Orta Asiyada ilk strateji müttəfiqimiz

Deputat: “Cənab Prezident bu müqavilənin böyük Türk birliyinə gedən addım olmasını dolayısı ilə ifadə edərək bildirdi ki...”

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan lideri Şavkat Mirziyoyevin dəvəti ilə bu ölkəyə səfəri iki ölkənin münasibətlərini strateji müttəfiq səviyyəsinə qaldırdı. Son illər Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən Özbəkistanla əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu səfər də münasibətlərin ən yüksək səviyyədə olduğunun göstəricisidir. İki ölkə liderlərinin uzaqgörən siyasəti, qarşılıqlı səfərləri və mütəmadi təmasları ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayıb.

Azərbaycan-Özbəkistan münasibətləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Bu gün Azərbaycan bütün türk dövlətləri, o cümlədən Özbəkistanla ən yüksək səviyyədə diplomatik əlaqələrin qurulmasında və inkişaf etdirilməsində bölgənin lider dövləti kimi mühüm təşəbbüslər göstərir, türk birliyinin inkişafına böyük töhfələr verir. Azərbaycan-Özbəkistan əlaqələri TÜRKSOY, TÜRKPA, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Biznes Şurası və digər qurumlar çərçivəsində günbəgün genişləndirilir. Eyni zamanda Özbəkistanda yüksək səviyyədə təşkilatlanmış Azərbaycan diasporu da bu əlaqələrin inkişafında əhəmiyyətli rol oynayıb. Prezident İlham Əliyev müttəfiqlik münasibətləri haqqında danışarkən də dedi ki, bu müqavilə iki ölkənin imzalaya biləcəyi ən yüksək beynəlxalq sənəddir.

“İki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldular. Bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə bizim münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək”, - deyə Azərbaycan Prezidenti vurğulayıb. 

Azərbaycan və Özbəkistanın dövlət başçıları iqtisadi tərəfdaşlığın möhkəmləndirilməsinə xüsusi önəm verir. Bu da hər iki ölkənin iqtisadi inkişafına təkan verməklə yanaşı, regional inkişafı da stimullaşdırır. Ticarət sahəsində əməkdaşlıq Özbəkistanla iqtisadi münasibətlərdə əsas istiqamətlərdəndir. Ötən il Özbəkistanla ticarət dövriyyəsinin həcmi 180 milyon ABŞ dollarına yaxın olub. Bu ilin ilk 5 ayında isə bu göstərici təqribən 70 milyon ABŞ dolları təşkil edib. Azərbaycanda sənaye, ticarət, nəqliyyat, tikinti, kənd təsərrüfatı və xidmət sahələri üzrə Özbəkistanın 90-dan çox şirkəti qeydiyyatdan keçib. Sənayeyə birgə investisiya qoyuluşu uğurlu əməkdaşlıq nümunələri yaradıb. Hacıqabul Sənaye Parkında birgə layihə çərçivəsində avtomobil istehsal edilir. Bu il iyulun 1-nə olan məlumata görə, əməkdaşlıq çərçivəsində 5300-dən çox “Chevrolet” avtomobili istehsal olunub. Bundan başqa, birgə pikap, yük maşını və avtobus istehsalı həyata keçirilir. Azərbaycanda pambıqçılıq və ipəkçilik klasterlərinin yaradılması istiqamətində uğurlu işbirliyi davam etdirilir. Regionlararası forumlar bu sahədə, eləcə də mədəni əlaqələrin daha da genişlənməsinə töhfə verir. Azərbaycan və Özbəkistanın nəqliyyat-tranzit sahəsində də böyük potensialı var. 

Birgə İnvestisiya Fondunun kapitalını artırmaq üçün layihələrə 500 milyon dollar ayrılıb. Daşkənddə keçirilən biznes-forum layihələrlə çox zəngin olub. 20 istiqamət üzrə irəli sürülmüş yeni təşəbbüslər əməkdaşlıq əlaqələri daha zəngin edəcəkdi. Özbək investorları üçün Azərbaycanda işləmək, sərmayə qoymaq da əlverişli və faydalı olacaq.

