Ukraynada ölkə sakinləri onlayn nikaha daxil ola biləcəklər. Bu barədə rəqəmsal transformasiya naziri Mixail Fedorov məlumat verib. Onun sözlərinə görə, bunu “Diye” elektron dövlət xidmətləri servisindən istifadə etməklə həyata keçirmək mümkün olacaq. M.Fedorov bunun bütün dünya üçün unikal olacağını, ukraynalı hərbçilərin uzaqdan evlənməsinə şərait yaradacağını qeyd edib. Nazir xidmətin təhlükəsiz olduğunu diqqətə çatdıraraq, hər şeyin video formatında həyata keçiriləcəyini vurğulayıb.
Azərbaycanda da nikaha daxil olanlar üçün belə bir yeniliyin tətbiqi mümkündürmü?
Musavat.com xəbər verir ki, hüquq üzrə fəlsəfə doktoru, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin üzvü, beynəlxalq hüquq, insan hüquq və azadlıqları üzrə ekspert Elgün Səfərov mövzu ilə bağlı Medianews.az-a bildirib ki, Rusiya-Ukrayna müharibəsi fonunda vətəndaşların, xüsusilə də qadın və uşaqların xaricdə olduğu nəzərə alınaraq, rəsmi Kiyev belə bir addım atıb.
Ekspertin sözlərinə görə, Ukrayna əhalisinin 6 milyondan çoxu hazırda Avropadadır, qaçqın və məcburi köçkün statusuna malikdir: “Onların 80 faizi qadın və uşaqlardır. Müharibə və digər proseslər nəticəsində Ukraynanı tərk etməyə məcbur qalıblar. Azərbaycan vətəndaşları isə daha çox ölkə ərazisində yaşayırlar. Azərbaycandan xaricə gedən, orada əmək fəaliyyəti, bizneslə məşğul olan vətəndaşlarımızın sayı çox deyil. Azərbaycan əhalisinin bəlkə də 99.9 faizi öz ölkəsində işləyir. Bütün bu faktlara rəğmən, Ukraynadakı kimi Azərbaycanda da onlayn nikahın tətbiqi mümkündür. Bunun üçün ilk öncə məsələ qanunvericilikdə həllini tapmalıdır. Əgər belə bir imkan yaradılarsa, bu, xüsusi hallar üçün nəzərdə tutula bilər. Misal üçün, COVİD-19 pandemiyası zamanı müəyyən məhdudiyyətlər var idi və bu məhdudiyyətlər çərçivəsində vətəndaşların hüquqlarının müdafiəsi naminə müxtəlif addımlar atılırdı”.
Hüquqşünas deyib ki, mövzuya başqa bir aspektdən yanaşılarsa, onlayn nikahın tətbiqi həm də vətəndaşlar arasında rəsmi nikahın bağlanmasını stimullaşdırmaq istiqamətində atılan addımdır. Onun fikrincə, bu təcrübə digər xarici ölkələrdə də var: “Azərbaycanda da bir sıra qanunverici aktlara əlavə və diyişikliklər etməklə Ukraynadakı təcrübəni tətbiq etmək olar. Azərbaycanda elektron hökumət, elektron məhkəmə, ədliyyə, notarius və sair sistemlər var. Mobil tətbiqlər vasitəsilə heç bir yerə getmədən bir çox məsələləri onlayn qaydada həll etmək mümkündür. Bu təcrübələr var, müsbət effekt verir və gələcəkdə nikahların elektron qaydada, virtual şəkildə qeydiyyata alınmasında da hər hansı problem görmürəm. Yeni nəsil şəxsiyyət vəsiqələrində vətəndaşların bütün məlumatları, o cümlədən barmaq izləri, üz quruluşu, qan qrupu və sair məlumatlar da toplanıb. Onlayn nikaha daxil olmaq istəyən tərəflər üçün şəxsiyyət vəsiqələrinə dair məlumatları onlayn sistemə daxil etmək kifayət edər. Hazırda Azərbaycanda bu qaydada hərəkət edərək nikahın qeydiyyata alınması üçün sadəcə onlayn müraciət etmək mümkündür. Ümid edək ki, gələcəkdə onlayn nikah da mümkün olacaq”.
E.Səfərov qeyd edib ki, Azərbaycanda onlayn nikahı tətbiq etməklə yanaşı, şəxsiyyət vəsiqəsinin və xarici pasportun yenilənməsi, yaxud alınması üçün ilkin müraciətləri də elektron qaydada etmək mümkündür. Hüquqşünasın sözlərinə görə, Azərbaycanda elektron xidmətlərin mövcudluğu, vətəndaşlarının bu xidmətlərdən istifadəsi vaxta və maliyyə vəsaitinə qənaət etmək, həmçinin rahatlıq baxımından çox əhəmiyyətlidir.