Ermənistanın təxribatları davam edir. Amma qarşı tərəf anlamalıdır ki, bu prosesin davam etməsi onların özünə ziyan vuracaq. Sadəcə olaraq onların təxribatları tamam başqa məqsədlərə hesablanıb. Əsas məqsəd sülh müqaviləsinin imzalanmasının vaxtının uzadılmasıdır. Erməni tərəfi bunun üçün müxtəlif yollar axtarır.
Musavat.com xəbər verir ki, bunu Teleqraf.com-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
O qeyd edib ki, erməni tərəfi məhz bu məqsədlərinə uyğun olaraq hərbi-siyasi müstəvidə təxribatlara əl atır:
“Bir müddət öncə erməni tərəfi Laçın sərhəd-buraxılış məntəqəsi ilə bağlı Beynəlxalq Ədələt Məhkəməsinə üz tutdu. Amma Beynəlxalq Ədalət Məhkəməsi qərar çıxardı ki, Laçın Azərbaycan ərazisidir. Azərbaycan da beynəlxalq hüquqa uyğun öz ərazisində istənilən yerdə buraxılış məntəqəsi yarada bilər. Beləliklə, Ermənistan buradan rədd cavabı aldı. Bundan sonra Ermənistan BMT Təhlükəsizlik Şurasına müraciət etdi. Avqustun 16-da BMT TŞ-ı iclası da Ermənistan üçün nəticəsiz bitdi. Buradan da əli boş dönən erməni tərəfi öz çirkin kampaniyasını müxtəlif platformalarda davam etdirir”.
Komitə sədrinə görə, BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə bağlı çıxarmış 4 qətnaməsini heçə sayan Ermənistan indi həmin qurumdan imdad istəyir:
“Paradoks da elə bundadır ki, 30 ilə yaxın BMT-nin qətnamələrini heçə sayan Ermənistan indi buradan öz maraqlarına uyğun qərar gözləyir. İndi isə erməni tərəfi ümidlərini Fransaya bağlayıb. Gözləyirlər ki, Fransa BMT TŞ-nin daimi üzvü kimi onların xeyrinə hansısa bir qərarın çıxarılmasın nail olsun”.
Millət vəkili Avropa İttifaqı Nazilər Şurasının İclasından da Ermənistanın Fransanın dəstəyi ilə öz xeyrinə hansısa qərar gözlədiklərini bildirib:
“Sözsüz bütün bunlar cəfəng və mənasız iddialardır. Azərbaycan Prezidenti avqustun 26-da Laçın Şəhər Günü ilə bağlı tədbirdə çıxışında birmənalı olaraq bir daha vurğuladı ki, Azərbaycanı heç kəsin hədə-qorxusu, təzyiqi öz yolundan döndərə bilməz”.
Ziyafət Əsgərova görə, erməni tərəfinin atmış olduğu bütün addımlar iflasa uğrayacaq:
“Azərbaycanın işi haqqa, beynəlxalq hüquqa əsaslanır. Ona görə də, bu cür təxribatlara vaxt udmaq, məsələni uzatmaq ilk növbədə Ermənistanın özünə ziyandır. Çünki bütün hallarda erməni tərəfinin hərbi təxribatlarının davam etməsi Azərbaycan Ordusunun buna layiqli cavab verməsi ilə nəticələnəcək. Qarşı tərəf unutmamalıdır ki, Dəmir Yumruq yerindədir və atılacaq addımla bu məsələlərə birdəfəlik son qoyulacaq”.