2023-cü ildə Rusiyada təbii qaz hasilatı 636,7 milyard kubmetr təşkil edib.
Musavat.com xəbər verir ki, bu barədə Baş nazirin müavini Aleksandr Novak “Energy Policy” jurnalındakı müəllif köşəsində məlumat açıqlayıb. Beləliklə, aydın olur ki, ötən il Rusiyanın qaz hasilatı 2022-ci illə müqayisədə 37,1 milyard kubmetr və ya 5,5 faiz azalıb (2022-ci ildə 673,8 milyard kubmetr qaz hasil olunmuşdu).
Sentyabrda təqdim edilən Rusiyanın 2024-2026-cı illər üzrə sosial-iqtisadi inkişafının cari proqnozuna əsasən, 2023-cü ildə ölkədə qaz hasilatının 642 milyard kubmetr olacağı gözlənilirdi. İlkin hesablama ilə uyğunsuzluğun əsas səbəbi noyabrda havaların isti keçməsidir. Rusiyanın Vahid Enerji Sisteminin Sistem Operatorunun məlumatına görə, 2023-cü ilin noyabrında ölkə ərazisində havanın temperaturu həm iqlim normasından, həm də 2022-ci ilin noyabr ayı səviyyəsindən təxminən iki dərəcə yüksək olub. Nəticədə, noyabrda qaz hasilatı, “Rosstat”ın məlumatına görə, 58,3 milyard kubmetr təşkil edib. Bu, demək olar ki, əvvəlki, daha isti ayolan oktyabr səviyyəsindədir - 58,5 milyard kubmetr.
Novakın yazdığına görə, ümumi hasilat azalsa da, 2023-cü ilin sonunda dəniz yataqlarında qaz hasilatı 10,9 faiz artıb (34,5 milyard kubmetrə qədər).
Makroproqnoza əsasən, 2024-cü ildə Rusiyada 666,7 milyard kubmetr qaz hasil olunmalıdır. Daha mühafizəkar proqnozda isə hasilatın 644,7 milyard kubmetr olacağı nəzərdə tutulur.
Musavat.com