Yeni dərs ili xaricdə yaşayan azərbaycanlı uşaqlar və gənclər üçün ikiqat bayrama çevrilib. Onların bir qismi həm yaşadıqları ölkələrin məktəblərində təhsilə davam edir, həm də müxtəlif ölkələrdəki həftəsonu Azərbaycan məktəblərində ana dilini, tarix və mədəniyyətimizi öyrənirlər. Vətəndən uzaqda yaşayan azərbaycanlılar üçün xaricdəki Azərbaycan Evləri və onların nəzdindəki həftəsonu məktəbləri həqiqətən də vətənin bir parçasına çevrilib. Soydaşlarımız Azərbaycan Evlərinin və həftəsonu məktəblərin fəaliyyətini olduqca yüksək qiymətləndirir, bu məkanları birlik və həmrəylik yerlərinə çevirirlər. Təsadüfi deyil ki, xaricdəki Azərbaycan Evlərinin sayı durmadan artır. Artıq müxtəlif ölkələrdəki evlərin sayı 30-a çatıb və xaricdəki icmalarımızdan yeni evlərin yaradılması ilə bağlı çoxsaylı təkliflər eşidilir.
Xaricdəki həftəsonu məktəblərindən biri - 2020-ci ildən Norveçin paytaxtı Osloda fəaliyyət göstərən Nizami Gəncəvi adına həftəsonu Azərbaycan məktəbidir. Norveç Azərbaycanlıları Gənclər Təşkilatının təşəbbüsü ilə yaradılan həftəsonu məktəbində bu günə kimi onlarla şagird təhsil alıb.
Norveç Azərbaycanlıları Gənclər Təşkilatının (NAYO) təsisçisi və baş katibi, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Norveç üzrə əlaqələndiricisi, Oslo Azərbaycan Evinin rəhbəri Ramil Əliyev bildirir ki:“Oslodakı həftəsonu Azərbaycan məktəbi bir akademik layihə kimi yaranıb. Hər şeydən əvvəl mən bir valideyn kimi deyə bilərəm ki, məktəb mənim 3 övladımın milli hisslər içində böyüməsində, ünsiyyətcil olmasında və auditoriya qarşısında çıxış etmək bacarıqlarının, özünəinam hissinin formalaşmasında böyük rol oynayıb. Onların Azərbaycandakı qohumları ilə sərbəst ünsiyyət qurmaları, həmyaşıdları ilə Azərbaycan dilində danışmaları, fikir mübadiləsi aparmaları məhz Nizami Gəncəvi adına Azərbaycan dili həftəsonu məktəbinin ailəmizə necə deyərlər töhfəsidir”.
Oslodakı həftəsonu Azərbaycan məktəbi burada yaşayan azərbaycanlı uşaqların, xüsusilə valideynlərindən biri azərbaycanlı olan soydaşlarımızın milli ruhda böyüməsi, ana vətənə bağlı olması üçün geniş imkan yaradır. Ramil Əliyev Diasporla iş üzrə Dövlət Komitəsinin Nizami Gəncəvi adına Azərbaycan dili həftəsonu məktəbinə hər zaman qayğı və dəstək göstərdiyini bildirib, peşəkar və faydalı əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının ölkəmizin mədəniyyət paytaxtı Şuşada keçirilən V Qurultayındakı tarixi çıxışında həftəsonu məktəblərinin fəaliyyətinə xüsusi diqqət çəkib:”Əlbəttə, çox istəyirik ki, ikinci, üçüncü nəsil azərbaycanlılar öz mədəniyyətinə bağlı olsunlar. Əlbəttə, bu, o qədər də asan məsələ deyil. Burada onlar, ilk növbədə, Azərbaycan dilini bilməlidirlər. Burada, əlbəttə ki, təkcə ailələrdə Azərbaycan dilini yaşatmaq mümkündür, ancaq kifayət deyil. Ona görə Azərbaycan məktəblərinin, bazar günü məktəblərinin açılması istiqamətində də biz hər zaman kömək göstərməyə hazırıq. Əslində, bunu edirik. Bəlkə də bunu daha da təşkilatlanmış şəkildə etmək lazımdır. Çünki Ana dili əsas amildir. Ana dili bütün Azərbaycan vətəndaşlarını birləşdirir”.
Ölkə başçısının bu tövsiyələri xaricdə yaşayan soydaşlarımız üçün mayak rolunu oynayır və həftəsonu məktəblərinə marağı daha da artırır.
