Özünü Jukovdan üstün tutan marşal – “məğlubedilməz sərkərdə”nin sonuncu müraciəti...  

Onun adı İkinci Dünya müharibəsi tarixinə ən bacarıqlı sərkərdələrdən biri kimi düşüb. Hətta Vasili Çuykov özünü “qələbə marşalı” titulunu qazanan Georgi Jukovdan da üstün tutub. Bütün həyatını hərb sənətinə bağlayan marşal hərbi xidmətə 16 yaşından başlayıb. Artıq vətəndaş müharibəsində o, rota komandirinin köməkçisi vəzifəsində xidmət edib.

Vasili Çuykovun uşaqlıq illəri ağır keçib. Çoxuşaqlı ailədə maddi durum ağır olduğundan Çuykov 12 yaşından əmək fəaliyyətinə başlayıb, sexlərdə fəhləlik edərək valideynlərinə kömək edib. 16 yaşına çatanda gələcəyin marşalı könüllü olaraq ordu sıralarına yazılıb və bununla da öz gələcək həyatını müəyyənləşdirib. O, Frunze adına Hərbi Akademiyanı bitirdikdən sonra SSRİ-nin ayrı-ayrı bölgələrində hərbi hissə komandiri, qərargah rəisi vəzifələrində xidmət edib.

1940-cı ildə Vasili Çuykovun bilik və bacarığı, intellekti, iş məhsuldarlığı nəzərə alınaraq Çinə hərbi attaşe göndərilib. Ancaq o, bu vəzifədə uzun müddət işləməyib. Sovet-alman müharibəsi başlananda Çuykov dəfələrlə şəxsən İosif Stalinə müraciət edərək xidmətini cəbhədə davam etdirmək arzusunu bildirib. Dövlət Müdafiə Komitəsində Çuykovun çoxsaylı müraciətləri müzakirə olunduqdan sonra onu Çindən geri çağırıblar. 1942-ci ildə Stalin onu qəbuluna dəvət edib:

  • Vasili İvanoviç, mən qərara gəldim ki, sizi Tulaya göndərim. Hazırda orada Stalinqrada yollanmaq üçün yeni bir ordu formalaşdırılır. Siz həmin 62-ci orduya rəhbərlik edəcəksiniz.

Xaraktercə səbirsiz olan Çuykov Stalinə minnətdarlığını bildirib:

  • Yoldaş Stalin, çalışacağam ki, etimadınızı doğruldum.
  • Çalışmaq azdır, siz bir addım da olsun geri çəkilməməlisiniz.

Stalinqrad cəbhəsi Çuykovun hərbi karyerasında yeni mərhələ açıb. Stalinqrad cəbhəsinin komandanı marşal Semyon Timoşenkonun rəhbərliyi ilə aparılan əməliyyatlarda komandanı Çuykov olan 62-ci ordunun hərbi-döyüş qabiliyyəti və taktikası hətta gözlənilməyən uğurlarla nəticələnib. Məhz bu uğurlar nəticəsində müharibənin gedişində böyük dönüş yaranıb. Bu döyüşdə Vermaxt qoşunlarından 300 min, Almaniyanın müttəfiqlərinin döyüşçülərindən isə 200 min nəfər həlak olub. Bu döyüş itkilərlə yanaşı, alman qoşunlarının şəxsi heyətində, Adolf Hitlerin də etiraf etdiyi kimi, ruh düşkünlüyü yaradıb.

Sovet dövrünün ən tanınmış sərkərdələri öz memuarlarında marşal Vasili Çuykov haqqında yüksək fikirlər söyləyiblər, onun döyüş yollarının, keçirdiyi hərbi əməliyyatların, xüsusilə Stalinqradın müdafiəsindəki xidmətlərinin hərb tarixində xüsusi yer tutduğunu vurğulayıblar.

Böyük sərkərdə olmaqla yanaşı, Çuykovun şəxsi keyfiyyətləri, xarakteri də uzun illər müzakirə mövzusuna çevrilib. Həmkarları onu çox qaba, mübahisə etməyi xoşlayan bir şəxs kimi də xatırlayıblar.

