İqlim dəyişikliyi dünyada əsas kənd təsərrüfatı məhsullarının istehsalını məhdudlaşdırıb; Azərbaycanın da vaxtı daralır...
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesablamalarına əsasən iyun ayında dünya ərzaq qiymətlərinin məcmu göstəricisi sabit qalıb. Buna taxılın qiymətindəki azalmanın bitki yağı, şəkər və süd məhsullarının bahalaşmasını kompensasiya etməsi səbəb olub.
2024-cü ilin iyun ayında FAO-nun Ərzaq Qiymətləri İndeksi (FPPI) orta hesabla 120,6 bənd olmaqla may ayı ilə müqayisədə dəyişməyib. Hətta üç aylıq artımdan sonra stabilləşmə olsa belə, FPPI əvvəlki illə müqayisədə hələ də 2,1 faiz aşağıdır.
İyunda taxılın qiyməti indeksi 115,2 bənd təşkil edib ki, bu da may ayından 3,5 bənd (3 faiz), 2023-cü ilin iyun ayından isə 11,4 bənd (9 faiz) aşağıdır. Azalmaya ABŞ-da qarğıdalı sahələrinin artması və Şimal yarımkürəsində məhsul yığımı kampaniyası ilə bağlı mövsümi dalğalanmalar səbəb olub. Qazaxıstan və Ukrayna da daxil olmaqla, bir sıra ixracatçı ölkələrdə məhsul perspektivlərinin yaxşılaşdırılması, həmçinin Türkiyənin müvəqqəti idxal qadağası qiymət təzyiqini yumşaldır.
Bitki yağının qiymət indeksi 4 bənd artaraq 131,8 bənd təşkil edib ki, bu da 2023-cü ilin martından bəri ən yüksək səviyyədir. Palma, soya və günəbaxan yağı üçün kotirovkaların artması Amerika qitəsində bioyanacaq sektorunun tələbi və Qara dəniz regionunda ixrac təklifinin azalması ilə əlaqədardır.
Südün qiymət indeksi may ayı ilə müqayisədə 1,5 bənd artaraq 127,8 bənd təşkil edib və ötən ilin iyun ayı ilə müqayisədə 7,9 bənd (6,6 faiz) yüksək olub. Kərə yağı qiymətləri artan qlobal tələb, Qərbi Avropada tədarükün mövsümi azalması və Okeaniyada ehtiyatların azalması səbəbindən son iki ilin ən yüksək səviyyəsinə qalxıb. Yağsız süd və qurudulmuş südün də qiymətləri artıb.
Şəkərin qiymət indeksi üç aylıq enişdən sonra 2,3 bənd artaraq 119,4 bənd təşkil edib. Bahalaşmaya Braziliyada may ayında gözləniləndən daha aşağı məhsul yığılması səbəb olub. Qiymətlər, həmçinin Hindistanın musson dövrü ilə bağlı pozğunluqlar və AB məhsul perspektivlərinə aşağıya doğru düzəlişlər etməklə artırılıb və bu, dollara nisbətdə realın zəifləməsi ilə qismən kompensasiya edilib.
Bununla yanaşı, ətin qiymət indeksi may ayı səviyyəsindən faktiki olaraq dəyişməyərək 116,9 bənd təşkil edib və ötən illə müqayisədə 2,1 bənd (1,8 faiz) aşağı olub. FAO-nun məlumatına görə, quş ətinin dünya bazarında ucuzlaşması quzu, donuz və mal ətinin bahalaşması ilə kompensasiya edilib. Əhəmiyyətli ixrac tədarükünə baxmayaraq, yüksək idxal tələbinin davam etməsi səbəbindən mal ətinin qiymətləri artıb. FAO qeyd edir ki, mal ətinin qiymətləri ümumilikdə sabit qalıb, donuz ətinin qiymətləri isə yüksək idxal tələbinin təsiri altında artıb.
Azərbaycanda 2024-cü ilin iyun ayında istehlak qiymətləri indeksi 2023-cü ilin iyun ayına nisbətən 1,1 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları 0,2 faiz, qeyri-qida məhsulları 1,0 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər 2,4 faiz təşkil edib. 2024-cü ilin iyun ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,01 faiz azalıb, yanvar-iyun aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,7 faiz artıb.
