Öz ayağına “güllə” atanlar – Dost-düşmənlər üçün COP29 testi

Nəhayət, 11 noyabr tarixi yetişdi. Bakıda BMT-nin COP29 iqlim sammiti öz işinə başladı. Bəşəriyyətin gələcəyi üçün mühüm önəm kəsb edən bir məsələyə - qlobal ekoloji mövzuya həsr olunan tədbiri təəssüf ki, öz merkantil və qrup maraqları naminə siyasiləşdirib Azərbaycan əleyhinə yönəltmək istəyən dairələr də oldu. Söhbət özəlliklə Qərbdəki erməni lobbisinə bağlı məkrli və məlum çevrələrdən gedir.

Belə cəhdlər bitməyib. Halbuki dəfələrlə deyildiyi kimi, Bakı BMT səviyyəli tədbir üçün, sadəcə, bir ev sahibi. Bütün hallarda baş verənlərin yaxşı tərəfi budur ki, Azərbaycan qarşıdakı 10 gündə dost-düşmənlərini, tərəfdaş-bədxahlarını bir daha tanıyacaq. COP 29 “testi” davam edir...

Bu gün COP29 başlayır

Bu fonda diqqətçəkici xəbərlərdən biri Ukrayna prezidenti Volodimir Zelenskinin Bakıya gələcəyi ilə ilgili oldu. Səfər haqda yazan “Turan” haqlı olaraq belə bir qeyd edib ki, Zelenskinin beynəlxalq iqlim sammitinə qatılması Almaniya kansleri və Niderland baş naziri kimi bəzi Avropa liderlərinin “daxili siyasi böhran səbəbi” ilə Bakıya səfərlərini ləğv etməsi ilə ziddiyyət təşkil edir: “Uzunmüddətli və qanlı müharibənin içində olmasına baxmayaraq, Zelenski qlobal forumu prioritet olaraq seçib”.

Yəni kiminsə Bakıdan imtinası, əslində isə BMT-ni iqnor eləməsi üçün bəhanəyə işarə edilir...

Zelenskiyə gəlincə, onu COP29-a birbaşa Prezident İlham Əliyev bu ilin aprelində dəvət edib. Zelenskinin gəlişi gözlənilən idi, həm də o səbəbə ki, Rusiya prezidenti Vladimir Putinin Bakı zirvəsinə qatılmayacağı artıq dəqiqləşmişdi. Nədəni barədə mediada kifayət qədər yazılıb.

Zelenski çıxılmaz durumda: atəşkəs danışıqları başlayıb - Bakı masası... -  GlobalInfo.az

Bu, Putinin dəvətdən imtinası anlamına gəlmir. Belə görünür, Rusiya rəhbəri hər şeydən öncə Azərbaycana xoşməramlı jest edib. O anlamda ki, onun tədbirdə varlığı bəlli səbəblərdən Azərbaycanın uğurlu ev sahibliyi üçün müəyyən diskomfort yarada bilərdi. Putun buna eyham da vurmuşdu.

Putin COP29-a gəlməyəcək - Sahar Azeri

Yəni adam özü ilə bağlı anti-Azərbaycan güclərinin əlinə bəhanə vermək istəməyib. Hərçənd COP29 mövzusu üzərindən Azərbaycana hücumlar səngimədi. Başqa sözlə, aydın oldu ki, bəzi Avropa liderlərinin sırf Putinə görə sammitə qatılmamaq kimi planları olmayıb. Sadəcə, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa eləməsini hələ də “həzm edə” bilməyənlər bu dəfə COP29-u fürsət bilib hikkələrindən, psiliklərindən qalmadılar.

Hərgah, bu, öz ayağına “güllə atmaq” kimi bir şey. Odur ki, pislikləri yenə özlərinə qalacaq. Bunu çox tezliklə anlayacaqlar. Putin isə COP29 üçün Bakıya gəlsəydi də dünya dağılmayacaqdı. Necə ki, təxminən üç ay öncə Azərbaycan paytaxtında olanda dünya dağılmamışdı.

Hər halda Bakıya Böyük Britaniyanın, İtaliyanın, İspaniyanın, Belçikanın, Macarıstanın, Serbiyanın “qoca qitə”nin neçə-necə digər ölkəsinin rəhbərləri təşrif buyuracaq. BMT baş katibi də ki, öz yerində. Makronsuz, Şolstsuz da keçinərik...

The COP29 climate talks are about to kick off in Baku, Azerbaijan. Here's  what to expect

Ancaq Ukrayna liderinin BMT tədbirində iştirakı istər-istəməz ona siyasi rəng qatacaq. Hərçənd təkrar edirik, bu, siyasi tədbir deyil, Bakı yalnızca ev sahibi. Hamı bilir ki, Azərbaycan Ukrayna-Rusiya münaqişəsində tərəf deyil, olmayacaq. Biz tərəfiksə də, yalnızca beynəlxalq hüququn tərəfindəyik və Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü dəstəkləyirik.

Bu və digər səbəbdən bizim qonaqlar arasında fərq qoymamız doğru olmaz və Azərbaycana yaraşmaz. Əsas işimiz bir-birindən xoşu gəlməyən qonaqlar arasında sakitliyi, işgüzar abı-havanı təmin edib tədbirin uğurlu, konstruktiv alınmasına yardımçı olmaq. Yoxsa ki, “filankəs məclisdə olacaq deyə, sənin tədbirinə gəlməyəcəyəm” yanaşması ağıllı qərar sayılmaz.

Bu, ona bənzəyir ki, çörək yemək üçün yeməkxanaya girirsən, amma orda hansısa stolda xoşlanmadığın birinin oturduğunu görüb oradan uzaqlaşırsan. Ərazidə isə başqa yeməkxana yox. Dəyərmi? Məntiqlimi? Yeməkxana sahibinin günahı varmı?

Xeyr. Bu mənada ötən ay Ukraynanın Avropa İttifaqındakı səfiri Vsevolod Çsensovun Putin Bakıya gələrsə, COP29-u boykot etməklə bağlı çağırışı tamamilə məsuliyyətsiz, iki ölkə arasında münasibətlərə zidd, yersiz, hətta təxribat xarakterli idi. Yaxşı ki, Zeleknski öz qərarı ilə bu təxribatın mümkün uzaq nəticələrini aradan qaldırdı, öz ölkəsi adına “günahı” yudu.

Daha doğrusu, yuyacaq...

Zahid SƏFƏROĞLU

11.11.2024 15:20
1844