OPEC+ hasilatı azaltmaq müddətini uzatdı - bəs qiymət?

"Bloomberg" analitikləri bazarda qiymətlərin qoruna bilməyəcəyi təhlükəsini yüksək qiymətləndirir

OPEC+ razılaşmasının iştirakçıları iyunun 2-də onlayn formatda keçirilən iclasda neft hasilatının azaldılması ilə bağlı sazişin müddətinin 2025-ci ilin sonuna qədər uzadılması barədə qərar qəbul edib. Bir sıra ölkələrdə könüllü ixtisarlar istisna olmaqla, hasilatın azaldılmasına dair müqavilə əvvəllər 2024-cü ilin sonuna qədər hesablanmışdı. 

Ümumi saziş əsasında azaldılmadan əlavə, Səudiyyə Ərəbistanı, Rusiya və digər ölkələr könüllü olaraq gündəlik hasilatı 2.2 milyon  barel də azaldıblar.

İyun görüşü ərəfəsində bir sıra ölkələr hasilatın azaldılması müddətinin uzadılmasına qarşı olduqlarını açıqlayıblar. May ayının ortalarında İraqın neft naziri Hayyan Abdel Ghani mətbuata açıqlama verərək görüşdə müddətin uzadılmasına qarşı çıxacaqlarını bəyan etmiışdi. Onun sözlərinə görə, ölkəsi artıq neft hasilatını kifayət qədər azaldıb: “Biz növbəti OPEC+ görüşündə hasilatın azaldılması müddətinin uzadılması ilə razılaşmayacağıq”.

Bir neçə ay əvvəl isə Anqola hasilatı azaltmaqdan imtina edərək, razılaşmadan çıxıb. Bundan əlavə, Qazaxıstan və Birləşmiş Ərəb Əmirliklərinin də müddətin uzadılmasına qarşı çıxdığı bildirilirdi. Görüş ərəfəsində "Bloomberg" agentliyi razılaşmanın aparıcı ölkələri olan Səudiyyə Ərəbistanı və Rusiyanın digər iştirakçılarla aktiv danışıqlar apardığına dair məlumat yaymışdı. İclas zamanı müddətin uzadılması qərarının qəbul olunması göstərir ki, onların danışıqları fayda verib. Doğrudur, onlar BƏƏ-nin hasilat kvotasını artırmağa razılıq verməli olublar, amma ümumi qərarın əldə edilməsi alyansın bundan sonrakı fəaliyyətinin davam edib-etməyəcəyi baxımından çox mühüm əhəmiyyət kəsb edəcək.

Bazar günü əldə olunan razılaşmaya əsasən gələn il üçün ölkələrin ümumi kvotası artırılıb. 2025-ci ildə OPEC+ ölkələri tərəfindən hasilatın ümumi səviyyəsi (səkkiz ölkə tərəfindən mümkün əlavə məhdudiyyətlər olmadan: Əlcəzair, Küveyt, İraq, Səudiyyə Ərəbistanı, BƏƏ, Rusiya, Qazaxıstan, Oman) sutkada 40,46 milyon barellə müqayisədə gündəlik 39,725 milyon barel olmalıdır. Bu azalma Anqolanın razılaşmadan çıxması hesabına baş verir. 2025-ci ilin yanvar ayından bu kvota BƏƏ hesabına 300 min barel artaraq 39,725 milyon barel təşkil edəcək. BƏƏ-nin hasilat kvotası sutkada 3,219-dan 3,519 milyon barelə qaldırılıb, lakin o, 2025-ci ilin yanvarından sentyabr ayına qədər tədricən artacaq.

Hasilatı əlavə olaraq azaldan ölkələr bu qərarlarını 2025-ci ilədək uzadıblar. Razılaşmaya əsasən Rusiyanın 2025-ci ildə hasilatı Səudiyyə Ərəbistanının istehsalından geri qalacaq.

Bundan əlavə, qərara alınıb ki, alyans ölkələrinin istehsal səviyyəsini əvvəlki kimi altı (Energy Intelligence, IHS, Rystad Energy, Wood Mackenzie, Argus, EIA) deyil, yeddi ikinci dərəcəli məlumat mənbəyi müəyyən etsin. Aprel ayından OPEK təkcə öz üzvlərinin deyil, həm də OPEC+ üzvü olmayan OPEC+ ölkələrinin hasilatını dərc etməyə başlayıb.

Eyni zamanda IHS, "Wood Mackenzie" və "Rystad Energy"nin məlumatları əsasında 2025 və 2026-cı illərdə istehsalın baza səviyyəsi müəyyən edilir.

