Havadakı maqnit qasırğası ilə əlaqədar ahıl şəxslərə və ürək xəstəliyi olanlara evdən çıxmamaq məsləhət görülür.
Bunu Teleqraf-a Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının icraçı direktoru Nəriman İsmayılov deyib.
Onun sözlərinə görə, bu dəfəki maqnit qasırğası şiddətinə görə çox böyük olmasa da, təsirinə görə uzunmüddətlidir.
“Mayın 28-də Yerin səthinə doğru axan plazma selinin planetimizin maqnit sahəsi ilə qarşılıqlı təsiri nəticəsində maqnit fırtınası başlayıb. Onun uzun müddət çəkməsinə səbəb Günəş səthində birbaşa baş verən alışma ilə yox, Günəş tacındakı koronar dəliklərlə əlaqəli olmasıdır. Günəşdəki aktivlik nəticəsində fəzaya atılmış plazma seli Yer atmosferinə yaxınlaşıb və maqnit sahəsini həyəcanlandırıb. Müxtəlif radio-rabitə pozuntuları, xırıltılar, təhriflər, qütb parıltıları müşahidə olunur. Maqnit qasırğası müəyyən xəstəlikləri olan insanlara mənfi təsir göstərir. Yaşlı və ürək problemi olan adamların bu günlərdə diqqətli olması məsləhətdir”, – o, bildirib.
Nəriman İsmayılov həmçinin qeyd edib ki, maqnit qasırğası ayın sonuna qədər davam edəcək.
Xatırladaq ki, Rusiyanın Tətbiqi Geofizika İnstitutu bu gün Yerdə G3 səviyyəli maqnit qasırğası baş verdiyi haqda xəbər yayıb.