Cari ilin iyun ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox ucuzlaşma qarabaşaq yarmasının, təzə balığın, pasterizə olunmamış üzlü südün, günəbaxan və qarğıdalı yağlarının, bananın, gilasın, alçanın, əriyin, pomidorun, xiyarın, şirin bibərin, badımcanın, göy lobyanın, süfrə çuğundurunun, yerkökünün, sarımsağın, baş soğanın, kartofun, bahalaşma isə əsasən unun, makaronun, mal və qoyun ətinin, yumurtanın, zeytun yağının, limonun, almanın, çiyələyin, kivinin, ağ kələmin, göyərtinin qiymətlərində müşahidə olunub.
Məlumdur ki, ərzaq təminatı aqrar sektorun hesabına həyata keçirilir. Kənd təsərrüfatı, xüsusilə inkişaf etməkdə olan ölkələrdə dünya iqtisadiyyatının əsas tərkib hissəsidir. Bu, bütün dünyada əsas qida, gəlir və məşğulluq mənbəyidir. Kənd təsərrüfatı istehsalında əhəmiyyətli artım olmayan və ərzaq idxalından asılı olan dövlət irəliləyişə nail ola bilmirlər - məhz buna görə də kənd təsərrüfatının qlobal iqtisadi artıma töhfəsi son bir neçə ildə əhəmiyyətli dərəcədə artıb.
Dünyanın dörd aparıcı qida istehsalçısı - Çin, Hindistan, ABŞ və Braziliya - böyük əhalinin, geniş ərazilərin və məhsul istehsalı üçün əlverişli iqlimin üstünlüklərini bölüşür. Digər bir çox məhsullar üzrə olduğunu kimi, aqrar istehsalda da birinci olan Çin dünya əkin sahələrinin 7 faizinə sahibdir, dünya əhalisinin 22 faizini ərzaqla təmin edir. Çin dünyanın ən böyük quş əti, yumurta, meyvə, tərəvəz, taxıl və pambıq istehsalçısıdır. Bununla belə, üç əsas məhsul - buğda, düyü və qarğıdalı - Çinin ümumi ərzaq istehsalının 90 faizdən çoxunu təşkil edir. Çin ildə 500 milyon ton tərəvəz istehsal edir ki, bu da qlobal istehsalın 50 faizini təşkil edir.
İkinci böyük kənd təsərrüfatı istehsalına malik olan Amerika Birləşmiş Ştatları kənd təsərrüfatı tədqiqatları ilə tanınır və eyni zamanda dünyanın ən qabaqcıl kənd təsərrüfatı texnologiyalarına malikdir. ABŞ elmi əsaslara, qabaqcıl texnikaya və məhsul analizinə əsaslanan kənd təsərrüfatı məhsullarının istehsalı üzrə dünya liderlərindən biridir. ABŞ-ın əkin sahəsinin 90 faizini qarğıdalı, soya, buğda, pambıq və çəmənliklər tutur - bütün bu bitkilər qida və heyvan yemi üçün becərilir. ABŞ-da kənd təsərrüfatı istehsalı 1990-cı ildən bəri 5 faiz artıb.
Dünyanın ən böyük qəhvə istehsalçısı olan Braziliya kənd təsərrüfatının həcminə görə üçüncü yerdədir. Kənd təsərrüfatı Braziliyanın ümumi ərazisinin 42 faizini tutur. Əsas kənd təsərrüfatı məhsullarına qəhvə, şəkər, soya, manyok, düyü, qarğıdalı, pambıq, yeməli lobya və buğda daxildir. Braziliya həm də dünyanın ən böyük taxıl, soya, qarğıdalı, banan və şokolad istehsalçısıdır. Ölkə ərazisinin 7 faizini soya tutur. Son iki onillikdə Braziliyanın kənd təsərrüfatı ÜDM-in 25 faizini təmin edib.
