“Ölüm pusu qurmuş Yəmən çölündə” – Husilərin yaman günə qoyduğu Yəmən yem olacaq

Vaxtilə Osmanlı imperiyanın cənub sərhədləri Yəməndə bitirdi və xanədanın ucqar əyaləti sayılırdı. Səltənət dağılanda Osmanlı əsgərlərinin ən çox tələfat verdiyi yer Yəmən olub. Yerli üsyançılar anqlosaksonların fitnəsiylə metropoliyaya şiddətli və amansız müqavimət göstəriblər. Ona görə də bu gün Türkiyədə Yəmənlə bağlı bir neçə ideomatik ifadə və mahnı sözləri var.

İkisi belədir: “Ölüm pusu qurmuş Yəmən çölündə”, “Bura Yəməndir, gülü çəməndir, gedən gəlmiyor, əcəb nədəndir?”.

Elə imiş. Yəmənə gedən gəlmirmiş.

Bu gün Yəmən yenidən müharibə ocağının düz ortasındadır. İndi Yəmənə müharibəyə gedən türklər deyil, anqlo-saksonlardır. Bu dəfə əksinədir, Osmanlının züryətləri Yəməni müdafiə edir.

Beləcə, Yaxın Şərqdə, Ərəbistan yarımadasının cənub ucunda daha bir müharibə başlayıb. Qərb koalisiyasının Yəməni idarə edən husilərə qarşı başlatdığı hərbi kampaniya ölkəni qəssabların ət kötüyünə döndərmək təhlükəsi daşıyır.

Bu hərbi kampaniya durduq yerdə başlanmayıb, prelüd hissəsi uzun çəkib və ciddi səbəbləri var. Artıq neçə illərdir ki, Yəməndə başlanmış vətəndaş müharibəsinin İrana sığınan, ondan dəstək alan cəbhəsi – şiə məzhəbinə etiqad edən zeydi ərəblərinin yaratdığı və qısaca “husilər” adlanan “Ənsarallah” təşkilatı Səudiyyə Ərəbistanının dəstəklədiyi devrilmiş hökumətlə müharibə aparırlar. Husilər Yəməni yaman günə qoymaqla kifayətlənməyiblər, dəniz quldurluğu da edir, beynəlxalq yüklərin daşınmasına maneə törədir, gəmiləri girov götürür, qarət edir, xərac istəyir, demək olar ki, bütün ölkələrin iqtisadi-ticarət mənafeyinə zərbə vururlar.

ensar.jpg (297 KB)

Bu üzdəndir ki, “Ənsarallah” hərəkatının hücum təhlükəsi ilə əlaqədar iri gəmi şirkətləri Qırmızı dənizdəki fəaliyyətlərini dayandırmağa vadar olublar. Bir neçə gün öncə Yəməni diricə satın almağa pulu çatan BP kimi qlobal şirkətin neft tankerləri bu marşrutla hərəkətlərini tamamilə dayandırıb. Bundan əvvəl konteyner daşımalarında ixtisaslaşan aparıcı şirkətlər - A.P. Moller-Maersk, Hapag-Lloyd, CMA CGM və başqa şirkətlər Bab əl-Məndeb boğazından keçmək ideyasından imtina etmişdilər.

Qırmızı dənizin bütün dəniz nəqliyyatının 10%-12%-ni təşkil etdiyini nəzərə alsaq, belə mühüm marşrutda bir günlük fasilənin ABŞ, Böyük Britaniya və Avropa İttifaqının iqtisadiyyatlarına nə qədər baha başa gəldiyini təsəvvür etmək olar.

Təbii ki, böyük dövlətlər və onların nəhəng şirkətləri husilərin nazı ilə uzun müddət oynamayacaqdı. Bu, qlobal iqtisadi böhrana da səbəb ola bilərdi. Vaxtilə, Yaxın Şərqin Misir kimi böyük dövlətinin prezidenti Camal Əbdül Nasir Süveyş kanalını milliləşdirməyə çalışarkən, bu avantüra London və Parisin ona müharibə elanı etməsi ilə başa çatmışdı.

kreys.JPG (29 KB)

İndi də avroatlantikaçılar məsələni danışıqlar və dilə tutmaq yoluyla deyil, silah gücü ilə həll etməyə çalışırlar. Nəticə təxminən 1956-cı ildəki ilə eyni ola bilər. Ekspertlər düşünürlər ki, husilər üzərində hərbi qələbə istər-istəməz siyasi məğlubiyyətə gətirib çıxaracaq və Yaxın Şərqdə onsuz da ifrata çatmış anti-Qərb ovqatını daha da gücləndirəcək. Ancaq Səudiyyə Ərəbistanı başda olmaqla bütün körfəz ölkələri husilərdən olduqca narazıdır və bu, problemin hansı yollasa həllini istəyirlər.