İnvestisiya proqramları müəyyən olunmuş sahələr: sənaye (ağır, avtomobil, yüngül), kənd təsərrüfatı (pambıqçılıq, ipəkçilik, bağçılıq), turizm biznesi, mehmanxana biznesidir. Azərbaycanın Özbəkistan, eləcə də digər Mərkəzi Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına mühüm töhfələr verməkdədir.

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifov qeyd etdi ki, bundan sonra Azərbaycanla Özbəkistan daha böyük layihələrin reallaşmasına start verəcəklər: “Özbəkistan Mərkəzi Asiyanın tam ürəyində yerləşir. Vaxtilə buradan karvan yolları, o cümlədən məşhur Böyük İpək Yolu keçib. Özbəkistan, ilk növbədə, tarixi və mədəni turizm ölkəsidir. Şərqin qiymətli inciləri - Səmərqənd, Buxara, Xivə, Daşkənd, Kokand, Şəhrisəbz kimi orta əsr memarlığının möhtəşəm və bənzərsiz abidələrinin mövcud olduğu şəhərlər məhz Özbəkistanda yerləşir. Bu gün Özbəkistan sürətlə dünyanın turizm mərkəzlərindən birinə çevrilməkdədir. Çünki Özbəkistanda Makedoniyalı İskəndərin dövründən II Nikolaya qədər müxtəlif dövrlərə aid unikal arxeoloji və memarlıq abidələri kolleksiyası var. Özbəkistanda tarixi yerlərlə yanaşı, milyonlarla il yaşı olan bir çox müasir attraksionlar və təbii gözəlliklər var.

fikret.jpeg (167 KB)

 Fikrət Yusifov

Özbəkistan həm də zəngin bir ölkədir, ölkənin ərazisində indiyə qədər 100-ə yaxın mineral xammal növü müəyyən edilmişdir ki, onlardan 60-ı artıq istifadə olunur. Respublikada yerin dərinliklərində olan faydalı qazıntı ehtiyatları 5,7 trilyon ABŞ dollarından çox qiymətləndirilir. Təsdiqlənmiş qızıl ehtiyatlarına görə Özbəkistan dünyada 3-cü yeri, uran ehtiyatlarına görə 11-ci yeri, mis ehtiyatlarına görə 12-ci yeri tutur.

Son illər Özbəkistan hökuməti ölkədə böyük iqtisadi islahatlara start verib. Bu sahədə əsas strategiyaya iqtisadiyyatda dövlət müəssisələrinin dominantlığının daha da azaldılması, torpaq islahatlarının gücləndirilməsi, telekommunikasiya sektorunun və ticarətin tənzimlənməsinin aradan qaldırılması, logistika və nəqliyyat əlaqələrinin təkmilləşdirilməsi yolu ilə ticarət xərclərinin azaldılması kimi tədbirlər daxildir.

Bu gün Özbəkistan Mərkəzi Asiyada yaşıl enerji istehsalı sahəsində favorit ölkə hesab olunur. Sahənin potensial imkanlarını və inkişaf perspektivlərini nəzərə alan hökumət bu sahədə ciddi layihələri həyata keçirir.

Beynəlxalq Enerji Agentliyinin hesabatına görə, Özbəkistanın illik tələbatdan 30 dəfə çox - 2091 milyard kilovat-saat elektrik enerjisi istehsal etmək imkanlarına sahibdir. Özbəkistan iqlimi ildə 320 günəşli gündən ibarətdir ki, bu da böyük həcmdə alternativ enerji istehsalına imkan yaradır. Son 5 ildə Özbəkistan prezidenti yaşıl enerjinin inkişaf etdirilməsi üçün 15 sərəncam imzalayıb. Hökumət yaşıl enerji potensialını düzgün qiymətləndirərək müxtəlif xarici şirkətlərlə 21 müqavilə imzalayıb.

