Ölüm saçan yol qəzaları: günah həmişə öləndədirmi?

Piyadaların məsuliyyətsiz davranışları haqda deyilənlərlə razılaşmaq olar, amma sürücülər də bir çox hallarda piyadanı demək olar ki, saymırlar...

Bakıda piyadaların vurulması ilə nəticələnən qəzaların görüntüləri yenidən sürücü-piyada mövzunu gündəmə gətirib. “Aparılan maarifləndirmə və praktiki tədbirlər nəticəsində paytaxt ərazisində piyadaların çox hissəsinin piyada keçidlərindən keçməsinə baxmayaraq, bəzi sürücülər ya onlara yol vermir, ya da qəza şəraiti yaradırlar”.

Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) yaydığı məlumatda deyilir. Bildirilib ki, təhlillər göstərir ki, bu cür sürücülər yüksək sürətlə avtomobili idarə etməklə yanaşı, qarşıda piyada keçidinin olduğunu bildirən nişanlara da diqqət etmirlər:

“Təəssüf ki, belə olduğu təqdirdə bəzən keçiddən istifadə edən piyadaları avtomobil vurur. Müşahidə kameralarının qeydə aldığı iki yol-nəqliyyat hadisəsi bir neçə gün əvvəl Nəsimi rayonu, Səməd Vurğun küçəsi, "Zabitlər" parkının qarşısında və Səbayel rayonu, Bünyad Sərdarov və Lermontov küçələrinin kəsişməsində baş verib.

Həm sürücülərə, həm də piyadalara müraciət edərək bildiririk ki, sürücülər ilk növbədə sürət həddinə əməl etməklə yanaşı, qarşıda piyada keçidlərinin olduğunu bildirən nişanlara diqqət yetirməli, piyadaların keçiddən tam keçdiyinə əmin olduqdan sonra yollarına davam etməlidirlər. Piyadalara gəldikdə isə tövsiyə edirik ki, keçidlərə yaxınlaşdıqda nəqliyyat vasitələrinin onlara yol verməsinə əmin olduqda, bir sözlə, yolu keçməyin onlar üçün təhlükəsiz olacağını yəqin etdikdən sonra yolu keçsinlər".

Piyadaların məsuliyyətsiz davranışları haqda deyilənlərlə əlbəttə ki, razılaşmaq olar. Amma sürücülər də bir çox hallarda piyadanı demək olar ki, saymırlar. Yəni günah heç də həmişə öləndə deyil.

Dünyada hər il orta hesabla 1,3 milyon insan yol qəzaları nəticəsində ölür. Dövlət Statistika Komitəsi Azərbaycanda 2024-cü ilin yanvar-iyun aylarında 681 yol-nəqliyyat hadisəsi baş verdiyini açıqlayıb. Bildirilir ki, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 12,7 faiz azdır. Bu hadisələr nəticəsində zərərçəkən şəxslərin sayı 11,8 faiz azlaraq 931 nəfər olub. Onlardan 333-ü həlak olub, 598-i isə yaralanıb.

Eldəniz Cəfərov: 'Bakının mərkəzində tramvayları bərpa etmək mümkün deyil'

Eldəniz Cəfərov 

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib ki, qəzaların törədilməsində həm sürücülər, həm də piyadalar günahkardır: “Yol qəzalarının səbəbi insanların yol-hərəkəti qaydalarına məsuliyyətsiz yanaşmasıdır. İkincisi də bizim sürücülərin peşəkarlığı və mədəniyyəti çox aşağıdır. Sürücülük bacarıqlarını möhkəmləndirmək, sürücülük mədəniyyətini aşılamaq üçün sürücülük kursları və məktəbləri nəzarətə götürülməlidir. Heç kimə sirr deyil ki, bu məktəblər formal xarakter daşıyır. Bakı, Gəncə və Sumqayıtı çıxmaqla digər şəhərlərdə demək olar ki, sürücülük bacarıqları doğru-dürüst aşılanmır. Bakı şəhərinin özündə də az-az sürücülük məktəbləri var ki, orada sürücülük bacarıqları normal qaydada insanlara öyrədilir. Sadəcə, imtahan verirlər, testə cavab verirlər. O imtahana bir az hazırlaşmaqla hər kəs keçə bilər. Əsasən avtomobili idarəetmə, magistral yollarda davranmadır. Bunları bir çox sürücü bilmir. Piyadalar özləri də hüquqlarından xəbərsizdir. Yola çıxırsansa, burada sənin qanunların işləmir, yol hərəkəti qaydaları işləyir. Özünü avtomobil altına atan piyadalar var. Yol hərəkəti qaydalarını pozan bu cür piyadalar cərimə edilmir, əvəzində sürücülər cərimə olunur. Buna görə niyə sürücü məsuliyyət daşımalıdır?!”

