Mərkəzi Asiya regionu müsəlman ölkələrindən ibarət olsa da, hamısı dünyəvi qanunlarla idarə olunur. Lakin son zamanlar radikal dini cərəyanlar Özbəkistan, Tacikistan və Qırğızıstan kimi ölkələrin milli təhlükəsizliyinə əsas təhdidlərdən birinə çevrilib.
1990-cı illərin əvvəllərindən bəri minlərlə insanın həlak olduğu əksər terror aktlarının, iğtişaşların və hətta vətəndaş müharibələrinin arxasında radikal dini sektalar dayanır. Rusiyada fəaliyyət göstərən Lenta.ru saytı Mərkəzi Asiya ölkələrində radikal dini cərəyanlarla aparılan mübarizə haqqında geniş material hazırlayıb.
Yazıda qeyd olunur ki, Özbəkistanda təhlükəsizlik qüvvələri auditoriyaları gəzərək ali məktəbə hicabda və ya saqqallı gələnləri axtarır. Belə tələbələrdən xarici görünüşlərini geyim qaydalarına uyğun gətirmələri xahiş olunur. İmtina edənləri sadəcə olaraq dərsdən qovurlar.
Bu reydlər təkcə ali məktəblərlə yekunlaşmır, orqan əməkdaşları xəbərdarlıq etmədən paytaxtın kafe, emalatxana və mağazalarına baş çəkirlər: vitrinlərdən ərəb dilində yazıların çıxarılmasını, işçilərin işə yalnız dünyəvi geyimdə gəlmələrini tələb edir, sahibkarların Yaxın Şərq ölkələri ilə biznes əlaqələri olub-olmaması ilə maraqlanırlar.
Məqalədə bildirilir ki, hökumət adamlar məscidlərdə imamlarla “sərt söhbətlər” aparırlar, onları həbs edib kameraya salmasalar da, müşahidə kamerası altında saxlayırlar. Qeyd olunur ki, Tacikistan, Qırğızıstan və Özbəkistanda istisnasız olaraq bütün məscidlərdə məcburi qaydada videomüşahidə kameralarının quraşdırılıb. Səlahiyyətlilərin fikrincə, o, xüsusi xidmət orqanlarına xütbələr zamanı ekstremist ideyaları yayan imamları aşkarlamağa, habelə axtarışda olan radikalları müəyyən etməyə kömək etməlidir.
Yazıda qeyd olunur: “Əhalinin böyük əksəriyyətinin İslamı qəbul etdiyi bir ölkədə belə qəfil və qeyri-adi tədbirlər ilk baxışda cəfəngiyat kimi görünə bilər. Lakin bu qərarlarda qeyri-adi heç nə yoxdur.
Oxşar tədbirlər vaxtaşırı Tacikistanda da keçirilir və qonşu Qırğızıstanın parlamenti hətta niqab və uzun saqqal taxmağın tam qadağa qoyulmasını müzakirə edir.
Bu təcrübələri İslam fundamentalizminə qarşı mübarizə birləşdirir. Radikal hərəkatların canlanmasına dair istənilən işarə SSRİ-nin dağılmasından sonrakı qaranlıq dövrləri xatırladır və Mərkəzi Asiyanın postsovet ölkələrinin hakimiyyət orqanları üçün ən pis kabusdur”.
Materialda qeyd olunur ki, 1992-1997-ci illərdə Tacikistanda hökumət qüvvələrinin islamçılarla apardığı vətəndaş müharibəsi, Qırğızıstanda dini radikalların sərhəd postlarına hücumları, Özbəkistanda ekstremistlərin törətdiyi terror aktları bu ölkələrin rəhbərliyini ayıq-sayıq olmağa vadar edir.
Məqalə müəlliflərinin fikrincə, 1990-cı illərdə radikal dini cərəyanlara marağın artması işsizliyə, geniş yayılmış yoxsulluğa, miqrasiyaya, korrupsiyaya və keçid dövrünün digər xüsusiyyətlərinə təbii cavab kimi görünürdü. “Bir çoxları üçün din sosial terapiya formasına, mənəvi sağlamlığı yaxşılaşdırmağın bir yoluna və yeni sosial əlaqələr əldə etmək üçün bir təcrübəyə çevrilmişdi”, - məqalədə qeyd olunur: “2001-ci il sentyabrın 11-də ABŞ-da baş verən terror aktlarından və Qərb koalisiyasının Əfqanıstana müdaxiləsindən sonra Tacikistan, Özbəkistan və Qırğızıstanın daxili siyasi diskursunda “dindarlıq – radikalizm – dövlətə müxalifət” məntiqi möhkəm şəkildə yerləşdi”.
Məqalədə yazılır: “2021-ci ildə ABŞ qoşunları Əfqanıstanı tərk etdikdən, “yatmış” ekstremist fəallaşdıqdan sonra sabitliyin pozulması təhlükəsi yenidən müzakirə olunur”;
“Tacikistan Daxili İşlər Nazirliyinin 2022-ci ilin oktyabr ayına olan məlumatına görə, keçmiş SSRİ respublikalarından olan immiqrantlar Əfqanıstanda terrorçu qrupların tərəfində döyüşüblər”;
“Radikalların fəaliyyəti ilə bağlı problemlərə yeniləri də əlavə edilib və nə Tacikistan, nə Özbəkistan, nə də Qırğızıstan bunların öhdəsindən təkbaşına gələ bilmir”.
Bu dövlətlər “düzgün” məscidlərdə də dini həyata yaxından nəzarət etməyi, din xadimlərinin xarici dini icmalarla əlaqələrini izləməyi, qeyri-kanonik dini ədəbiyyatın yayılmasını qanunvericiliklə məhdudlaşdırmağı vacib sayırlar.