Oslodakı həftəsonu məktəbinin fəaliyyətindən danışan Ramil Əliyev məktəbdə mütəmadi şəkildə təşkil olunan tədbir və görüşləri də diqqətə çatdırıb:”Məktəbimizdə Azərbaycan mədəniyyətinin klassik və müasir nümayəndələri haqqında şagirdlərə geniş məlumat verilir, Nizami Gəncəvinin yaradıcılığına müraciət olunur, şagirdlərə onun şeir və qəzəlləri öyrədilir. Bundan başqa müasir ədəbiyyatımızı təmsil edən şair və yazıçılarımızla, mədəniyyət xadimləri ilə canlı və virtual görüşlər təşkil olunur. Nəriman Həsənzadə, Çingiz Abdullayev, İlqar Fəhmi, Zaur Ustac, Rəis Rəsulzadə, Sevinc Nuriqızı, Eluca Atalı, Xanım Qasımova və adını çəkmədiyim onlarla istedadlı şair, yazıçı və araşdırmaçı, ictimai xadim məktəbimizin şagirdləri ilə görüşüb.
Biz həm də müasir mədəniyyətimizi təmsil edən biz çox insanları məktəbimizə dəvət etmişik. BabaVəziroğlu, Gülzar İbrahimova və Fəxrəddin Manafovla görüşlər unudulmaz olub. Məhz bu tədbirlərin sayəsində şagirdlərin ana vətənimiz Azərbaycana, Azərbaycan dilinə və adət-ənənələrimizə maraq və sevgisi çoxalıb. Norveçin azərbaycanlı uşaqlarının vətən sevgisinin daha da artmasında müəllimlərimizin əvəzsiz rolu var. Fürsətdən istifadə edib məktəbimizin müəllimlərini uğurlu fəaliyyətləri münasibətilə təbrik edir, onlara müvəffəqiyyət arzu edirəm. Norveçə yolu düşən hər kəsi məktəbimizi ziyarət əməyə dəvət edirik”.
Oslonun azərbaycanlı şagirdləri ilə görüşən Fəxrəddin Manafovun təəssüratını da yada salmaq yerinə düşər. Böyük sənətkarımız görüşdən sonra bildirmişdi ki:“Məktəbin şagirdi olan azyaşlı soydaşlarımız məni ana dilimizdə salamladılar, qəhərləndim. Vətəndən uzaqda yaşayan, bəlkə də ayağı hələ Azərbaycan torpağına dəyməmiş balaca azərbaycanlılar mənimlə öz dilimizdə danışırdılar”.
Əlavə edək ki, Oslodakı həftəsonu Azərbaycan məktəbində Azərbaycan dili, milli rəqslər, rəsm, şahmat dərsləri tədris olunur, həmçinin təlim-tədris kursları təşkil olunur, tez-tez şagirdlərin əl işlərindən ibarət sərgilər keçirilir. Oslodakı Azərbaycan Evi soydaşlarımızın isti nəfəsi, birliyi və vətən sevgisi ilə daim isinir, zaman keçdikcə vətənin bir parçası olaraq daha çox soydaşımızı cəlb edir. Təsadüfi deyil ki, məktəbin kollektivi Norveçdəki Azərbaycan diasporunun ən fəal üzvlərinə çevrilib.
Qeyd edək ki, bu gün dünyanın müxtəlif ölkələrində 100-dən çox həftəsonu məktəbi, eləcə də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə açılan “Qarabağ” məktəbləri aktiv fəaliyyətdədir. Həmin məktəblər yüzlərlə azərbaycanlı uşaq və gəncə, eləcə də ölkəmizi sevən xaricilərə təmənnasız xidmət edir. Diasporla İş üzrə Dövlət Komitəsi məktəbləri lazım olan əyani vəsaitlərlə təmin edir, müəllimlərin keyfiyyətli tədris aparmasına dəstək göstərir.
Qənaət budur ki, xaricdə həftəsonu Azərbaycan məktəblərinin təsis olunması gənc nəslin tarixi Vətənlə bağlarının qorunmasında, ana dilini öyrənməsində mühüm əhəmiyyət kəsb edir. Azərbaycan məktəbləri ölkəmizlə xaricdəki icmalar arasında daha dərin ünsiyyət qurmağa şərait yaradır, birləşdirici xarakter daşıyır, azərbaycanlı uşaq və gənclərin sözdə deyil, reallıqda birlik anlayışını dərinləşdirir.