Özbəkistanda Azərbaycan milli stendinin açılışı olub - FOTOLAR

Ümumdünya “Hunarmand” (Əl sənəti) Assosiasiyasının təşəbbüsü ilə Özbəkistanın Kokand şəhərində keçirilən Beynəlxalq Əl Sənəti Festivalı çərçivəsində Beynəlxalq Sənətkarlıq muzeyinin açılışı olub.

Musavat.com xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Kokand şəhərindəki Beynəlxalq Sənətkarlıq muzeyində Azərbaycanın əl sənətinə aid daimi stendin açılışı olub.

Tədbirdə Fərqanə vilayət hakimiyyətinin rəhbərliyi, Kokand şəhər hakimiyyətinin rəhbəri, dövlət və ictimaiyyət nümayəndələri, ziyalılar, ali məktəb tələbələri və jurnalistlər iştirak ediblər.

İlk öncə tədbiri giriş sözü ilə açan Kokand şəhər hakimiyyətinin rəhbəri Maruf Usmanov Azərbaycan və Özbəkistan arasında yüksək səviyyəli münasibətlər, son zamanlar inkişaf edən əlaqələrimizdən danışıb. O, Kokand şəhərinin qədim tarixi, burada əl işi sənətinin geniş inkişaf etdiyini və hər iki ildən bir şəhərdə keçirilən Beynəlxalq Əl Sənəti Festivalı çərçivəsində dünyanın 70-dən çox ölkəsinin sənətkarlarının qatıldığını bildirib.

Hakim bu il keçirilən festival çərçivəsində açılışı edilən Beynəlxalq Əl Sənəti Muzeyinin dünyanın müxtəlif ölkələrindən - Çin, İndoneziya, İran, Qazaxıstan, Hindistan və başqa ölkələrin məşhur sənətkarların əl işlərinin yer aldığını bildirərək, muzeydə artıq Azərbaycan əl sənətinə aid eksponatların da daimi olaraq nümayiş etdiriləcəyini bildirib.

Tədbirdə çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov dövlətlərimiz arasında əməkdaşlığın uğurla inkişaf etdiyini, mədəni əlaqələrinin genişlənməsi istiqamətində görülən işlərdən danışıb. O, «Heydər Əliyev ili» münasibəti ilə Özbəkistanın Kokand şəhərində yaradılmış muzeydə Azərbaycan əl sənətinə dair maraqlı eksponatların sərgilənməsinin hər il bu şəhəri ziyarət edən milyonlarla turistin və ənənəvi olaraq keçirilən festival iştirakçıları arasında milli mədəniyyətimizin geniş təbliğinə şərait yaradacağını bildirib.

Diplomat Özbəkistanın Fərqanə vilayətinin iki şəhəri - Kokand şəhəri ilə Azərbaycanın Şəki şəhəri, Riştan şəhəri ilə isə İsmayıllı şəhərinin qardaşlaşdığını qeyd etmiş və bu məqsədlə Özbəkistanın bu vilayəti ilə Azərbaycan şəhərləri arasında əlaqələrin inkişafına önəm verildiyini vurğulayıb.

Çıxış edən digər natiqlər - Kokandakı Beynəlxalq Sənətkarlıq Muzeyinin direktoru Xeyrulla Zakirov və “Hunarmand” (Əl sənəti) Assosiasiyasının Fərqanə vilayəti üzrə rəhbəri Rəsul Mirzaahmedov yaradılmış Muzeydə yaradılmış stenddə Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, sənətkarlarının istedadını nümayiş etdirən əl işləri, eksponatların daimi nümayişinin muzeyin Özbək ziyarətçiləri ilə yanaşı, Kokanda gələcək çoxsaylı turistlər üçün də maraqlı və faydalı olacağını bildiriblər.

Açılış lenti kəsildikdən sonra, Azərbaycan əl sənətinə aid milli stend baxış keçirilib.

Kokand şəhərindəki Beynəlxalq Sənətkarlıq Muzeyində yaradılan Azərbaycan stendində Azərbaycan xalçası, kəlağayılar, tikmə sənətinə aid işlər, ağac üzərində oyma ilə hazırlanmış əl işləri sərgilənir.

Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən stendə yaşı 130 il olan Azərbaycanın Qarabağ xalçası, xalqımıza məxsus ən qədim tikmə növü olan təkəlduz, ipəkdən hazırlanmış, qadın baş geyimi – kəlağayılar, ağac üzərində oyma ilə hazırlanmış - tarixi İçərişəhərin və Şuşa qalasının görüntülərini əks etdirən tablolar, Azərbaycan bayrağının əks olunduğu xəritəmiz, milli geyimdə kuklalar, milli naxışlarla bəzədilmiş və xalqımızın çay mədəniyyətini əks etdirən eksponatlar, xüsusi dizayn ilə misdən hazırlanmış qədim çırağın maketi və başqa eksponatlar hədiyyə olunub.

Bundan başqa, milli stendimizdə ulu öndər Heydər Əliyevin ağac üzərində rəsmi və imzası, Azərbaycan milli musiqi alətləri və rəqsləri, xalq oyunları-pəhləvanlıq sənəti, xalça toxuyan Azərbaycan qadını, muğam ifa edən üçlüyü əks etdirən ağac və plastikdən hazırlanmış xüsusi maketlər nümayiş etdirilir.

Sərgidə Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanda özbək dilinə tərcümə olunmuş klassiklərimizin – Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Xurşidbanu Natəvan və s. əsərləri də təqdim olunub.

Qeyd edək ki, Azərbaycan əl sənətinə dair sərgi muzeydə dünya Azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramına qədər davam edəcək və sonda sərgidəki eksponatlar daimi olaraq Kokand şəhərindəki Beynəlxalq Sənətkarlıq Muzeyinin inventarına veriləcəkdir.

Muzeydə digər ölkələrin stendləri kimi daimi olaraq Azərbaycan stendi də fəaliyyət göstərəcəkdir.

20.12.2023 20:53
3075