Ekspert əlavə edib ki, əgər yol nəqliyyat hadisələrinin sayını azaltmaq istəyiriksə, bununla bağlı 2018-ci ildə qəbul olunmuş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair” Dövlət Proqramını həyata keçirib yekunlaşdırmalıyıq: “Bu, beşillik proqramdır, çox mükəmməldir. Həmin proqram çox təəssüf ki, o proqramın bir sıra müddəaları həyata keçirilməyib. Bəzi müvafiq qurumlar var ki, onların öhdəsində olan məsələləri hələ də həyata keçirməyiblər. Dövlət Proqramının müddəalarının hamısı həyata keçirilsəydi, bu gün qəzaların sayı heç olmasa 30 faiz azalardı. Laqeydlik var”.

Elməddin Muradlı: “İndiki artım o qədər də fantastik bir məbləğ deyil,  sadəcə, 10 qəpik artım olub” Pravda.az

Elməddin Muradlı

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlıya görə,  yol-nəqliyyat hadisələrində əsas səbəb kimi sürücülərin diqqətsizliyini, yol-hərəkət qaydalarına əməl etməməsini, yol təsərrüfatındakı qüsurları, qaranlıqda yol işıqlarının yandırılmamasını və sairə göstərə bilərik: “Sürücülərdə özlərinə olan əminlik böyük faciələrə gətirib çıxarır. Avtoqəzaların azalması əsas prioritet olmalıdır. Çünki yol hərəkəti təhlükəsizliyinə dair dövlət proqramında da Prezident İlham Əliyev tərəfindən qoyulan tapşırıq bundan ibarətdir. Lakin təbliğat aparmadan, ciddi nəzarət mexanizmi qurmadan müsbət nəticə əldə etmək çətindir”.

Natiq Cəfərli bu dairədə imzatoplama kampaniyasına başlayıb

Natiq Cəfərli 

İqtisadçı Natiq Cəfərli hesab edir ki, qəzaların çox, ölüm hallarının yüksək olmasının əsas səbəblərindən biri kamera-radarlarla bağlıdır: “Təbii ki, sürücülük vəsiqələrinin pulla satılmasının da təsiri var, amma bu həlledici deyil. 27 illik sürücülük təcrübəsi, yüz minlərlə kilometr yol sürən biri kimi deyə bilərəm ki, bizdəki yol sürət rejimi qəzalar üçün əsas şərait yaradan amillərdən biridir. Bakı-Qazax, Bakı-Astara, Bakı-Şamaxı yollarının keyfiyyəti pis deyil, bölünmüş, yəni qəzalar üçün müəyyən sığorta yaradan yollardır, amma hər 3-5 kilometrdən bir kamera-radarların quraşdırılması sürücülərin davranışlarına birbaşa təsir edir. Kamera-radarlar çox zaman məntiqsiz olaraq, yol hərəkətinin təhlükəsizliyi üçün deyil də, məhz cərimə yazmaq üçün quraşdırılır. Bakı-Qazax yolunda bu daha aydın görünür - sürət həddi 110 km olan yerdə çox qısa məsafədə birdən sürət həddi 70 km-ə və ya 60 km-a salınır, sonra yenidən 110 km-ə qaldırılır. Sürücülər radarlararası məsafədə sürəti kəskin artırırlar, bir radardan digər radara qədər 140-170 arası sürət yığırlar, sonra kəskin sürəti salırlar və beləcə yol boyu onlarla dəfə belə sürüş rejimində maşın idarə edirlər, bu da qəza şəraitini artıran əsas amilə çevrilir. Eyni sürüş rejimi digər bölünmüş yollarda da təkrarlanır ki, bu da qəzaları artırır. Dövlət orqanları bu günə qədər bir dəfə də olsun qəzalarla bağlı elmi-sosioloji araşdırmalar aparmayıblar, daim səbəblərdən deyil, nəticədən danışıblar. Yanaşmaları sürücüləri təşviq etmək üçün deyil, cəzalandırmaq üçündür. Bölünmüş yollarda sürət rejimi mütləq dəyişdirilməlidir, sürət həddi 130 km-ə qaldırılmalıdır, bu həddi pozanlara cəza isə daha sərt olmalıdır, yəni kim 130 km sürət həddini pozsa həmən 5 bal və 200 manat da cərimə olunmalıdır və bu insan faktorundan asılı olmamalı, inspektorin insafına buraxılmamalıdır. Təbii ki, digər təşviqedici, maarıfləndirici tədbirlərə də ehtiyac var, amma əsas bu "sürət tələsindən" qurtulmaq lazımdır".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

04.09.2024 09:42
398