“Prezident İlham Əliyevin tarixi nailiyyətlərindən biri də müstəqil siyasət həyata keçirməyi bacarmasıdır”
Dekabrın 24-ü Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin doğum günüdür. Onun 62 yaşı tamam olur.
İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.
İlham Əliyevin Prezident kimi ən böyük uğuru, əlbəttə ki, erməni işğalına son qoymasıdır. Bəs məşhurlar onun 2-ci, 3-cü möhtəşəm uğuru kimi nəyi qeyd edir?
Elman Nəsirov
Millət vəkili Elman Nəsirov “Yeni Müsavat”a danışıb:
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qazandığı ən böyük tarixi uğuru, heç şübhəsiz ki, torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün və suverenliyimizin tam qəti və əbədi təmin edilməsidir. Cənab Prezident bu tarixi addımı, uğuru, zəfəri ilə adını həm ölkəmizin, həm də dünyanın qalibiyyətlər dolu zəngin hərb tarixinə birdəfəlik həkk etmişdir. Bu, aksiomdur və heç bir sübut etməyə ehtiyac yoxdur.
Hesab edirəm ki, cənab Prezidentin fəaliyyətinin ən uğurlu addımlarından biri müstəqil və milli maraqlara söykənən siyasət həyata keçirməsidir. Bugünkü dünyamızda dövlətlərin öz xalqının milli mənafeyindən irəli gələn müstəqil siyasət həyata keçirməsi çox qəliz, çox mürəkkəb bir məsələdir. Bu gün dünyada təxminən 200-ə yaxın dövlət var, lakin müstəqil siyasət həyata keçirə bilən dövlətlərin sayı barmaq sayı qədərdir. Cənab Prezidentin sözləridir ki, ən asanı böyük bir dövlətin qanadları arasına sığınıb, onun himayəsi altında fəaliyyət göstərməkdir. Bu, ilk baxışdan cəlbedici olsa da, çox risklidir, çünki böyük dövlətlər bunu havayı etmir, gərək onun hər hansı avantürasının iştirakçısı olasan. Cənab Prezident ona görə qeyd edir ki, biz çətin, lakin şərəfli olanı seçmişik, bu da müstəqillik yoludur.
Beləliklə bu gün Prezident İlham Əliyevin tarixi nailiyyətlərindən biri də müstəqil siyasət həyata keçirməyi bacarmasıdır və dünya Azərbaycan Prezidentini məhz bu cür qəbul edir.
Nəhayət, hesab edirəm 3-cü ən mühüm uğurlarından biri də Azərbaycanın 2011-ci ildə Qoşulmama Hərəkatına qoşulması, 4 il ərzində bu hərəkata sədrlik etməsidir. Məlum olduğu kimi, əslində Azərbaycanın 3 il sədr olması nəzərdə tutulmuşdu, amma sonradan bir il də əlavə edildi. Bu, sözün əsl mənasında çox mühüm tarixi hadisədir. Yəni 120 dövlətin təmsil olunduğu bir quruma sədrlik etmək bizim tarixi uğurumuzdur və bu bizi bir çox təhlükələrdən xilas edib".
Çingiz Qənizadə
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə də qeyd edib ki, İlham Əliyevin ən böyük, Azərbaycan tarixinə qızıl hərflərlə yazılan uğuru erməni işğalına son qoyulması və Azərbaycanın bütün ərazilərində konstitusiya quruluşunun bərpa edilməsidir. Bu, təbii ki, cənab Prezidentin gördüyü işlərin nəticəsidir və nəticənin uğurlu olduğunu qeyd etməklə yanaşı, həm də bu nəticəyə gedən yolları da vurğulamalıyıq.
Cənab Prezidentin ən böyük uğurularından biri də Azərbaycan Ordusunun dünyada ən güclü ordular sırasına çıxması, eyni zamanda onun ən son modern orduya çevrilməsi istiqamətində gördüyü işlərdir. 2020-ci ilin sentyabrında başladılan azadlıq müharibəsi zamanı Azərbaycan Ordusunun nəyə qadir olduğunu, orduda hansı müasir, son hərbi texnikaların olduğu və onun necə yüksək səviyyədə, dəqiqliklə idarə olunduğunu gördükdə böyük qürur hissi keçirdik.
Həmçinin regionların sosial iqtisadi inkişafı ilə bağlı da qeyd edə bilərəm. 20 il bundan əvvəlki kənd yollarını, aparılan abadlıq işlərini indiki vəziyyətlə müqayisə etsək, müqayisəyə gəlməz, yəni son dərəcədə böyük fərq var. Çünki regionların sosial-iqtisadi inkişafı ilə bağlı cənab Prezidentin 5 illik dövlət proqramları var ki, həmin proqramlar artıq uğurla başa çatıb və bu gün Azərbaycanın ən ucqar kəndlərində qazlaşma, işıqlaşma, telefon və internet problemlərinin həll edilməsini, yolların asfaltlanmasını, yeni iş yerlərinin açılmasını gördükdə cənab Prezidentin iqtisadi sahədə də uğurlarını mütləq dəyərləndirməliyik.
Həmçinin sosial proqramlar, insanların həyat və güzəranlarının yaxşılaşdırlmasına doğru atılan addımlar, büdcələrin hər il sosial yönümlü olması, insanların sosial problemlərinin və rifahının yaxşlaşdırılması istiqamətində atılan addımları görür və belə hesab edirəm ki, cənab Prezidentin həm iqtisadi, həm sosial, həm hərbi sahədəki uğurları bir-birinin tamamlayan uğurlardır.
Digər bir məsələ isə Azərbaycanın dünyada tanınması, dövlətimizin dünyada qüdrətli söz sahibinə çevrilməsi, dünyanın inkişaf etmiş ölkələri sırasına çıxması, artıq digər dövlətlərin Azərbaycanla hesablaşmasını nəzərə alaraq deyə bilərik ki, xarici siyasətdə də cənab Prezidentin atdığı uğurlu addımlar əvəzolunmazdır".
Əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Cavanşir Quliyev növbədənkənar seçkilərdə İlham Əliyevə səs verəcəyini söyləyib:
“Növbədənkənar seçkilərin keçirilməsinin səbəbini bilmirəm. Lakin yüz faiz əminəm ki, xalqımız İlham Əliyevi Prezident seçəcək. Mənim özüm də İlham Əliyevi favorit görürəm və ona səs verməyi düşünürəm”. Cavanşir Quliyev Prezident İlham Əliyevin digər uğurları ilə bağlı qeydini bu cür açıqlayıb:
“Mənim üçün Qarabağın zəfərindən sonra Prezident İlham Əliyevin digər möhtəşəm uğurları Şuşa Bəyənnaməsi, Türk Dövlətləri Birliyinə razı olması ilə bağlıdır”.
“Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov isə sorğumuza bu cür cavab verdi:
“Bəli, İlham Əliyevin ən böyük uğuru torpaqlarımızın erməni işğalçılarından təmizlənməsi və ərazi bütövlüyümüzün tam təmin olunmasıdır. Bu həm də milli qürurumuzun, milli kimliyimizin formalaşması istiqamətində atılan çox nəhəng addımdır. Cənab Prezidentimizin imza atdığı bu uğur Azərbaycanın tarixi boyu qazanılmış uğurlar sırasında ən böyük, möhtəşəm olanıdır”.
Xalidə GƏRAY,
“Yeni Müsavat”