“Nəticələrin xoşagəlməz ola biləcəyindən və nəzarəti bizdən daha ağıllı sistemlərin həyata keçirəcəyindən narahatam”.
Bu fikirlər 2024-cü il Fizika üzrə Nobel mükafatına layiq görülən alimlərdən biri, süni intellektin (Artificial intelligence, AI) “xaç atası” Ceffri Hintona məxsusdur. Son 50 ildə bu problem üzərində çalışan Ceffri Hinton dünyanın ən tanınmış kompüter alimlərindən biri hesab olunur. 2018-ci ildə o, kompüter dünyasında Nobel mükafatının analoqu adlandırılan “Turinq” mükafatını alıb.
Bu gün “süni intellekt” termini hər gün istifadə etdiyimiz bir çox xidmət və geniş spektrli texnologiyaları əhatə edir. Məsələn, film tövsiyə edən proqramlardan tutmuş, real vaxt rejimində müştəri dəstəyini təmin edən “chatbot”lara qədər. Süni intellekt sistemləri məlumatları təhlil etmək, dəyişən ssenarilərə uyğunlaşmaq və onların fəaliyyətini davamlı olaraq təkmilləşdirmək üçün də nəzərdə tutulub.
Beyin məhsulundan qorxmaq
Ceffri Hinton həm süni intellektin faydalarını yüksək qiymətləndirib, həm də baş verə biləcək fəlakətlər barədə həyəcan təbili çalıb. Yeni texnologiyaların inkişafına kömək edən alim hökumətlərdən, şirkətlərdən və həmkarlarından süni intellektin təhlükəsiz inkişafının ən yaxşı yollarını diqqətlə nəzərdən keçirmələrini xahiş edib. Ceffri Hinton hesab edir ki, onun beyin məhsulu həm şər, həm də xeyrə qadirdir. Belə ki, bəşəriyyət özündən daha ağıllı texnologiya yaradaraq böyük qeyri-müəyyənlik dövrünə qədəm qoyub və heç vaxt qarşılaşmadığı risklərlə üzləşib.
Artıq, süni intellekt insanlar kimi olmasa da, başa düşə və müzakirə edə bilir. Süni intellektin LİSP, Proloq, FRL və OPS kimi proqramlaşdırma dilləri mövcuddur. “OpenAI” tərəfindən hazırlanan Chat GPT (Generative Pre-trained Transformer) insan dilini başa düşə və təfərrüatlı şəkildə insan kimi mətn hazırlaya bilən süni intellekt chatbotunun prototipi, qabaqcıl dil modelidir. Beş ildən sonra ChatGPT kimi modellərin insanlardan daha yaxşı düşünə biləcəyi ehtimalı da var.
Bundan əlavə, Hinton “övladı” adlandırdığı süni intellektdən saxtakarlıqlar, alqoritmlərdə qərəzlilik, vətəndaşları izləmək və avtonom silah sistemləri yaratmaq üçün istifadə edilməsindən narahatdır. Süni intellektlərin şüurlu olacağı və insanlardan daha sürətli öyrənəcəyi də vaxt uzaq deyil. Süni intellekt artıq kompüter kodunu necə yazmağı bilir, ona görə də o, artıq insan nəzarətindən çıxmaq və özünü istənilən şəkildə dəyişdirmək qabiliyyətinə malikdir və buna ciddi yanaşmaq lazımdır. Süni intellekə malik robotlar Dubayda ictimai asayişi qoruyan polisləri əvəz edir. Robotlar şəhərdəki insanların ziyarət etdiyi yerlərə nəzarət edirlər.
“Düşünürəm ki, beş ildən sonra onlar bizdən daha yaxşı düşünə bilərlər”, - deyə o qeyd edib.
İşsizlik, iflas, “feyk”lər
Alimin qorxularını amerikalı sahibkar və dünyanın ən zəngin adamlarından biri İlon Mask və “Apple”ın həmtəsisçisi 74 yaşlı Stiv Voznyak da daxil olmaqla bir çox tanınmış texnologiya sahibkarları bölüşür. “Skype” proqramının yaradıcılarından Yaan Tallinn deyib ki, süni intellektin inkişaf etdirilməsi onun nəzarətdən çıxmasına səbəb ola bilər. Bu isə bəşəriyyəti böyük təhlükə altında qoya bilər.
