Özbəkistan və Səudiyyə Ərəbistanı 12 milyard dollar dəyərində qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə dair bir sıra sazişlər imzalayıblar.
Musavat.com-un xəbərinə görə, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, Özbəkistan prezidenti Şavkat Mirziyoyev Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Xalid əl-Falihin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib və onunla çoxşaxəli əməkdaşlığın inkişafı məsələlərini müzakirə edib:
“Səudiyyə Ərəbistanı nümayəndə heyətinin hazırkı səfəri çərçivəsində kimya, energetika, kənd təsərrüfatı, əczaçılıq, informasiya texnologiyaları və infrastrukturun inkişafı sahələrində qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə dair 12 milyard dollarlıq sazişlər imzalanıb”.
Qeyd olunur ki, danışıqlar zamanı tərəflər ölkənin müxtəlif regionlarında iri enerji layihələrinin həyata keçirilməsinin sürətləndirilməsinin vacibliyini vurğulayıblar. Mətbuat xidməti əlavə edib ki, həmçinin nəqliyyat infrastrukturu və kommunal xidmətlər, geologiya, irriqasiya, məişət tullantılarının emalı, ali təhsil və əmək miqrasiyası sahələrində ümumi dəyəri 11 milyard ABŞ dolları olan yeni layihə və proqramların həyata keçirilməsinə dair razılıq əldə olunub.
Mətbuat xidmətinin məlumatına görə, hazırda “ACWA Power” şirkəti Özbəkistanda 7,5 milyard dollar dəyərində layihələr həyata keçirir.
Enerji məsələləri üzrə ekspert İlham Şaban bildirir ki, Özbəkistan hökumətinin alternativ enerji mənbələri üzrə keçirdiyi tenderlərin şəffaflığı yaxşı mənada təəccübləndiricidir: “Səudiyyənin “Acwa Power” şirkətini 200 MVt gücündə olacaq külək elektrik stansiyasının tikintisi üzrə qalib elan ediblər. Açıqlanan məlumatda hökumətin Səudiyyə şirkətindən elektrik enerjisini ABŞ dollarında fiksasiya edilmiş qiymətlə - hər kVt\saat üçün 4,09 sentə alacaqlarını bildiriblər.
Daha maraqlı bir detal isə ondan ibarətdir ki, BƏƏ-nin “Masdar” şirkəti Özbəkistan hökumətinə küləkdən alınacaq elektrik enerjisinin hər kVt\saatına 4,99 sent istəyibmiş”.
Musavat.com