vanna qəbul etmək istəyirik. Amma ilk dəfə olduğundan Məlikməmmədin nağılında olduğu kimi “yandım” deməkdən özümüzü güclə saxlayırıq. Əslində bələdçimiz xəbərdar etmişdi, ilk dəfə yüksək temperaturlu hovuza girmək düzgün deyil. Sadəcə digər otaqların qarşısında növbə var idi deyə, riskə getdik...

Möcüzəyə baxın, qaynar bulaqların aşağı hissəsində isə digər şəfa bulağı var, bu bulağa kükürdlü bulaq, yaxud mədə bulağı deyirlər. Daşın ortasından, həm də nəhəng gövdəli ağacın kökləri arasından qaynayan bumbuz bulağın suyu mədə ağrılarının, səpkilərinin, mədə-bağırsaq sisteminin müalicəsi üçün əvəzsiz sayılır, amma qaydalara əməl etmək şərtilə. Sudan yarım stəkan içirik, kükürd tamı verir, amma hər hansı ağırlıq yaratmır, əksinə...  

İbadi bulağında müxtəlif ədviyyatlar, dərman bitkiləri, Lənkəran limonu, Lerik kəklikotusu, Lerik balı və digər məhsullar da satılır. Bal 20 manata, dərman bitkiləri, cökə, kəklikotu və digər can dərmanları isə cəmi 1 manata. Hə, bir də kəklikotulu samovar çayının çayniki 3 manata. Kəsəsi, istirahət etməli möhtəşəm ünvandır, təbiət özü müalicə edir, üstəlik, şəfa bulaqları. Həm də telefon zənglərindən qulağın sakit olur, rahat dincəlirsən, çünki bu məkanda telefon rabitəsi işləmir...

Elşad Paşasoy,
Musavat.com
Bakı-Lənkəran-Bakı

 

02.09.2024 16:10
891