Marşal Aleksandr Vasilevski öz xatirələrində Çuykovu aşağıdakı kimi xarakterizə edib:

“Müharibə dövründə marşal Çuykov məğlubedilməz bir sərkərdə kimi tanınıb. O, hərbi əməliyyatların keçirilməsində son dərəcə peşəkarlıq nümayiş etdirib. Amma bu müsbət göstəricilərlə yanaşı, onda çatışmayan cəhətlər də olub. Yerli-yersiz mübahisələrə girişməyi, kobudluq etməsi ilə Çuykov həmişə səbirsiz bir adam olduğunu nümayiş etdirib. Onun nəinki sıravi əsgərlərə, hətta zabitlərə əl qaldırması adi hala çevrilmişdi. Çuykovla mübahisə etmək mənasız bir iş idi. Döyüşlərdə məğlub olmadığı kimi, mübahisələrdə də məğlub olmaq istəmirdi. Marşal Çuykov müharibə başlandığı gündən lüğətindən məğlubiyyət sözünü silmişdi...”

Çuykov bu cür fikirlərə soyuqqanlıqla yanaşıb:

“Çoxları məni səbirsiz adam kimi tanıyır. Amma onlar öz fikirlərində yanılırlar. Mən heç də səbirsiz adam deyiləm. Sadəcə mən  hadisələrə dərhal reaksiya verməyi bacarıram və bu, mənim çevikliyimdən irəli gəlir. Belə olmasaydı mən müharibədə, hərbi əməliyyatlarda uğurlar qazana bilməzdim...”

Müharibədən sonrakı illərdə Vasili Çuykov Almaniyada sovet qoşunları qrupunun baş komandanı, Kiyev Hərbi Dairəsi qoşunlarının komandanı, SSRİ müdafiə nazirinin müavini və quru qoşunlarının baş komandanı, SSRİ Mülki Müdafiə rəisi, SSRİ Müdafiə Nazirliyinin baş inspektorlar qrupunun rəhbəri vəzifələrində xidmət edib.

Marşal mətbuata və ictimaiyyətə həmişə açıq adam olub, maraqlı müsahibələri ilə diqqət çəkib və o, özünü jurnalistlərə “Marşal Çuykov” kimi deyil, “məğlubedilməz sərkərdə” kimi təqdim edib. Müharibədən sonrakı illərdə ən mötəbər tədbirlərdə Çuykov İkinci Dünya müharibəsində faşist Almaniyasının məğlubiyyətinin əsas səbəbini Stalinqrad döyüşlərində görüb və Stalinqradın müdafiəsindəki xidmətlərini hər dəfə dilə gətirib, Stalinqradın müdafiəsinin komandanı olduğunu dəfələrlə söyləyib. Ümumiyyətlə, Stalinqradın müdafiəsini Çuykov özünün vizit kartına çevirib.

Çətin uşaqlıq dövrü, ağır müharibə illəri görməsinə baxmayaraq Çuykov ömrünün sonuna qədər müxtəlif ictimai tədbirlərdə iştirak edib, həmişə gümrah görünüb. Vəfatına bir neçə ay qalmış marşal Mərkəzi Komitəyə müraciət ünvanlayıb. Həmin müraciətdə o, Kreml rəhbərliyindən  vəfatından sonra Volqoqradda (Stalinqradda) Mamayev kurqanında, “Ana Vətən çağırır” abidəsinin qarşısında dəfn etməyi xahiş edib.

Marşal Vasili Çuykov 1982-ci ildə, 82 yaşında vəfat edib. Müraciəti nəzərə alınaraq onu Volqoqradda dəfn ediblər. Qeyd edək ki, SSRİ marşallarından yalnız iki nəfər, Vasili Petrov və Vasili Çuykov Moskvadan kənarda dəfn edilib.

İlham Cəmiloğlu, Musavat.com

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

30.07.2023 13:27
6657