Özbəkistanla iqtisadi əməkdaşlığımızın genişlənməsi hansı imkanları açır - təhlil

Tərəflər sənaye əməkdaşlığı sahəsində yeni birgə layihələri nəzərdən keçiriblər

Bir neçə gün əvvəl Daşkənddə birinci Özbəkistan-Azərbaycan regionlararası forum keçirilib. Forumun yekunlarına əsasən, tərəflər investisiya, regionlararası əməkdaşlığın inkişafı, sahibkarlıq, dağ-mədən sənayesi və şərabçılıq sahələrində 11 sənəd imzalayıblar. Onların arasında 500 milyon dollarlıq birgə investisiya fondunun yaradılması haqqında hökumətlərarası saziş də var.

Forumda Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, Fond ölkələr arasında ticarət dövriyyəsinin artmasına və istehsalat əməkdaşlığının gücləndirilməsinə töhfə verəcək. O bildirib ki, 500 milyon dollar istifadə  ediləndən sonra fondun həcmi artırılacaq. Bundan əlavə, nazirlər Daşkənd və Bakı arasında əməkdaşlığa dair Yol Xəritəsini imzalayıblar. Müvafiq sənədlər Buxara ilə Lənkəran, Xivə və Şuşa, Kokand və Şəki, Səmərqənd və Gəncə şəhərləri arasında da qardaşlaşma əlaqələri yaranıb.

Özbəkistanın xarici işlər naziri vəzifəsini icra edən Bəxtiyor Saidovun dediyinə görə, iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsi tarixdə ilk dəfə olaraq 2017-ci ilin göstəriciləri ilə müqayisədə altı dəfə artıb. Məqsəd 5 il ərzində ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaqdır.

Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratovun sözlərinə görə, buna nail olmaq üçün bir-birinin bazarlarına tələbat olan məhsulların tədarükünü artırmaqla üçüncü ölkələrdən bahalı idxalı aktiv şəkildə əvəz etmək üçün səylər göstəriləcək: “Özbəkistan Azərbaycandan tədarükün həcmini 500 milyon dollara, Azərbaycana isə 600 milyon dollara qədər artıra bilər”.

Tərəflər sənaye əməkdaşlığı sahəsində yeni birgə layihələri nəzərdən keçiriblər: Hacıqabulda avtomobil istehsalının genişləndirilməsi, İmişli  rayonunda pambıq-tekstil klasterinin yaradılması, Azərbaycanın Bərdə rayonunda ipək məmulatlarının istehsalı. Öz növbəsində Özbəkistanda Azərbaycan şirkətlərinin iştirakı ilə pektin, tikinti materialları və zərgərlik məmulatlarının istehsalı işə salınıb.

Tədbir çərçivəsində Özbəkistan-Azərbaycan İşgüzar Şurasının 3-cü iclası və sahibkarlar arasında ikitərəfli görüşlər də keçirilib.

Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətini Özbəkistan prezidenti Şavkat Mirziyoyev qəbul edib.

“Özbəkistan 24" telekanalına müsahibəsində Mikayıl Cabbarov bildirib ki, Özbəkistan dövlətinin başçısının diqqətinə bu gün ölkələr arasında münasibətlərin dörd əsas əməkdaşlıq sahəsinə əsaslandığı çatdırılıb: nəqliyyat, qarşılıqlı investisiyalar, enerji və sənaye əməkdaşlığı. Mikayıl Cabbarov vurğulayıb ki, bu sahələrin hər birində yüksək dinamika müşahidə olunur. Belə ki, 2024-cü ilin birinci rübünün yekunlarına görə, Özbəkistandan Azərbaycan ərazisindən keçən 1 milyon ton yükün həcminə nail olmaq məqsədi artıqlaması ilə həyata keçirilir.

O, son 5 ildə Azərbaycanın Özbəkistan və Mərkəzi Asiya ölkələri ilə ticarət və nəqliyyat dövriyyəsinin dinamikasının istənilən digər coğrafi regionun dinamikasını üstələdiyini vurğulayıb.

Əlaqələrin bu möhkəmlənməsi hər iki ölkənin daha geniş regional iqtisadi inteqrasiyanı təşviq etmək üçün strateji yerləşmələrindən və bir-birini tamamlayan sənayelərdən istifadə edərək Mərkəzi Asiya regionunda əsas iqtisadi mərkəz kimi mövqelərini gücləndirməyə çalışdığı bir vaxta təsadüf edir.

Özbəkistanla münasibətlərin dərinləşməsi Azərbaycanın Asiyadan Avropaya yükdaşımalarda rolu getdikcə artan Orta Dəhlizdəki mövqeyinin güclənməsinə təkan verə bilər. Hazırda Özbəkistanın da daxil olduğu bu marşruta Avrop İttifaqı və Çin tərəfindən böyük maraq müşahidə edilir. Yanvar ayında Avropa İttifaqının zəmanəti ilə Brüsseldə Qazaxıstan, Özbəkistan və Qırğızıstanla 3,5 milyard avroluq kredit müqavilələri imzalanıb. Bu müqavilələr bilavasitə Orta Dəhliz üzrə infrastrukturun genişləndirilməsi layihələrini əhatə edir. Avropa İttifaqı ümumilikdə bu nəqliyyat dəhlizinin inkişafına 10 milyard avro cəlb etmək niyyətindədir.

Brüssellə yanaşı, Çin də Orta Dəhlizin genişləndirilməsində maraqlıdır və bu sahədə həm Özbəkistanda, həm Qazaxıstanda layihələrə maliyyə ayırır. 

Azərbaycan Özbəkistanla əlaqələri həm də enerji müstəvisinə keçirir. Belə ki, rəsmi Bakı Qara dənizin dibi ilə keçəcək enerjiötürücü kabel layihəsinə Özbəkistan və Qazaxıstanı da daxil etməyə çalışır. Artıq Daşkənddəki forum çərçivəsində 3 ölkə arasında Xəzərin dibi ilə elektrik kabel xəttinin çəkilməsinə dair anlaşma memorandumu da imzalanıb.

Özbəkistan bu layihədə əsas enerji mənbəyi ola bilər. Belə ki, son 4 ildə Özbəkistan 10,1 milyard dollar dəyərində 25 müasir elektrik stansiyasının tikintisinə dair müqavilələr bağlayıb və onlar 2026-cı ilin sonunadək istifadəyə veriləcək. Ümumi gücü 11,9 min MVt olan 25 elektrik stansiyasından doqquzu istilik, doqquzu günəş, yeddisi isə külək enerjisi ilə işləyəcək. Onların istismara verilməsi Özbəkistanın enerji sisteminin mövcud gücünün 60 faiz artmasına səbəb olacaq. Buraya 4,3 min MVt gücündə yaşıl elektrik stansiyalarının işə salınması da daxildir. İri günəş və külək elektrik stansiyaları 2,1 min MVt təşkil edəcək. Günəş panellərinin quraşdırılacağı evlər, müəssisələr və sosial obyektlər üçün - 1,2 min MVt.

Bütün bunlar göstərir ki, Azərbaycanın Özbəkistanla iqtisadi əməkdaşlığı getdikcə genişləndirməsi hər iki ölkə üçün yeni və səmərəli imkanlar açır.

Yazını hazırladı: Dünya SAKİT

04.05.2024 08:00
839