Yaşıl energetika sahəsində Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın yaxşı perspektivləri var. Azərbaycan Cənubi Qafqazda yaşıl enerji istehsalında ciddi layihələrə imza atmış bir ölkə kimi perspektivdə və bu sahədə daha böyük layihələri reallaşdırmağı planlaşdırır. Azərbaycan gələcəkdə Özbəkistanda istehsal olunan yaşıl enerjinin bir hissəsinin öz ərazisi üzərindən Avropaya ixracını həyata keçirə bilər.

Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Daşkənddə keçirilən görüşünün yekununda Azərbaycanla Özbəkistanın strateji müttəfiqliyini təsdiqləyən sənədə imza atıldı. Azəbaycanla Özbəkistan artıq strateji müttəfiq hesab olunurlar. Bundan sonra hər iki ölkə daha böyük layihələrin reallaşmasına start verəcək. Hazırda Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti 500 milyon ABŞ dolları dəyərində nizamnamə kapitalına malikdir. Azərbaycan Prezidentinin son səfəri zamanı məlum oldu ki, hər iki tərəf  ümumi dəyəri 520 milyon dollar olan 7 yeni layihəni həyata keçirilməyi planlaşdırır.

Azərbaycan özünün yeni strateji müttəfiqini seçdi. Mərkəzi Asiyanın aparıcı ölkəsi ilə bu əməkdaşlıq həm iqtisadi, həm də siyasi müstəvidə hər iki ölkəyə böyük uğur qazandıra biləcək".

Bəhruz Məhərrəmov: Separatçılığı təbliğ edən media orqanlarının  Azərbaycanda fəaliyyətinin dayandırılması məsələsinə baxılmalıdır

