Özünü ölü göstərən Rafət belə deşifrə olunubmuş

Sabirabadın Bulduq kəndi ərazisində maşında yanmış sümüklərinin tapıldığı deyilən, amma 6 ay sonra Bakıda sağ-salamat tutulan iş adamı Rafət Qəniyevin necə ələ keçməsi məlum olub.

“Qafqazinfo” xəbər verir ki, hamı tərəfindən öldüyü düşünülən şəxs kiçik oğlu üçün darıxdığından gizli şəkildə ona zəng edərək səsini dinləyirmiş.

İş adamı ifadəsində bildirib ki, Bakıda gizlincə kirayədə qalarkən başqa mobil nömrə alıb və ailəsi üçün darıxdığına görə kiçik oğluna bir neçə dəfə zəng edib. O, səsini çıxarmadan oğlunun telefonda dediyi sözləri dinləyib. Daha sonra Rafət Qəniyevin həyat yoldaşı bu vəziyyətdən şübhələnib.

Əslən Salyan rayonunun Sarvan kəndindən olan R.Qəniyev ifadəsində deyib: “2007-ci ildən MTK-da işləmişəm. Əvvəl fəhlə, sonra komendant, daha sonra isə MTK-nın sədri vəzifəsində çalışdım. Sədr vəzifəsində işlədiyim vaxt Rövşən adlı “makler”ə 5-ci mərtəbədə 87 kv.m sahəsi olan ev satdım. Sonra Rövşənə həmin evi dəyişib 12-ci mərtəbədən Elçin adlı şəxsə məxsus mənzili 60 000 manata müqavilə əsasında satdım. Həmin evi satandan sonra Rövşən mənə nə isə fırıldaq işlə məşğul olduğumu dedi, məni şantaj etməyə başladı. Nə yolla olursa-olsun ona həmin binadan ev verməyimi tələb edirdi.

Rövşən binanın “makler”i idi, təmirsiz evləri alıb təmir edərək baha qiymətə satırdı. Ona 190 000 manat pul vermişəm. Lakin borcum həddindən artıq böyüdüyü üçün ödəyə bilməyəcəyimi anlayıb özümü ölmüş kimi göstərmək qərarına gəldim. Sabirabad rayonuna gedərək yol kənarından heyvan sümüklərini yığıb maşının içinə qoyaraq yandırdım. Bir müddət ailəm də daxil olmaqla hər kəs məni ölmüş kimi qəbul etdi. Özümə yeni nömrə aldım, balaca oğluma arada zəng edib səsinə qulaq asırdım, lakin danışmırdım. Həyat yoldaşım həmin nömrəni araşdırması üçün polisə verib. Araşdırma zamanı nömrənin mənim adıma qeydiyyatlı çıxması şübhəli vəziyyət yaradıb və buna görə də barəmdə ölüm haqqında şəhadətnamə verməyiblər. Beləliklə də yalanım ortaya çıxıb”.

Şahid kimi ifadə vermiş Rafət Qəniyevin həyat yoldaşı isə onun “ölüm”ündən bir neçə ay sonra gecə saatlarında gizli şəkildə evə gəldiyini deyib: “Rafət işi barədə evdə çox danışmırdı. 24 noyabr 2021-ci il tarixdə Rafət Türkiyədə təhsil alan oğlumuzun hərbi xidmətə çağırılması ilə bağlı sənədlərini evdən götürüb Sabirabada getmişdi. Oradan qayıdanda hadisə baş verib, səhər tezdən saat 8-ə işləmiş mənə zəng edib Rafətin maşınının yandığını, lakin özünün içində olmadığını dedilər. Rafətin borcları barədə məlumatım yox idi. Rafət evdən çıxanda Sabirabada sənəd apardığını, sənədləri orada Anar adlı dostuna verəcəyini demişdi. Gecə gəlmədiyi üçün ona axırıncı dəfə zəng etdim. Maşının işıqlarında problem olduğu üçün gələ bilmədiyini dedi. Mən də Rafətə evakuator çağırıb onunla gəlməyini təklif etdim. Rafət isə mənə hirslənib gecə vaxtı evakuatoru tapa bilməyəcəyini, gözləyib səhər gələcəyini söylədi. Səhər isə hadisə barədə xəbər gəldi.

Xəbəri aldıqdan sonra Rafətin telefonlarına zəng etdim, bir nömrəsinə zəng çatmasa da, digər nömrəsinə zəng çatdı, lakin Rafət cavab vermədi. Bu xəbərdən sonra Salyan rayonuna getdim. Bakıdan Salyana gedənə kimi Rafətin öldüyünü mənə deməmişdilər. Yeznəm onun xəstəxanada vəziyyətinin ağır olduğunu demişdi. Salyan rayonuna çatıb evin qabağında yas mərasimini görəndə öldüyünü anladım. Həyətin qapısından içəri girəndə yas çadırı qurulduğunu görüb nə baş verdiyini soruşdum, həmin vaxt Rafətin öldüyünü dedilər. Onun ölməsi mənə inandırıcı gəlmədi, uşaqlarımızdan biri epilepsiya xəstəsi olduğundan, bu xəbərdən təsirlənməməsi üçün özümü sakit aparmağa çalışdım. Həmin gün dəfn mərasimi keçirildi, mənə qəbir yerini göstərdilər. Yas mərasimini keçirib qırxını verdikdən sonra Bakıya qayıtdıq. Yaşadığımız evdən çıxıb Biləcəriyə köçdüm. Həmin müddətdə Rafət bizi uzaqdan izləyirmiş, lakin yaxın gəlmirmiş. Aprelin 21-i yoldaşımın sağ olduğunu öyrəndik. Belə ki, gecə saat 21 radələrində qapı döyüldü, açanda Rafəti görüb şok keçirdim. Niyə bu qədər travma yaşatdığını soruşdum. O, məcbur qalıb bu yola əl atdığını, özünü ölmüş kimi göstərdiyi müddətdə kirayə ev tutub orada qaldığını bildirdi”.

Qeyd edək ki, sağ olduğu bilinəndən sonra Rafət Qəniyev barəsində cinayət işi açılıb. Onun işlədiyi “Kaspian İnşaat MB” MTK-ya məxsus mənzilləri dələduzluq yolu ilə müxtəlif şəxslərə satması müəyyən edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsi bu ilin 24 aprelində R.Qəniyevə hökm oxuyub. O, Cinayət Məcəlləsinin 178.3.2 və 308.2-ci (Külli miqdarda dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilinərək 8 il həbs cəzası verilib.

 

 
08.05.2024 15:59
1275