“Neyron şəbəkələrin əslində insanlardan daha ağıllı olacağını çox az adam təsəvvür edirdi. Mən özüm də bunun yalnız 30-50 ildən sonra olacağına inanırdım. Amma bu artıq baş verib”,- Ceffri Hinton deyib.
Onun fikrincə, indi neyron şəbəkələr həqiqətdən fərqlənməyən “feyk”lər yaratmağa qadirdirlər. Robotlar isə tezliklə əmək bazarında iş axtaran insanların sayını çoxaldacaq. Məsələn, texnologiya nəhəngi IBM yaxın beş ildə təxminən 8 min işçisini yeni texnologiyalarla əvəz etməyi, əmək məhsuldarlığını artırmağı və milyardlarla dollara qənaət etməyi planlaşdırır.
Bazarın digər oyunçuları da IBM-dən nümunə götürə bilər, lakin sonra neyron şəbəkələr işləri çox tez ələ keçirəcəklər. İşsizlik bütün dünyada istehlak tələbini azaldacaq, istehsalçılar daha az məhsul istehsal etmək məcburiyyətində qalacaq və bu, yeni iqtisadi böhran təhlükəsi yaradır. Araşdırmalara görə, növbəti 7 il ərzində dünyada işləyən əhalinin üçdə biri yeni peşələr axtarmaq məcburiyyətində qalacaq.
Neyron şəbəkələri saniyədə bir neçə inandırıcı saxta xəbər də yarada bilib. Məsələn, süni intellekt nüfuzlu bir nəşrdə mövcud olmayan məqaləyə istinadən amerikalı hüquq professoruna böhtan ataraq onu tələbələrə cinsi təcavüzdə ittiham edib. Süni intellekt sənədlərlə rutin işləri yerinə yetirməyə başlayıb. İstənilən şirkətdə arzu olunan bir mövqe əldə etmək üçün abituriyentlər daha uzun müddət təhsil almalı və karyeralarına daha gec başlamalıdırlar. Amma bu üsul robotlar üçün keçərli deyil.
Süni intellekt 5-10 ilə insanları məhv edə bilər
C. Hinton və onlarla digər süni intellekt sənayesi liderləri, elm adamları və başqaları süni intellektin yaratdığı ekzistensial risklərin azaldılmasının qlobal prioritet olması barədə bəyanat imzalayıblar. Biznes liderləri süni intellekt texnologiyasına milyardlarla dollar sərmayə qoyduqlarına baxmayaraq, bu təhlükələrdən getdikcə daha çox narahat olurlar.
2023-cü ildə “Yale Executive Summit”də sorğuya qatılan rəhbər işçilərin 42%-i süni intellektin 5-10 il ərzində bəşəriyyəti məhv edə biləcəyini bildirib.
Bundan başqa, ABŞ Dövlət Departamentinin sifarişi ilə hazırlanan yeni hesabat süni intellektin sürətli inkişafının yaratdığı fəlakətli mənzərəni təqdim edib. Gladstone AI tərəfindən dərc edilən hesabata əsasən, qabaqcıl süni intellekt sistemləri ən pis halda insan növünün nəslini kəsə bilər.
Tədqiqatçılar süni intellektlə bağlı iki böyük təhlükə barədə xəbərdarlıq ediblər. Birincisi, ən qabaqcıl AI sistemləri geri dönməz zərərə səbəb ola biləcək güclü silahlar yaradacaq. İkincisi, müəyyən məqamlarda süni intellekt tərtibatçıları yaratdıqları sistemlərə nəzarəti itirə və qlobal təhlükəsizlik üçün dağıdıcı nəticələrə səbəb ola biləcək vəziyyət yaradacaqlar.
Bununla belə, AI-nin də müsbət tərəfi də var. Süni intellekt tibbi görüntüləri həkimlərdən daha yaxşı və daha sürətli tanımaqla, ya da yeni dərmanların hazırlanması ilə səhiyyəyə fayda gətirə bilər. Alim qeyd edib ki, süni intellekt təhsilin daha geniş auditoriyaya çatdırılmasında da kömək edər. Amma görünən odur ki, hazırda alimin “övladı” yanlız qazanc kimi istifadə edilir. Odur ki, qazancla təhlükəsizlik arasındakı mübarizədə mənfəətin qalib gəldiyi açıq-aydın görünür.
İlkin Nəcəf