"Səudiyyə Ərəbistanının "Saudi Aramco" neft şirkətinin neft hasilatını artırmaqdan imtina etməsi neftə tələbatın azaldığını göstərmir".
Musavat.com xəbər verir ki, bu fikri OPEK-in baş katibi Heysəm əl-Qays "Reuters" agentliyinə bildirib.
Qeyd edək ki, yanvarın sonunda "Saudi Aramco" ölkənin Energetika Nazirliyindən maksimum istehsal gücünü sutkada 12 milyon barel səviyyəsində saxlamaq üçün sifariş aldığını elan edib. Halbuki bundan əvvəl "Saudi Aramco" 2027-ci ilə qədər neft hasilatını sutkada 13 milyon barelə çatdırmağı planlaşdırırdı.
"İlk növbədə, açıq şəkildə bildirmək istəyirəm ki, Səudiyyənin qərarını şərh edə bilmərəm. Lakin bu addım tələbin azalmasının göstəricisi kimi yanlış şərh edilə bilməz", - Heysəm əl-Qays deyib.
OPEK baş katibi qeyd edib ki, təşkilat neftə olan tələbatla sabitliyə inanır və son proqnozuna sadiqdir. Belə ki, OPEK-in yanvar hesabatında 2024-cü ildə neftə tələbat artımının sutkada 2,2 milyon barel olacağı proqnozlaşdırılıb.
Əl-Qays həmçinin Anqolanın OPEC+ sazişi çərçivəsində kvotalarla razılaşmadığı üçün 2023-cü ilin dekabrında OPEK-dən çıxmasını ilk dəfə şərh edib: "Üzvün öz iradəsi ilə təşkilatı tərk etməsi ilk dəfə deyil. Bizdə üzvlərin ayrılması, ayrılıb yenidən qoşulması halları olub. Ona görə də mən bundan çox narahat deyiləm".
Musavat.com