Pakistanda dəhşətli terror: mədən işçiləri qətliama məruz qalıb

Cümə günü Pakistanın cənub-qərbində kömür şaxtasına basqın edən onlarla terrorçu azı 21 nəfəri öldürüb. Onlardan bəzilərini yatdıqları vaxt, bəzilərini isə sıraya düzərək güllələyiblər.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, həyata keçirilən hücum Əfqanıstan və İranla həmsərhəd olan, minerallarla zəngin Bəlucistan əyalətində baş verib.

Region polisinin sözçüsü Asif Şəfi bildirib ki, silahlı terrorçular mədən ərazisində təxminən bir saat yarım qalıblar: “Onlar şaxtalara və mədənçilərin yaşayış məntəqələrinə raketlər və qumbaralar atıblar”.

Bölgə hökumətinin yüksək rütbəli rəsmisi Kalimullah Kakar bildirib ki, hücum edənlər hadisə yerindəki avadanlıqları da yandırıblar. Onun sözlərinə görə, daha 7 nəfər yaralanıb.

Hələlik heç kim “Junaid Coal Co” şirkətinin Duki ərazisindəki kiçik mədənlərinə hücumun məsuliyyətini üzərinə götürməyib. Ölənlər arasında 4 Əfqanıstan vətəndaşı da var.

Polisin bildirdiyinə görə, Dukidə iş yerləri və mağazalar bağlanıb və yüzlərlə insan ölənlərin cəsədləri ilə birlikdə etiraz aksiyası keçirərək, hücum edənlərin cəzalandırılmasını tələb edib.

“Biz bir müddətdir ki, yaraqlılardan təhdidlər alırıq, lakin hücum barədə heç bir məlumat yoxdur”, -mədən sahibi Xeyrulla Nazar deyib.

“Röyter” qeyd edir ki, Pakistanın ən yoxsul əyaləti olan Bəlucistanda separatçı qrupların onilliklər boyu davam edən üsyanı regionun zəngin mineral ehtiyatlarından pay əldə etmək üçün hökumətə, orduya və Çinin bölgədəki maraqlarına tez-tez hücumlara səbəb olur. Bir neçə hücumun qurbanları kiçik özəl mədənlərdə işləyən miqrant işçilər olub.

Əyalət qubernatoru Cəfər Xan Mandoxel mətbuat konfransında separatçı yaraqlı qruplara toxunaraq deyib: "Bir tərəfdən müstəqilliyiniz və hüquqlarınızdan danışırzınız, digər tərəfdən isə günahsız işçiləri öldürürsünüz".

Baş nazir Şahbaz Şərif açıqlamasında deyib ki, hökumət terrorizmin bütün növlərinin kökünü kəsməkdə qərarlıdır.

Musavat.com

12.10.2024 12:13
306