“Ölüm cakkuzisi”: Robotun daldığı göl niyə canlıları yox edirdi?- Maraqlı faktlar

 

Statistikalar göstərir ki, okeanların cəmi 5%-i öyrənilib. Təəssüf ki, bu ecazkar aləmin kəşfinə və öyrənilməsinə kifayət qədər vaxt və maliyyə ayrılmır.

Hansısa təsadüf və ya həvəskar alimlərin araşdırmaları nəticəsində əldə olunan yeni məlumatlar insanı hər dəfə valeh edir.

Meksika körfəzi deyəndə ağlımıza ilk oraya tonlarla neftin axıdılması və həyatın canlılar üçün iflic edilməsi təsəvvürü gəlir. Üstəlik bu sızma dəfələrlə baş verib və tarixin ən iri həcmli neft sızması hesab olunub. Uğursuz və uzun-uzadı cəhdlərdən sonra ABŞ hökuməti guya, 2010-cu ildə sızmanı dayandırıldığını iddia etsə də, 2012-ci il araşdırması sızmanın hələ də davam etdiyini göstərir.

Körfəzin bəlası təkcə oraya milyonlarla barel neft sızması ilə bağlı deyil. Sən demə, suyun dərinliklərində başqa bir ölümcül “qatil” də yatırmış.

2014-cü ildə körfəzdə araşdırma aparan alimlər qəribə bir mənzərənin şahidi olublar. Körfəzin təxminən min metr dərinliyindən aşağıda yerləşən, dərinliyi 3,5 olan və hövzəsi 30 metr səthi əhatə edən kiçik bir göl kəşf olunub. Lakin qeyd olunan ərazidə nədənsə bircə canlıya da rast gəlməyiblər. Araşdırmalar zamanı bəlli olub ki, qeyd olunan ərazidə çox kiçik mikroorqanizmlər yaşayırlar. Müxtəlif versiyalar irəli sürülsə də, axırda kəşf olunan “sualtı göl”ün duzluluq faizinin  ölçülməsi qərara alınır. Bəlli olur ki, “sualtı qatil”in duzluluq dərəcəsi o qədər yüksəkdir ki, nəinki canlılara yaşamağa imkan vermir, hətta hövzəyə daxil olan canlılar üçün də ölüm saçır.

Elm dünyasına səs salan bu hövzəyə “Ölüm cakkuzisi” adı verilir. Dəfələrlə su heyvanlarının sakitcə daxil olduqları bu “cakkuzi”də saniyələr içində məhv olduqları müşahidə olunub. 

Bu kəşf kosmosda başqa qalaktikalarda həyat axtarışında olan alimlərin diqqətini çəkib. İki ildən sonra böyük maliyyələr hesabına “qatil göl”ə robotla dalış həyata keçirilib. Göndərilən robot həm ərazinin xəritəsini tərtib etməli, həm də araşdırmalar edib məlumatlar göndərməli idi. Robot bütün missiyaları uğurla həyata keçirib və olduqca qiymətli məlumatlar göndərib.

“Ölüm cakkuzisi”nin kəşfi Templ Universitetinin bioloqu Erik Kardesin adına yazılır. Kardes hövzə ilə bağlı təəssüratlarını bölüşərkən bunları deyib: “Ora okeanın altında bir göl və çay kimidir. Oranı görəndə sanki bu dünyaya aid olmayan bir yer deyilmiş kimi hiss edirsən”.

Kardes bu ölümcül hövzədə mikroorqanizmlərin yaşama sirrini də izah edir. O, bunu yüksək duzluluq faizinə və oksigenə az adaptasiya ilə izah edir.

Canlıların adaptasiya xüsusiyyəti məhz bu “ölüm cakkuzisi”ndə kəşf olunur və gələcəkdə belə çətin şəraiti olan planetlərdə də həyat axtarmaq üçün bir stimul yaradır.

Şahanə Rəhimli
Musavat.com

12.08.2024 16:45
1094