Bəhruz Məhərrəmov

Deputat Bəhruz Məhərrəmovun sözlərinə görə, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri və imzalanan sənədlərin məzmunu Azərbaycan və Özbəkistan arasında münasibətlərin yeni tarixi mərhələyə qədəm qoyması baxımından müstəsna önəm daşıyır: "Azərbaycan və Özbəkistan prezidentlərinin mətbuata birgə bəyanatında da ifadə olunduğu kimi, dövlətlərimiz qarşılıqlı münasibətlərə yalnız ikitərəfli əlaqələr zəminində yox, regional perspektivi müəyyən edən tarixi-siyasi hadisə kimi baxır. Möhtərəm Prezidentin Daşkənddən də bəyan etdiyi kimi, artıq Mərkəzi Asiya, Cənubi Qafqaz və Xəzər regionları vahid geosiyasi coğrafiyaya çevrilir və regionda müsbət proseslər Azərbaycan və Özbəkistan arasında səmərəli əməkdaşlıqdan çox asılıdır. Bildiyiniz kimi, Azərbaycan Vətən müharibəsi və antiterror tədbirlərində böyük zəfərləri ilə regionda yeni geosiyasi reallıq yaradaraq diktə edən gücə çevrilmiş, həmçinin zamanında cənab İlham Əliyevin reallaşdırdığı iri enerji və tranzit layihələri hesabına bir çox Qərb dövlətlərinin enerji, dolayısı ilə milli təhlükəsizliyində önəmli rola malik ölkəyə çevrilib. Eyni zamanda hərbi, siyasi və diplomatik qələbələri, siyasi və iqtisadi suverenliyi, artan nüfuzu Azərbaycana imkan verməkdədir ki, bölgənin əsas tranzit habı kimi çıxış etsin. Özbəkistan isə özünün əhali və ərazi, həmçinin təbii sərvətlər potensialı ilə Orta Asiya və bütövlükdə Mərkəzi Asiyanın parlayan ulduzlarından hesab olunur. Belə olan təqdirdə, Azərbaycan və Özbəkistanın güclərinin birləşdirilməsi, qlobal və regional arenada vahid mövqedən çıxış etməsi bütövlükdə, həqiqətən də, regionun taleyi üçün həlledici əhəmiyyətə malikdir. Əlbəttə, Ulu öndər Heydər Əliyevin hakimiyyəti illərindən etibarən Azərbaycan və Özbəkistan arasında münasibətlər yüksələn xətt üzrə inkişaf etməkdədir. Xüsusən son bir neçə ildə Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyevin səyləri ilə münasibətlərimizdə yeni bir dönəm başlayıb. Möhtərəm Prezidentin Daşkənddən ifadə etdiyi kimi, müttəfiqlik münasibətləri haqqında müqavilə iki ölkənin imzalaya biləcəyi ən yüksək beynəlxalq sənəddir. Cənab Prezident bu müqaviləni Azərbaycan və Özbəkistan arasında münasibətlərin yeni kitabı kimi qiymətləndirdi. Cənab Mirziyoyev isə bu sənədin imzalanması ilə Azərbaycan və Özbəkistan arasında çoxplanlı tərəfdaşlığın hərtərəfli inkişafı kursuna möhkəm sadiqliyimizin təsdiq edildiyini bildirdi. Əlbəttə, müttəfiqlik münasibətləri haqqında müqavilənin mühüm xarici siyasət addımı olması və gələcək illərdə Azərbaycanla Özbəkistan arasında münasibətləri, həmçinin dövlət başçımızın da ifadə etdiyi kimi, bir çox hallarda regional siyasəti müəyyən edəcəyi şübhə doğurmur. Lakin eyni zamanda bu sənədin imzalanması və Daşkənddən verilən bəyanatlar siyasi, iqtisadi, sosial məna yükü ilə yanaşı, həm də mənəvi əhəmiyyətə malikdir. Möhtərəm cənab Prezident bu müqavilənin böyük Türk birliyinə gedən addım olmasını dolayısı ilə ifadə edərək bildirdi ki, üzərimizdə dolaşan və bununla bizə xeyir-dua verən əcdadlarımızın ruhu şad olacaq. Əlbəttə, Azərbaycan və Özbəkistan arasında müttəfiqlik münasibətlərinə dair müqavilənin yalnız sənəd olaraq qalmayacağı, konkret əməllərdə büruzə verəcəyi şübhə doğurmur, çünki Azərbaycan və Özbəkistan münasibətləri bütün sahələrdə açıq, konkret və birbaşa mövqelərdə ifadə olunur. Məsələn, Özbəkistan Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalı dönəmində birmənalı siyasi mövqe ortaya qoymuş, Azərbaycan öz torpaqlarını işğaldan azad edərkən açıq formada mövqeyini ifadə etmiş və ötən ilin avqust ayında Füzulidə Özbəkistan Prezidentinin təşəbbüsü və Özbəkistan hökumətinin dəstəyi ilə Mirzə Uluqbəy adına 960 yerlik məktəb istifadəyə verilmişdir. Əlbəttə, böyük quruculuq və bərpa prosesi çərçivəsində Azərbaycan öz hesabına onlarla, hətta yüzlərlə yeni məktəb tikməyi planlayır və daha artığına qadirdir. Lakin Özbəkistanın bu jesti haqq işində Azərbaycana açıq dəstək, ölkəmizin ərazi bütövlüyünə, Azərbaycan Prezidentinin rəhbərliyi altında həyata keçirilən quruculuq və bərpa prosesinə birmənalı dəstək deməkdir. Məhz həmin ənənələrin davamı olaraq prezidentlərin Daşkənddən də ifadə etdiyi kimi, artıq Xankəndi şəhərində yeni yüngül sənaye müəssisəsinin yaradılmasına dair razılığın əldə olunması Özbəkistanın beynəlxalq hüququn aliliyinə, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə münasibətinin dönməz xarakter daşıdığının göstəricisidir. Regionun qlobal güc mərkəzi olan Azərbaycan, nüfuz və imkanları artıq regionun sərhədlərini çoxdan keçən qlobal miqyaslı lider olan cənab İlham Əliyevin isə Özbəkistana münasibəti, beynəlxalq arenada Azərbaycanın Özbəkistana dəstəyi də öz növbəsində birmənalı xarakter daşıyır və bundan sonra, heç şübhəsiz ki, bu proses daha da güclənəcək".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

27.08.2024 09:40
672