Maraqlıdır ki, OPEK-in press-relizinə görə, Rusiya baza hasilat səviyyəsini yeniləmək üçün bu mənbələrlə işləyir. Bir il əvvəl o, baza hasilat səviyyəsini demək olar ki, 100 min barel artıra bilib.

Qeyd edək ki, hazırda ölkələr tərəfindən iki “könüllü” məhdudiyyət var. Hasilat kvotalarından əlavə sutkada 1,7 milyon barel ilk əlavə azaldılma 2023-cü ilin mayından 2024-cü ilin sonuna qədər qüvvədədir. İkinci könüllü azaldılma kvotası 2,2 milyon bareldir və onunla bağlı qərar 2023-cü ilin noyabrından 2024-cü ilin birinci rübü dövrü üçün qəbul edilib, sonra 2024-cü ilin ikinci rübünə qədər uzadılıb. 

Bazar “könüllülərin” məhdudiyyətlərini ilin ikinci yarısına qədər gündə 2,2 milyon barel artıracağını gözləyirdi. Lakin 1,7 milyon barel azaldılma həddi 2025-ci ilə qədər uzadılıb. Gündəlik 2,2 milyon barrel məhdudiyyəti isə rəsmi olaraq 2025-ci ilin sentyabr ayının sonuna qədər uzadılıb, lakin bu dövrdə hasilat tədricən artırılacaq. Bu prosesdə iştirak edən 8 ölkə 2024-cü ilin sentyabr ayının sonuna qədər mövcud məhdudiyyətləri qoruyacaq, lakin bu ilin oktyabr ayından etibarən, 2025-ci il sentyabrın sonunadək sutkada 2,2 milyon barel məhdudiyyətini “geri qaytarmaq” üçün hasilatı artırmağa başlayacaqlar.

Rusiya məhdudiyyətləri sutkada 500 min barelə, Səudiyyə Ərəbistanı isə 1 milyon barelə qədər “geri çəkəcək”. Bu, çox güman ki, Rusiya istehsalının krallıqdakı istehsaldan daha yavaş artacağı ilə bağlıdır.

Açıqlanan cədvələ əsasən, Rusiya bütün məhdudiyyətləri nəzərə alaraq 2024-cü ilin oktyabr ayına qədər sutkada 8,98 milyon barel neft hasil edə, 2025-ci ilin yanvarından hasilatı sutkada 9,1 milyon barelə, Səudiyyə Ərəbistanı isə 9,3 milyon barelə qədər artıra bilər.

2025-ci ilin aprelindən Rusiya sutkada 9,25 milyon barel, Səudiyyə Ərəbistanı 9,56 milyon barel, 2025-ci ilin iyul ayından Rusiya sutkada 9,37 milyon barel, Səudiyyə Ərəbistanı  9,8 milyon barel neft hasil edə bilər. 2025-ci ilin oktyabr ayından Rusiya sutkada 9,45 milyon barel, Səudiyyə Ərəbistanı isə 9,98 milyon barel hasil etməyi planlaşdırır.

Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salman qərarı açıqlayarkən mətbuata deyib ki, iqtisadi qeyri-müəyyənlik qaldığı üçün OPEC+ ehtiyatlı davranmaq qərarına gəlib. Onun sözlərinə görə, alyans vahid şəkildə fəaliyyət göstərir. 

İyunun 2-də əldə olunan razılığa əsasən OPEK+ Nazirlərin Monitorinq Komitəsi (MMMK) hələ də bazar vəziyyətini qiymətləndirmək üçün iki aydan bir toplaşacaq - növbəti iclas avqustun 1-nə təyin edilib. OPEC+ ölkələrinin bütün nazirlərinin görüşü dekabrın 1-nə planlaşdırılır.

Qeyd etdiyimiz kimi, iyun iclası ərəfəsində OPEK+ razılaşması daxilində ciddi narahatlıqlar vardı. Xüsusilə 2024-cü ilin birinci rübündə hasilat kvotasını aşan İraq və Qazaxıstanla ciddi müzakirələrin aparıldığı bildirilirdi. OPEK+ aparıcı ölkələri hər iki üzvün artırdıqları həcmləri kompensasiya etməsini tələb edirdilər. Uzun müzakirələrdən sonra mayın sonlarına yaxın elan olundu ki, İraq və Qazaxıstanın təmsil olunduğu “pozucular” ilin sonuna qədər birinci rübdəki artımı kompensasiya etmək üçün növbəti rübdən hasilatı ikisi birlikdə 1 milyon barel azaldacaqlar. İraqın birinci rübün sonunda artıq hasilatı sutkada 602 min barel, Qazaxıstanda isə 389 min barel təşkil edib. OPEK-in məlumatlarına əsasən, İraq aprel ayında vəddən artıq 184 min barel, Qazaxıstan isə 92 min barel çox hasil edib. May ayı üçün məlumatlar hələ təqdim edilməyib.

