Bu gün Xocavənd rayonunun Qarakənd kəndi üzərində göyərtəsində Azərbaycanın rəsmi şəxslərinin olduğu "Mi-8" helikopterinin erməni silahlı dəstələri tərəfindən vurulmasının növbəti ildönümüdür.
Faciəylə bağlı Musavat.com-a danışan tarix üzrə fəlsəfə doktoru Güntəkin Nəcəfli bildirib ki, o vaxtkı hökumət tərəfindən helikopterin vurulması qəza adlandırılıb:
"Guya helikopter qayaya dəyərək parçalanıb, amma sonra bəlli oldu ki, endirilərək vurulub. Hətta 22 nəfərin 12-nin meyitinə baxıldıqda onların sağ olduğu, qəzadan sonra alınlarından güllə yarası alaraq öldürüldükləri müəyyən olundu. Helikopterdə faciəyə məruz qalan şəxslər tez-tez Qarabağa səfər edən və hər biri tutduqları vəzifədə Azərbaycan lehinə qərarlar verən şəxslər idi. Qarakənd faciəsi yenicə müstəqil olmuş Azərbaycan Respublikasının möhkəmləndirilməsinə zərbə vurdu. Çünki o faciədə biz elə şəxsləri itirdik ki, onlar dövlətin möhkəmləndirilməsinə, dövlət quruculuğuna böyük töhfələr verəcəkdilər".
G.Nəcəfli qeyd edib ki, Qarakənd faciəsi digər faciələrin də baş verməsinə zəmin yaratdı:
"Bu hadisədən bir müddət sonra Qarabağın muxtariyyəti ləğv edildi, verilmiş bu qərar erməni quldurların terror fəaliyyətinə daha çox rəvac vermiş oldu. Moskvanın göstərişi ilə ərazidəki silahlı qüvvələrə edilən dəstək sayəsində Azərbaycan xalqı qətliamlara məruz qaldı".
Dürrə Həsənova,
Musavat.com