“Ölümlə nəticələnən cinayət hadisələrinin sayı artıb”

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2022-ci ildə fəaliyyəti haqqında məlumatı”nı parlamentə təqdim edib.

Musavat.com-un məlumatına əsasən, hesabatda bildirilir ki, ötən il 18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayı 2011 nəfər olub.

Bu rəqəm 2021-ci illə müqayisədə 361 nəfər çoxdur.

Komitə sədri qeyd edib ki, ən yüksək göstəricilər Qazax-Tovuz (280 nəfər), Mərkəzi Aran (245 nəfər) və Qarabağ (240 nəfər) iqtisadi rayonları üzrə qeydə alınıb.

Bahar Muradova bildirib ki, Azərbaycanda 2022-ci ildə Daxili İşlər Nazirliyinə məişət zorakılığı ilə bağlı 9864 müraciət daxil olub. Qeyd edilib ki, məişət zorakılığı ilə bağlı qeydə alınmış cinayətlərin ümumi sayı 1175 (2021-ci ildə 1196), xəsarət alan qadınların sayı 1132 ( 2021-ci ildə 1150) olub. 2022-ci ildə ailə məişət münaqişələri və qısqanclıq zəminində qadınlara qarşı törədilmiş ölümlə nəticələnən cinayət hadisələrinin sayı 2021-ci illə müqayisədə artıb. Belə ki, 2022-ci ildə ailə məişət münaqişələri və qısqanclıq zəminində qadınlara qarşı törədilmiş ölümlə nəticələnən cinayət hadisələrinin sayı 51 olub ki, onlardan 2-si yetkinlik yaşına çatmayan şəxslərdir. Bu rəqəm 2021-ci ildə 46 olub.

Müzakirələrdən sonra hesabat səsə qoyulub və qəbul edilib.

E.Paşasoy,
Musavat.com

19.12.2023 13:51
673