Bəzi müxalif ekspertlər belə qələmə verməyə çalışırlar ki, guya Yəmən husiləri qlobalizm sisteminə qarşı təkbaşına dayanırlar. Amma husilərin məqsədi nə qlobalizmə qarşı durmaqdır, nə də başqa bir idealist planları var. Onlar siyasi baxımdan İranın əlinə oynayaraq onun sifarişlərini yerinə yetirir, bir də Qırmızı dənizdə, Ədən körfəzində yaratdıqları xaosdan quldurcasına istifadə edərək böyük pullar qazanmaq istəyirlər.

BMT-nin Təhlükəsizlik Şurası da Yəmən üsyançılarının hərəkətlərini pisləyən qətnamə qəbul edib. Sənəddə gəmilərə sahib olan ölkələrin “özünümüdafiə” hüququndan bəhs edilir. Bu, o deməkdir ki, husilər haqqında beynəlxalq fətva verilib və bu silahlı birləşmələr gec-tez zərərsizləşdiriləcəklər.

yemmen.jpg (55 KB)

Yəmən Cənub-Qərbi Asiyada, Ərəbistan yarımadasının cənubunda yerləşir. 2011-ci il siyahıyaalınmasına görə, ölkənin 25 milyon nəfərdən çox əhalisi var, ərazisi 527,970 km²-dir. Həm əhali, həm də ərazi baxımından Yəmən dünyada 49-cu yerdədir. Ölkənin paytaxtı Sənadır, rəsmi dil ərəb dilidir. Yəmən unitar dövlətdir, prezident respublikasıdır.

2014-cü ildə ölkədə hərbi çevriliş baş verib və bu, vətəndaş müharibəsinə səbəb olub.

Yəmən ən kasıb ərəb ölkələrindən biridir. 2009-cu ildə adambaşına düşən ÜDM 2,5 min dollar təşkil etdib. Bu göstəriciyə görə Yəmən yalnız Sudan və Mavritaniyadan irəlidədir və sosial rifaha görə dünyada 173-cüdür.

Yəmənin iqtisadi rifahı ehtiyatları azalan neft hasilatı və ixracından (dövlət büdcəsinin gəlirlərinin 70%-i) asılıdır. Xarici yardım böyük əhəmiyyət kəsb edir - təkcə 2012-ci ildə Yəmən Səudiyyə Ərəbistanından 3,25 milyard dollar alıb.

husiler11z.jpg (135 KB)

Yəmən husiləri şiə-zeydi məzhəbinə mənsub ərəblərdir. Onlar 2004-cü ildə Yəmən hökumətinə qarşı silahlı qiyam qaldıraraq ölkənin cənub ərazilərinin bir hissəsinə nəzarəti ələ keçiriblər. Husilər 2011-ci ildə prezident Əli Abdullah Salehin istefası ilə nəticələnən Yəmən inqilabında iştirak ediblər.

2015-ci ilin əvvəlində husilər Yəmənin paytaxtı Sənanı ələ keçirirək, İnqilab Şurası yaradıblar və ölkədə faktiki olaraq hakim təşkilata çevriliblər. İnqilab Şurasının sədri Məhəmməd Əli əl-Husidir. Onun Yəmən üzərindəki hakimiyyətinin legitimliyi BMT, ABŞ və Körfəz Əməkdaşlıq Şurası tərəfindən tanınmayıb.

Husilərin hərbi və maliyyə dəstəyinin İrandan və “Hizbullah” partiyasından gəldiyi güman edilir.

Qrup 2004-cü ilin sentyabrında Yəmən ordusu tərəfindən öldürülən qurucusu və keçmiş lideri Hüseyn əl-Husinin adını daşıyır.

Zeydilər əsasən Yəmənin şimalında yaşayır və ölkə əhalisinin təxminən üçdə birini təşkil edir. Zeydilərin digər şiələrdən əsas fərqi ondan ibarətdir ki, möminlərin imamı (rəhbəri) təkcə xəlifə Əlinin nəslindən deyil, həm də istənilən müsəlman ola bilər. 2004-cü ildə Hüseyn əl-Husi Yəmən hakimiyyətini zeydi əhalisinə qarşı ayrı-seçkilikdə və ABŞ ilə əməkdaşlıqda ittiham edərək hökumət əleyhinə üsyana başlayan Yəmən zeydilərin imamı olub.

Beləcə, dünya birliyinin diqqəti Qırmızı dənizə dikilib. Ölüm yenidən Yəmən çölündə pusqu qurub. Bu qovğada nə qədər dinc adamın həlak olacağını isə proqnozlaşdırmaq çox çətindir.

Araz Altaylı, Musavat.com

13.01.2024 13:40
2748