Ön şüşəsinə Stalinin şəkli vurulan maşınlar – sovet dövrünün tarixə qovuşan “ənənə”si

Dünyanın əksər ölkələrində reklam şirkətləri öz müştərilərinin məhsullarını avtomobillərin üzərində də tanıdırlar.

Elə Azərbaycanda da maşınların üzərində, yaxud da şüşələrində reklam xarakterli fərqli yazı və şəkillərə rast gəlirik. Keçmiş SSRİ-də isə “hərəkətli” reklamlara çox da üstünlük verilməyib. Adətən süd məhsulları, şirniyyat, alkoqolsuz içki istehsal edən müəssisələrin yük maşınlarının üzərində istehsal etdikləri məhsulların şəkilləri əks edilib. Maraqlı məqamlardan biri odur ki, sovet dövründə, xüsusilə 1970-ci illərdən başlayaraq avtomobillərin ön və arxa şüşələrinə şəkil vurmaq “ənənəsi” bir az da dəbə düşüb. Söhbət heç də hansısa bir məhsulun reklamından getmir. Sovet vətəndaşları həmin illərdə öz maşınlarının şüşələrinə Stalinin şəklini vurublar. Xüsusilə, yük maşınlarında, avtobuslarda “rəhbər”in şüşələrdə şəkillərinə daha çox rast gəlinib.

MASİNA.jpg (59 KB)

Maraqlıdır, Stalinin vəfatından 20-30 il keçdikdən sonra “xalqlar atası”na bu rəğbət hansı səbəbdən irəli gəlib?

Sözsüz ki, Nikita Xruşovun hakimiyyəti dövründə Stalinin şəklini maşın şüşələrinə vurmaq, evdə, kabinetdə asmaq hətta sıravi vətəndaş üçün problem yaradıb. Belə ki, Xruşovun hakimiyyətə gəldiyi gündən əsas fəaliyyət istiqamətlərindən biri də Stalini tarixdən silmək olub. 30 il ölkəyə rəhbərlik edən bir şəxsin abidələri aşırılıb, adına olan küçə və prospektlərin, meydanların, təhsil, səhiyyə və mədəniyyət ocaqlarının, qəsəbə, rayon və şəhərlərin adları dəyişdirilib. 1961-ci ildə isə Stalinin balzamlaşdırılmış nəşi mavzoleydən çıxarılıb. Təbii ki, Xruşovun Stalinə qarşı bu münasibəti birmənalı qarşılanmayıb, etiraz səsini ucaldanlar da olub, mitinqlər də keçirilib, xüsusilə Gürcüstanda davamlı etiraz aksiyaları da baş tutub.

Stalinin şəklini maşınların ön şüşəsinə vurmaq “ənənə”si də Gürcüstandan başlayıb. Bəzi məlumatlara görə, bunun təşəbbüskarı Tiflisdə Stalinin siyasi fəaliyyətini təbliğ edən qeyri-rəsmi bir təşkilat olub. Bu təşkilat yerli əhaliyə Stalinin şəkillərini pulsuz paylayıb. Daha bir məlumata görə, həmin təşkilat bütün xərcləri öz üzərinə götürərək 30 “Qaz-21” avtomobilinin ön şüşəsinə Stalinin şəkillərini vurublar, həmin avtomobillər təbliğat məqsədi ilə Azərbaycanda, Ermənistanda və Şimali Qafqazda bir dövrə vuraraq geri qayıdıblar.

Artıq 1970-ci illərin əvvəllərində şəkilli maşınlara SSRİ-nin demək olar ki, bütün şəhərlərində rast gəlinib. Maraqlı faktlardan biri odur ki, Brejnevin hakimiyyətdə olduğu dövrdə Stalinin şəkillərinə görə heç kimi sorğu-suala tutmayıblar, dövlət yol müfəttişləri şəkilli maşınları saxlamayıblar.

1975-ci ildə, alman faşizmi üzərində qələbənin 30 illik yubileyi ərəfəsində Stalin mşınların şüşələrində daha çox “görünüb”.

Araşdırmaçıların qənaətinə görə, Stalinin şəkillərinin maşınlara vurulmasının bir neçə səbəbi olub. Yəni şəkilli avtomobil sahiblərinin məqsədi heç də eyni olmayıb.

“Ənənə” daşıyıcılarının bir qrupunun şəkilə marağı sırf Stalinə olan rəğbət və ehtiramdan irəli gəlib.

MASİNAM.jpg (130 KB)

Digər bir qrup, xüsusilə qələbənin 30 illik yubileyində “ənənə”yə qoşulanlar Stalini qələbənin memarı saydıqlarından onun şəklinin maşının ön şüşəsində görünməsindən qürur duyublar.

Uzaq səfərə çıxan yük maşınları və avtobus sürücülərinin isə məqsədi tam başqa olub. Belə ki, onlar sürət həddini aşanda yol müfəttişlərindən alacaqları cəzanı “Stalin”lə sığortalayıblar. Yolda dayanan milislər çox vaxt Stalinin şəklinə görə sürücüləri “əfv” ediblər.

Bununla bağlı uzun illər Moskvada Dövlət Yol Müfəttişliyində xidmət edən istefada olan milis polkovniki Artyom Koçetovun sonralar qələmə aldığı xatirələrində maraqlı bir açıqlama var:

“1970-ci ildə mən kapitan rütbəsində idim. Moskva-Leninqrad şosesinin 56-cı kilometrliyində reyd keçirilirdi. Rəhbərliyin bir neçə yüksək rütbəli zabiti, o cümlədən SSRİ Daxili İşlər Nazirliyinin nümayəndəsi də reyddə iştirak edirdilər. Səhər saat təxminən 8-9 radələrində tərəvəz daşıyan yük maşınını saxladıq. Sürücü sürət həddini aşmışdı. Əvvəlcə sənədlərini tələb etdik. Hər şey qaydasında idi. Sürət həddini nəyə görə aşdığını soruşduq. Belə əsaslandırdı ki, uşaq evinə daşıdığı meyvə-tərəvəz xarab ola bilər, buna görə də günəş qalxmamış mənzil başına çatmaq istəyir.

Həmkarlarımdan biri protokol tərtib etmək istəyəndə o, özünü maşının çöl tərəfindən şüşənin üstünə atdı:

- Yoldaş Stalin, məni qoruyun. Mən kimsəsiz uşaqlara meyvə aparıram, bunlar isə məni cəzalandırmaq istəyir. Yeriniz görünür, siz həmişə kimsəsizlərin dayağı olmusunuz...

Bu “məzhəkə”dən sonra nazirliyin əməkdaşı müfəttişdən sənədləri alıb sürücüyə qaytardı. Mən bu cür hallarla tez-tez rastlaşmışam. “Stalin” sürücülərin dadına tez-tez çatıb...”

1980-ci illərin əvvəllərində SSRİ-də ərzaq qıtlığı yarananda, piştaxtalar boşalanda bəziləri Stalinin şəklini maşınının ön şüşəsinə vurmaqla bildirmək istəyib ki, Stalin ən ağır illərdə belə xalqın qayğısına daha yaxşı qalıb.

SSRİ-nin süqutundan sonra şəkilli maşınlar da zaman-zaman yoxa çıxaraq tarixə qovuşub.

İlham Cəmiloğlu,
Musavat.com

20.02.2024 12:28
5691