Dünən Əbdül Qafar Tiravi Əfqanıstanın Özbəkistandakı yeni səfiri təyin edilib. Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Əfqanıstan Xarici İşlər Nazirliyinin üçüncü siyasi departamentinin direktoru Zakir Cəlali məlumat verib.
Bildirilir ki, bu barədə razılıq Özbəkistanın baş naziri Abdulla Aripovun Kabilə son səfəri zamanı əldə olunub. Danışıqlar nəticəsində 2,5 milyard dollar dəyərində 35 investisiya sazişi imzalanıb, həmçinin 2021-ci ilin avqustunda Əfqanıstandan qaçırılan islam respublikasının hərbi hava qüvvələrinə məxsus təyyarə və helikopterlərin taleyi müzakirə olunub.
Əfqanıstanın yeni hökuməti Daşkənddən öz təyyarələrini geri qaytarmağı tələb edir. Təyyarələr və helikopterlər Kabil və Daşkənd arasında mübahisə mövzusuna çevrilə bilər, çünki ABŞ bu avadanlığın de-yure sahibi olaraq onu Özbəkistana vermək qərarına gəlib.
ABŞ-ın Özbəkistandakı səfiri Conatan Henik bildirib ki, 2021-ci ildə Əfqanıstandan gətirilən təyyarə və helikopterlər heç vaxt Əfqanıstan tərəfinə aid olmayıb. “Bu, Amerika texnikası idi. Əfqan ordusu bundan yalnız istifadə edib, lakin biz həmişə onun sahibi olmuşuq”, - amerikalı diplomat jurnalistlərə bildirib. Amerika səfiri əlavə edib ki, ABŞ və Özbəkistan artıq müvafiq birgə proqramı həyata keçirməyə başlayıblar.
Xatırladaq ki, 2021-ci ilin avqustunda “Taliban” hərəkatının sürətlə irəliləməsi zamanı əfqan pilotlar Əfqanıstan hərbi hava qüvvələrinə məxsus təyyarə və helikopterlərlə həmkarlarını və onların ailələrini Özbəkistan və Tacikistana təxliyə ediblər. Bu təyyarə Amerika ordusu tərəfindən Əfqanıstan hökumətinin hərbi hava qüvvələrinə təhvil verilib. ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, daşınan təyyarələrin 46-sı Özbəkistanda, 18-i isə Tacikistanda olub.
Musavat.com