Ramazan ayı başlayandan möminlər, eləcə də ibadətlə məşğul olmayan, özünü müsəlman hesab edən insanların bir çoxu oruc tuturlar. Bəziləri isə müxtəlif səbəblərdən oruc tuta bilmədiklərini qeyd edir, bunu “kompensasiya” etmək üçün oruc tutanlara iftar verdiklərini, bu yolla bir növ Allah qarşısında borclarından çıxdıqlarını, oruc tutanların savabından pay aldıqlarını, özlərinin də savaba batdıqlarını vurğulayırlar.
Maraqlıdır, Ramazanda oruc tutmayan şəxs iftar verməklə öz mənəvi borcundan xilas olurmu? Bu, oruc tutanın savabına bənzər ibadət sayılırmı? Ümumiyyətlə, Ramazan ayının hikməti və fəziləti nədən ibarətdir?
Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan İlahiyyat İnstitutunun dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov mövzu ilə bağlı Medianews.az-a bildirib ki, İslam hüququna görə, Ramazan ayında oruc tuta bilməyənlər digər aylarda bu ibadəti edir, tuta bilmədikləri gün qədər qəza orucu tuturlar.
İlahiyyatçı-alim qeyd edib ki, xroniki xəstəlikdən əziyyət çəkən, ahıl yaşda olan bəzi insanlar nəinki Ramazan ayında, hətta digər aylarda da oruc tuta bilmir: “Belə olanda o şəxslər fidyə ödəməlidirlər. Fidyə oruc tuta bilmədiyimiz günlərin sayı qədər yoxsulu gün ərzində doyuzdurmaqdır. Azərbaycanda “Mən oruc tuta bilmirəm, iftar verərək bu nöqsanı kompensasiya edə bilərəm” düşüncəsi doğru deyil. Əvvəla, iftar yalnız bir yeməyi nəzərdə tutur. O da axşam yeməyidir. Üstəlik, burada ancaq oruc tutanlar nəzərə alınır. O baxımdan iftar heç də fidyəni ödəmir. Fidyə bir yoxsulu gün ərzində doyuzdurmaqdır. Buraya səhər, günorta və axşam yeməyi daxildir. Təəssüf ki, bəzən iftar verənlər bunu heç də yoxsullar üçün etmirlər. Halbuki fidyə yoxsulların doyuzdurulması ilə əlaqəli bir öhdəlikdir. Ona görə də, insanlarımız hər şeydən əvvəl özlərinə sual versinlər ki, mən xroniki xəstəlikdən və ya ahıllıqdan əziyyət çəkirəmmi? Əgər belədirsə, o zaman onlar fidyə ödəməlidirlər. Bununla yanaşı, iftar süfrəsi açaraq yoxsulları da yedizdirə bilərlər. Təbii ki, bu da fidyə ilə paralel şəkildə olmalıdır”.
Fəlsəfə doktoru E.Məmmədov Ramazan ayının hikmətindən də söhbət açıb. O vurğulayıb ki, bütün ibadətlərdə olduğu kimi, Ramazan ayında tutulan orucda da əsas məqsəd insanın nəfsini mənəvi tərbiyə etmək, ruhunu xilas etmək, onu dəyişdirməkdir: “Allah istəyir ki, biz oruc tutmaqla mənəvi cəhətdən tərbiyə olunaq, dəyişək, kamilləşək. Bu baxımdan biz Ramazan ayında allahın bizə əmr etdiyi göstərişlərə əməl etməklə, qoyduğu qadağalardan da çəkinməklə mənəvi cəhətdən tərbiyə olunuruq. Çünki tərbiyə qadağadan çəkinib əmr olunana yaxınlaşmaqla gereçəkləşir. Ramazan ayı bizə möhkəm iradə, əzmkarlıq, səbir və ənənəvi həyatdan imtina şüuru aşılayır ki, bütün bunlarda dəyişiklik üçün əsas şərtlərdir. Biz oruc tutmaqla mənəvi cəhətdən yüksəlirik və inkişaf yolu keçirik. Orucun əsas hikməti elə bundan ibarətdir. “Qurani-Kərim”də Allah buyurur ki, oruc tutmaqla siz bəlkə təqva məqamına yüksələsiniz”.
İlahiyyatçı-alimin sözlərinə görə, Allah istəyir ki, biz təqva məqamına çataq: “Təqva həssas imandır, həssas möminlikdir. Hər kəs Allaha inanır, bu nəzəri imandır. Amma o kəslər ki, həm Allaha inanır, həm də Allahın istədiyi kimi yaşayır, onlarda artıq əməli həssas iman mövcuddur. Allah da istəyir ki, biz oruc tutaraq imanımızı həssas müstəviyə daşıyaq, əsas möminliyə sahib olaq, Allahın istədiyi kimi yaşayaq, onun əmrlərini, qadağalarını həyatımıza proyeksiya edək. Orucun fəzilətinə gəldikdə isə, heç şübhəsiz ki, Ramazan hər şeydən əvvəl “Qurani-Kərim” ayıdır, tövbə, dua, bağışlanma, diləmək, ilahi fürsətlərin olduğu bir aydır. Bu ayda savablar insana ikiqat olaraq yazılır. Allah bu ayda cənnətin qapılarını açmış, cəhənnəmin qapılarını isə bağlamışdır. Bu ayda qədr gecəsi var və bütün bunlardan istifadə edərək, biz mənəvi cəhətdən paklana, təmizlənə bilərik”.