Hər üç ölkədə xaricdə dini təhsil almağa da məhdudiyyətlər var. Onlar müxtəlif şiddət dərəcələri ilə fəaliyyət göstərirlər: əgər Qırğızıstanda yerli ruhani idarəsi sadəcə olaraq xaricə dini təhsil almağa gedənlərə müvafiq icazə vermirsə, Tacikistanda dövlət orqanlarının icazəsi olmadan xarici mədrəsədə təhsil almaq tamamilə qadağamdır və həbs cəzası ilə cəzalandırılır.
Ancaq qeyri-ənənəvi İslam hərəkatlarına qoşulmaq istəyənlər çox vaxt internet təbliğatçılarının köməyi ilə “bilik” alırlar. Mərkəzi Asiyanın kəşfiyyat xidmətləri vaxtaşırı bu cür resursları bloklasa da, blokdan yan keçmə sistemlərinin inkişafı onların səylərini getdikcə azaldır.
Hakimiyyət üçün əsas problem ekstremist imamların hədəf auditoriyasının getdikcə daha çox xaricdə yaşayan taciklər, özbəklər və qırğızlara çevrilməsidir. Rusiyaya işləmək üçün gedənlər bu sıradadır. Çünki bu ölkədə dindarlığa münasibət daha sadədir, məscidlərə, dini toplantılara, diasporlara nəzarət xeyli zəifdir. İŞİD-ə qoşulan etnik taciklərin 80 faizinin əvvəllər Rusiyada əmək miqrantları olduğu bəllidir. Bu günlərdə Tacikistan prezidenti İmoməli Rahmon son 3 ildə 24 tacikin 10 ölkədə terror aktları törədilməsində iştirakçı olduğunu bildirib.
Bu məsələ ölkəmizdə, Azərbaycanda da aktualdır. Ölkədə öz ideyalarını təbliğ etmək, öz ətrafında qruplar formalaşdırmaq istəyən bir neçə radikal dini sekta var. Bir ara onlar xeyli fəallaşmışdılar, açıq şəkildə ekstremist fəalliyyətlə məşğul idilər, bir sekta yerli möminləri Yaxın Şərqdəki müharibələrə göndərmək üçün “hərbi komissarlıq” rolu oynayırdı, o biri sekta da gəncləri başqa ölkəyə göndərir, orada gizli kəşfiyyatçılar kimi hazırlanmalarını təmin edirdilər.
Sektaların ciddi təhlükə kəsb etməyə başladığını görən dövlət təhbərliyi boşalmış vintləri ciddi şəkildə sıxdı, dini cərəyanlar nəzarət altına götürüldü. Ancaq bu, onların tamamilə sıradan çıxması demək deyil. Bu qruplar hazırda “dərin sular”a dalıblar və əlverişli situasiya yetişən kimi üzə çıxacaqlar.
Mərkəzi Asiya respublikalarının təcrübəsi göstərir ki, dövlətlər o “əlverişli situasiya”nın yaranmasına rüsxət vermək fikrində deyillər. Çünki o radikal cərəyanların yaydıqları ideyaların mənəviyyata, əxlaqa, ruhaniyyata dəxli yoxdur. Onlar sadəcə, başqa-başqa dövlətlərin imperialist ambisiyalarının din pərdəsi altında yayılmasını təmin etmək istəyirlər. Məqsəd həmin dövlətlərin nüfuz dairəsini genişləndirmək, kiçik dövlətlərdə siyasi hakimiyyəti götürərək böyük islam dövlətlərinin vassalına çevirməkdir. Bu zaman, əlbəttə, “yaşıl inqilab” edən fəallar da ənamsız qalmayacaq, böyük vəzifələr tutacaq, özlərinə lüks həyat şəraiti yaradacaqlar.
Yuxarıda sözügedən məqalədə qeyd olunur ki, əgər əvvəllər Qırğızıstan, Tacikistan və Özbəkistanda “dünyəvi şüur” hökm sürürdüsə, son illərdə İslamın populyarlığı açıq-aşkar artmaqdadır. “Bu tendensiya, məsələn, adların populyarlığı ilə bağlı statistikada öz əksini tapır. Ötən il regionun, demək olar ki, bütün ölkələrində ən məşhur ad Mühəmməd olub. Beş-yeddi il əvvəl milli adlar populyarlıq baxımından lider idi”.
Bu tendensiya Azərbaycanda da var. Gerçəkdən də son illər doğulan uşaqlara dini adların qoyulması halları ifrata çatmışdı. Ötən il bu təmayül bir qədər zəifləyib.
Yazıda qeyd olunur ki, dini radikallarla mübarizədə bəzən ifrata varmalar da olur. Məsələn, adı çəkilən respublikalarda dindarların saqqalın ölçülməsi halları var. İş o yerə çatıb ki, məsələn, biri Tacikistanda kamera qarşısında müsahibə verərkən, arxa planda hicablı qız görünürsə, çəkiliş yenidən aparılır. Çünki düşüncə belədir: bu cür dini atributlar olan kadrları mərkəzi televiziyada göstərmək olmaz.
Məlum olduğu kimi, ölkəmizdə elə deyil və olmasına ehtiyac da yoxdur. İnsanlar dini etiqadlarında, ibadətlərində azad olmalıdırlar. Söhbət dövlətin quruluşunu, dünyəvi modelini dəyişdirmək, min illər öncə, quldarlıq formasiyası dövründə mövcud və aktual olmuş şəriət qayda-qanunlarını tətbiq etməyə çalışanların önlənməsindən getməlidir.
Araz Altaylı, Musavat.com