Kənd təsərrüfatı istehsalının həcminə görə dünya dördüncüsü olan Hindistanın bağçılıq və heyvandarlığın daxil olduğu ümumi kənd təsərrüfatı ÜDM-i qlobal kənd təsərrüfatı məhsulunun 60 faizini təşkil edir. Dünyada pambıq, düyü, buğda, fıstıq, şəkər qamışı, meyvə, tərəvəz və şəkər istehsalına görə ikinci yerdədir. Hindistanlılar gəlirlərinin təxminən 58 faizini kənd təsərrüfatından alırlar. Son statistik məlumatlara görə, əhalinin təxminən yarısı gəliri ilk növbədə kənd təsərrüfatı məhsullarından alır. Bundan əlavə, kənd təsərrüfatının Hindistanın ÜDM-ə töhfəsi 2020-21-ci illərdə 19,9 faizə yüksəlib.
Dünya kənd təsərrüfatı istehsalında 5-ci yerdə Rusiya gəlir. Rusiya dünyadakı bütün əkin sahələrinin təxminən 10 faizinə sahibdir. 2000-ci illərdən etibarən Rusiya kənd təsərrüfatı ölkə iqtisadiyyatının ən fəal və uğurla inkişaf edən sahələrindən biri olub.
Qlobal kənd təsərrüfatı istehsalı baxımından qardaş Türkiyə 10-cu yerdədir. Bu ölkə geniş çeşiddə kənd təsərrüfatı bitkilərinin, o cümlədən fındıq, şabalıd, ərik, alça, əncir, zeytun, tütün və çayın ixracında da yüksək mövqeyə malikdir. Kənd təsərrüfatı Türkiyənin əsas sənayesidir, ölkə iqtisadiyyatının 8 faizini təşkil edir və işçilərin 25 faizini işlədir. Dövlət tərəfindən dəstəklənən kənd təsərrüfatının əsas sahələri buğda, arpa, qarğıdalı, şəkər çuğunduru, kartof, pomidor, üzüm, alma, qarpız və süd istehsalıdır. Türkiyədə ən çox yayılmış kənd təsərrüfatı məhsulları arasında ərik, albalı, fındıq, əncir, heyva və xaşxaş da var. Dağlıq ərazilərdə quşçuluq mühüm sahədir. Dünya kənd təsərrüfatı məhsullarının 25 faizini Türkiyə istehsal edir; Ölkədə ən populyar taxıl bitkisi buğdadır.
Bütün dünya əhalisinin özünü qidalandırmaq məcburiyyətində olmasına baxmayaraq, kənd təsərrüfatı istehsalı qeyri-mütənasib olaraq ən böyük ölkələrdə və əkinçilik rayonlarının ən əlverişli iqlimə malik olduğu ərazilərdə cəmləşib. Kənd təsərrüfatı məhsullarının qlobal ticarəti getdikcə genişlənsə də, bu istehsalın böyük hissəsi hələ də istehsalçı ölkələrdə istehlak olunur, buna görə də əhalinin sayı heç də az əhəmiyyət kəsb etmir.
Qlobal iqlim dəyişikliyi dünyada əsas kənd təsərrüfatı məhsullarının istehsalı imkanlarını sürətlə məhdudlaşdırır. Bu, ölkələri az sahədən daha çox məhsul götürmək üçün müxtəlif üsullara əl atmağa vadar edir. Bu sahədə genetik dəyişikliklərə qədər gedən ölkələr yüksək məhsuldarlığa nail olurlar. Lakin belə üsullarla əldə olunan məhsulların onunla qidalanan canlılara, o cümlədən insanlara mənfi təsirləri getdikcə artır. Bu, dünyanı düşündürən əsas problemlərdən birinə çevrilməkdədir.
Azərbaycan əksər əsas ərzaqlarla özünü tam təmin etmək gücündə olmayan ölkələrdəndir. Bu isə getdikcə azalan qida istehsalı fonunda ölkəmiz üçün çox ciddi çağırışlar formalaşdırır. Hələlik Azərbaycan bu çağırışlara effektiv cavab mexanizmlərinə nail ola bilməyib. Ölkəmizin həm də qlobal iqlim dəyişikliyinə ən çox məruz qalan ölkələrdən biri olduğunu nəzərə alsaq, ərzaq təminatında təhlükəsizliyə nail olmaq üçün elə də çox vaxtımızın qaldığını söyləyə bilmərik.
Dünya SAKİT,
“Yeni Müsavat”