Ölkənin bitməyən internet dərdi: bahalaşdı, keyfiyyət isə azaldı - səbəb...

Natiq Cəfərli: “Antiinhisar provayderləri deyil, ölkəyə interneti gətirib satan, paylayan şirkəti nəzarətə götürməlidir”

Müasir dövrdə həyatımızı sürətli internetsiz təsəvvür edə bilmərik. Lakin uzun zamandır ki, Azərbaycanda keyfiyyətli internetlə təminat məsələsi baş tutmur.

Bir müddət əvvəl internetin qiyməti xeyli bahalaşdırıldı və bu belə izah olundu ki, əhaliyə yüksək keyfiyyətli, sürətli internet veriləcək. Ancaq dəyişən yalnız qiymətlər oldu. Sürət artmadı!

Məsələyə diqqət çəkən ekspert Osman Gündüz “Antiinhisarın yekun qərarı nə üçün gecikir”, - deyə sual edib: “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti 14 avqust tarixdə internet bazarında tariflərin yüksəlməsi ilə bağlı Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başladığını bildirmişdi.

Osman Gündüz: “Mən ancaq tədbirlərdə eşidirəm ki, belə bir sənəd hazırlanır”

Osman Gündüz

Məlum olduğu kimi, Antiinhisar bütün provayderlərin eyni anda 40 mbit/s və aylıq xidmət haqqı 18 manat olan cari minimum tarifin 100 mbit/s-lik sürət və aylıq xidmət haqqı 25 manat olan tariflə əvəzlənməsini “vətəndaşların seçim imkanlarının məhdudlaşdırılması” və “kartel sövdələşməsi” olaraq dəyərləndirmişdi.

Az qala 2 ay olur ki, Antiinhisar araşdırmalar başladıb. İndiyədək qurumdan bu araşdırmanın yekunu haqqında açıqlama verilməyib.

Görünən dağa bələdçi lazım olmaz deyiblər. Sadə bir problem, aşkar bir vəziyyətdir. Təbii inhisarçı olan Aztelekom minimal tarifləri qaldırıb və əhaliyə seçim yeri qoymayıb.

Anlamıram ki, Antiinhisara qərar qəbul etmək üçün bu qədər müddət kifayət etmirmi?

İlin günün bu vaxtında, uyğun tarif seçimi olmadığından minlərlə vətəndaşın internetdən imtina etməsi, “şərikli internet” axtarması utandırıcı bir vəziyyət deyilmi?

Yox, əgər Antiinhisar inhisarçının öhdəsindən gələ bilmirsə, bunu sadəcə etiraf etmək də cəmiyyətə bir töhfə olardı.

Maraqlıdır ki, Antiinhisarın araşdırmaları uzandıqca təbii inhisar subyekti olan "Aztelekom"da da ciddi dəyişikliklərin baş verdiyi bildirilir. Bu isə başqa bir müzakirə mövzusudur".

O, “Yeni formalaşmış Antiinhisar təbii inhisarçının qərarını ləğv etdirib, internet tariflərilə bağlı vətəndaşlara seçim imkanı verə biləcəkmi”, - deyə sual edib.

Xatırladaq ki, Azərbaycan 39.48 Mbit/s internet sürəti ilə dünya üzrə 118-ci yerdə qərarlaşıb. Xüsusilə vurğulanmalıdır ki, Azərbaycan internet qiymətlərinin yüksək olduğu ölkələr arasında yer alır. İnternet qiymətlərinin artması, lakin sürət və keyfiyyətdə ciddi bir dəyişiklik olmaması son dövrlər cəmiyyətdə, sosial mediada daha çox müzakirə mövzusuna çevrilib.

Artan xərclərə baxmayaraq, xidmət səviyyəsinin gözlənilən qədər yaxşılaşmaması istifadəçilərin narazılığına səbəb olub. İnternet istifadəçiləri iddia edirlər ki, provayderlər minimal qiyməti 18 manatdan 25 manata qaldıraraq daha yüksək sürət təklif etsələr də, bu sürət artımı nəinki regionlardakı rayon və şəhərlərdə, hətta paytaxt Bakıda hiss olunmur.

Bəs internet məsələsi niyə həllini tapa bilmir? Provayderlərin bazası zəifdir, yoxsa başqa səbəblər var? Süni bahalaşmanın qarşısını niyə almaq mümkün olmur?

Natiq Cəfərli Prezident Administrasiyasına dəvət edildi

Natiq Cəfərli 

İqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a danışıb. Ekspert qeyd edib ki, Azərbaycanda internetlə bağlı ən böyük problem odur ki, ölkədə internet gətirən və provayderlərə paylayan bir inhisarçı şirkət var:  “Yəni ikinci və yaxud üçüncü şirkət yoxdur ki, rəqabətli mühit yaransın və provayderlər də başqa mənbələrdən internet ala bilsinlər.

Əslində provayderlər yalnız əhaliyə xidmət səviyyəsinə görə bir-birindən fərqlənə bilirlər, interneti hamı eyni mənbədən alır. Ona görə də Antiinhisar  bununla bağlı ciddi araşdırmalar aparmaq istəyirsə, provayderləri deyil, ölkəyə internet gətirən və provayderlərə satan, paylayan şirkəti nəzarətə götürməli, onun fəaliyyəti ilə bağlı araşdırma aparmalıdır. Yəni provayderlər aldıqları internetin qiyməti artırılarkən məcburdurlar ki, satış qiymətlərini də artırsınlar. Qiyməti nə qədər çox və yaxud az artırırlar, bu, artıq digər araşdırma mövzusudur, amma bir daha qeyd edirəm ki, onların qiymət artımına getməsinin səbəbi aldıqları internetin qiymətinin artmasıdır".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

10.10.2024 09:02
654