“Oqtay, sonuncu dəfə gülümsə, sənsiz darıxırıq” - Dilarə Əliyeva - VİDEO

Bu gün mərhum Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin ad günüdür.

Musavat.com axşam.az-a istinadən bildirir ki, bu münasibətlə "Müasir televiziya ocağı" sənədli filmi təqdim olunub. Ekran işində ATV telekanalının rəhbəri Azər Xəlilov, Xəzər media mərkəzinin baş direktoru Murad Dadaşov, Xalq artistləri Afaq Bəşirqızı, Zülfiyyə Xanbabayeva, Mehriban Zəki, kinorejissor Vaqif Mustafayev, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə və digərləri O.Əliyevlə bağlı xatirələrini bölüşüblər.

Onun həyat yoldaşı, Əməkdar artist Dilarə Əliyeva sənədli filmdə bu fikirləri səsləndirib:

"Oqtay, bu gün sənin ad günündür. Hər ad günü öncəsi səndən soruşardım ki, nə alım sənə? Deyirdin ki, yox, bu olmadı, istədiyimi ala bilirəm, sürpriz olanda maraqlı olur. Həmişə çalışırdım ki, səni təəccübləndirim. Sənin də xoşuna gəlirdi. Deyirdin, bax, bu başqa məsələ, dərsindən 5. Sən də dərsindən beş idin. Bu gün 55 yaşın tamam olur. Ağlıma belə gəlməzdi ki, iki 5 yan-yana gələndə sən özün yanımızda olmayacaqsan. Hər yenilik birinci sənin ağlına gəlirdi. Dəyişikliyi çox sevirdin. Bəs, dünyanı dəyişmək haradan ağlına gəldi, Oqtay? Sənsizlik çox bilinir. 

Hamının halına yanırdın, onlar başına yığışırdı. Sanki heç vaxt sönməyən ocaq idin. Tüstüsü olmayan ocaq. Ailənə yaxınlarına, əzizlərinə həmişə möhkəm olmağı tapşırırdın. Doğrudanmı bizi tərk etməyə hazırlaşırdın? Novruz bayramında yadından çıxıb fişəngi partlada bilməmişdin, narahat idin. Səhəri gün dedin, tez gedib partladaq. Yolda sənə dedim ki, yuxuda fişəngi partlatmaq istədim, amma orada da edə bilmədim. Güldün, dedin ki, mənsiz etmək istəyirdin? Bağışla Oqtay, fişəngi sənsiz partladacağam. Hazırlaş, bu dəfə nizamımımız belə olacaq. Mən yuxarı, sən isə aşağı baxacaqsan. Sonuncu dəfə gülümsə, Oqtay! Sənsiz çox darıxırıq".

Ekran işində Oqtay Əliyevin arxiv görüntüləri də yer alıb.

Qeyd edək ki, O.Əliyev martın 22-də avtomobil qəzasında dünyasını dəyişib. Qəza zamanı maşında Dilarə Əliyeva və Xalq artisti Mehriban Zəki də olub. D.Əliyeva xəsarət almayıb, M.Zəki isə müalicədən sonra evə buraxılıb.

19.06.2023 19:02
907