Vaqif də, qardaşı da Meşəli qətliamında iştirak edib.
Musavat.com Trend-ə istinadən xəbər verir ki, bunu Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəməsində Meşəli hadisələri zamanı zərərçəkmiş Alışov Elman deyib.
E.Alışovun sözlərinə görə, həmin vaxt anasının 78 yaşı olub, kəndə hücum zamanı onu snayperlə vurublar.
"Vaqif Xaçatryan hücumda birbaşa iştirak edirdi. Onu bir neçə dəfə gördüm, Novruz kişinin evini mühasirəyə alıb onu qətlə yetirdilər. Sadaili evinin qabağında balta ilə vuranda gördüm ", deyə o, əlavə edib.
Qeyd edək ki, cinayət işi üzrə məruzəçi hakim Camal Ramazanovdur.
Ötən proseslərində məhkəmə istintaqı başlayıb, prokuror ittiham aktını elan edib. Daha sonra təqsirləndirilən şəxs və iş üzrə zərərçəkən şəxslər məhkəmədə dindirilib.
Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçatryan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun üzv olduğu cinayətkar dəstə dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.
Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.