Bakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən Füzuli Qarayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.
Təqsirləndirilən şəxs ifadəsində ailəsində yaşanan problemlərə görə feministlərin də günahkar olduğunu deyib.
F.Qarayev bildirib ki, həyat yoldaşını düşüncə baxımından feminist olan Nigar adlı xalası qızı və başqa şəxslər yönləndiriblər:
"Özü də mənə etiraf etdi ki, onu öyrədirlər. Deyirlər ki, sən onun üçün uşağa baxansan? Şikayət elə, əvvəl-axır tutacaqlar, sən də alimentini, sosialını alıb öz həyatını yaşayacaqsan".
Həyat yoldaşından 18 yaş böyük olan təqsirləndirilən şəxsin sözlərinə görə, o, Sevinclə qeyri-rəsmi evli olub. Bu, onun ikinci evliliyi olub, onların altı il davam edən evlilikdən iki övladı var.
Təqsirləndirilən şəxs deyib ki, son illərdə münasibətləri gərgin olub. Həyat yoldaşı üç dəfə ondan polisə şikayət edib, nəticədə barəsində CM-in 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb:
"Əvvəl feministlər hay-küy saldılar, maddəni ağırlaşdırdılar, sonra yenidən 128 elədilər. Bir neçə dəfə uşaqları gah qonşuya, gah bacımgilə atıb getmişdi. Şikayət eləyirdi, sonra özü şikayətini geri götürürdü, üzr istəyirdi ki, barışaq".
Prosesdə təqsirləndirilən şəxs zərərçəkmiş tərəfin nümayəndəsi Zibeydə Sadıqovanın suallarını cavablandırarkən bildirib ki, işə gedəndə həyət qapısını bağlayıb, açarı da gizlədirmiş. O, 2021-ci ildə Novruz bayramı ərəfəsində mərhum həyat yoldaşını ağacla möhkəm döydüyünü də etiraf edib.
Füzuli Qarayev həyat yoldaşını qətlə yetirdiyinə görə peşman olduğunu vurğulayıb.
Qeyd edək ki, ötən il avqustun 3-də Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində 1997-ci il təvəllüdlü Sevinc Məhərrəmovanın əri tərəfindən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Xəzər Rayon Prokurorluğunun aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, 1979-cu il təvəllüdlü Füzuli Qarayev arvadının aralarında yaranan mübahisədən sonra küsüb sığındığı qonşusu Röyal Hüseynovun evində olmasını bilib oraya gələrkən küçədə Röyal Hüseynovu və sonuncunun yanında fəhlə işləyən Ramil Bəşirovu bıçaqlayıb, daha sonra evə daxil olaraq arvadı Sevinc Məhərrəmovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək onu öldürüb.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 126.1 (qəsdən bədənə ağır xəsarət yetirmə)maddələri ilə cinayət işi başlanılıb.