İqlim dəyişikliyinə qarşı mübarizə səbəbilə neftdən uzaqlaşma xüsusilə qida, dərman və bərpa olunan enerji mənbələri üçün avadanlıq istehsalının azalmasına səbəb ola bilər. Bu fikri Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Heysəm əl-Qays Küveyt Xəbər Agentliyinə müsahibəsində deyib.
Onun sözlərinə görə, son illərdə ətraf mühitin qorunması bəhanəsi ilə neftdən uzaqlaşmağa çağıran çoxlu səslər var. OPEK-in baş katibi neftin dünya enerji balansının 31 faizini təşkil etdiyinə işarə edərək, bu cür çağırışları “yanlış və qeyri-real” adlandırıb. O qeyd edib ki, neft qlobal iqtisadiyyatda mühüm rol oynayır və gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib: "Neft yox olarsa, bu, külək turbinləri və günəş panelləri kimi bərpa olunan enerji mənbələri üçün avadanlıqların istehsalına təsir göstərəcək, çünki onların istehsalı neft məhsulları ilə bağlıdır".
Əl-Qaysın sözlərinə görə, neftin istehlakdan çıxarılması yol, dəniz və hava nəqliyyatına, qida, əczaçılıq və tibbi ləvazimatların istehsalına mənfi təsir göstərə bilər, həmçinin sabun və diş pastası çatışmazlığına səbəb ola bilər.
Əl-Qays əlavə edib ki, neftə tələbatın 2030-cu ilə qədər pik həddə çatacağına dair xəbərlər qalıq yanacaqlardan tamamilə uzaqlaşmaq çağırışlarına əsaslanır. OPEC-in proqnozlarına görə, 2045-ci ilə qədər qlobal neft tələbatı baza ssenarisi üzrə sutkada 116 milyon barelə, alternativ ssenarilərdən biri üzrə isə 120 milyon barelə çatacaq: “Zəruri neft tədarükünü təmin etmək üçün 2045-ci ilə qədər biz neft sənayesinin müxtəlif sektorlarına təxminən 14 trilyon dollar sərmayə qoymalıyıq”.
Musavat.com