Bu gün OPEC+ nazirlərinin monitorinq komitəsinin növbəti iclası keçirilib. Musavat.com Bloombergə istinadən xəbər verir ki, videoəlaqə formatında keçirilən iclasda əsas diqqət bu ilin birinci yarısında kvotadan artıq hasilata yol vermiş ölkələrin növbəti mərhələdə hasilatı kompensasiya edəcək həddə qədər azaltmalarına yönəldilib.
Mənbələrin bildirdiyinə görə, bugünkü tədbirdən sonra neft hasilatı siyasətinin dəyişdirilməsi ilə bağlı komitədən hər hansı tövsiyə gözləmək mümkün deyil.
Eyni zamanda o da qeyd edilir ki, iclasda OPEC+-dan hasilatı könüllü azaldan və oktyabr ayından etibarən onu tədricən artırmağa başlayacaq səkkiz ölkə bazar vəziyyətindən asılı olaraq artımdan imtina edə və ya onu dayandıra biləcəklərini elan ediblər.
Əvvəllər öhdəliklərini yerinə yetirə bilməyən ölkələr təqdim olunan kompensasiya cədvəllərinə uyğun olaraq (İraq, Qazaxıstan, Rusiya) gələcəkdə hasilatı azaldacaqlarını təsdiqləyiblər. Bu azaltma nəticəsində oktyabr ayında əvvəlcədən gözlənilənin əksinə olaraq, hasilat azalacaq. Bu azalma sentyabr ayı ilə müqayisədə gündə 77 min barel təşkil edəcək. Azalmaya ən böyük töhfəni oktyabr ayında əvvəllər ixtisar edilmiş 265 min barelin əvəzini Kaşağanı planlı təmirə çıxarmaqla kompensasiya edəcəyini vəd edən Qazaxıstan verəcək. Daha 80 min barel İraq, 10 min barel isə Rusiya tərəfindən kompensasiya edilməlidir. Sentyabrda İraq və Qazaxıstan birlikdə hasilatı sutkada 98 min barel azaldacaq.
Beləliklə, oktyabrda OPEC+-ın yeni hasilat planı kompensasiyadan əvvəlki plandan sutkada 355 min barel azdır.
Musavat.com