Rusiya da aprel ayında hasilatı azaldıb, lakin yanvar-mart aylarında kvotanı bir qədər üstələyib. Bəzi hesablamalara görə, söhbət gündəlik 100-200 min bareldən gedir.

Bu ilin aprelində OPEC-in məlumatına görə, ixtisarlarda iştirak edən OPEC+ ölkələri sutkada 35,6 milyon barel hasil etməli olduğu halda, 35,8 milyon barel hasil edib. Bütün məhdudiyyətlər nəzərə alınmaqla, 2025-ci ilin yanvarından OPEC+ hasilatı sutkada 36,4 milyon barelə, 2025-ci ilin oktyabr ayından isə 38,1 milyon barelə çata bilər.

OPEK+ razılaşmasının iştirakçısı olan Azərbaycanın energetika naziri Pərviz Şahbazov nazirlərin onlayn formatda keçirilən 37-ci iclasında iştirak edib. Nazirlikdən “Yeni Müsavat”a verilən məlumata görə, mövcud “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin 1 yanvar 2025-ci ildən 31 dekabr 2025-ci ilədək uzadılması ilə bağlı qəbul edilmiş qərarı Azərbaycan da dəstəkləyib: “Yeni qərar "OPEC plus" ölkələrində mövcud xam neft istehsal səviyyəsinin gələn il sabit saxlanılmasını, üç müstəqil mənbə tərəfindən istehsal göstəricilərinin qiymətləndirilməsinin 2025-ci ilin noyabrın sonuna qədər uzadılmasını və bu nəticələr əsasında 2026-cı il üçün yeni baza səviyyəsinin müəyyənləşdirilməsini nəzərdə tutur. Yeni qərara uyğun olaraq gələn il Azərbaycanın 551 min barel həcmində gündəlik xam neft hasilat kvotası dəyişməz qalır".

Onu da bildirək ki, Azərbaycanda hasilatın səviyyəsi demək olar ki, bütün iştirak müddətində kvotadan aşağı olub. Aprel ayında ölkədə gündəlik neft (kondensatla birlikdə) hasilatı 596 min barel olub. Bunun 476 min barelini xam neft, 120 min barelini kondensat təşkil edib. OPEK+ razılaşmasının yalnız neft hasilatını əhatə etdiyini nəzərə alsaq, Azərbaycanda hasilatın kvotadan 76 min barel aşağı olduğunu görərik. Bu, ölkənin əsas hasilat mənbəyi olan “Azəri-Çıraq-Günəşli” yatağında hasilatın təbii azalması prosesi ilə bağlıdır. Son 3 ildə yataqda hasilatın azalma sürəti planlaşdırılandan daha kəskin olub. Lakin bu il yataqda quraşdırılan yeni ACE platformasından hasilata başlanması ilə bu prosesin bir qədər ləngiyəcəyi gözlənilir. 

Ötən il Azərbaycanda neft hasilatı 30,5 milyon ton proqnoza qarşı 30,2 milyon ton təşkil edib. Azərbaycan hökuməti 2024-cü ildə ölkədə neft hasilatını 29 milyon 492,3 min ton səviyyəsində proqnozlaşdırır.

Hazırda dünya bazarında Brent etalon markalı neftin qiyməti 81 dollar təşkil edir. Bir çox analitik mərkəzlərə görə, OPEK+ alyansının hasilatı azaltmaqla qiymətləri 80 dollar həddində saxlamaq cəhdi Çində tələbatın azalması fonunda nəticəsiz qala bilər. Belə ki, aprel ayında Çin gündəlik neft idxalını 1 milyon barelə yaxın azaldıb. Eyni zamanda ölkədə neft emalı səviyyəsində də illik 4 faizə qədər azalma qeydə alınıb. Bu amili nəzərə alan Bloomberg analitikləri OPEK+ alyansının hasilatı azaltmaq qərarının bazarda qiymətləri qoruya bilməyəcəyi təhlükəsini yüksək qiymətləndirirlər.

Dünya SAKİT,
“Yeni Müsavat”

04.06.2024 12:02
502