OPEC+ sazişinin iştirakçıları artıq neft qiymətlərini kifayət qədər yüksək səviyyədə saxlaya bilməyəcəklər və onların enişini ləngitmək üçün edilən son cəhdlər yalnız müvəqqəti effekt verəcək.
Musavat.com xəbər verir ki, Bloomberg ekspertləri dünya neft bazarında qeydə alınan enişi şərh edərkən bu qənaətə gəliblər.
Bir gün əvvəl, sentyabrın 5-də Səudiyyə Ərəbistanı və Rusiyanın başçılıq etdiyi qrup təcili olaraq bir sıra ölkələr üçün neft hasilatının bərpasını iki ay müddətinə təxirə salmaq qərarına gəlib. Onları bu addımı atmağa son günlər qiymətlərin kəskin düşməsi sövq edib.
Bununla belə, qərarın təsiri qısamüddətli oldu: Bu gün qiymətlər 14 ayın minimumuna düşdü. Analitiklərin fikrincə, OPEC+ strateji planlarının iflasa uğramasını həm ABŞ-da, həm də sazişdə iştirak etməyən digər ölkələrdə hasilatın artması, həmçinin də Çində tələbatın azalması təmin edir.
Citigroup və JPMorgan 2025-ci ildə Brent markalı neftin qiymətinin bir barel üçün 60 dollara düşəcəyini və bunun dünyanın aparıcı mərkəzi banklarını və alıcılarını sevindirəcəyini, lakin ixracatçıların iqtisadiyyatına ciddi zərbə vuracağını proqnozlaşdırırlar. Kolumbiya Universitetində Qlobal Enerji Siyasəti Mərkəzi hesab edir ki, OPEC-ə daxil olmayan ölkələrdən gələn tədarük bazarda profisit yarada, elektrik avtomobillərinin artan populyarlığı neftə tələbatı azaltmaqla problemi ağırlaşdıra bilər. OPEC+ razılaşması liderlərinin alyans üzvlərini hasilatı artırmaqdan nə qədər saxlaya biləcəyi də ciddi suallar doğurur. Çünki sövdələşmənin bir çox iştirakçıları öz öhdəliklərinin öhdəsindən gəlməkdə çətinlik çəkirlər və çoxdan daha çox neft satmaq istəyirlər.
Musavat.com