Son aylar xüsusən də bölgələrdə xüsusən ov tüfəngi ilə törədilən qətllərin sayı artıb. Bir neçə gün əvvəl Corat qəsəbəsində şəxsin qisas məqsədilə evə daxil olub bir ailənin iki üzvünü öldürməsi, 4 nəfəri yaralaması bu mövzunu gündəmə gətirir.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi də bu xüsusda vətəndaşlara müraciət edib. Nazirliyin mətbuat xidmətinin rəisi Elşad Hacıyev sosial şəbəkədəki hesabında vətəndaşlara müraciət edərək qanunsuz odlu silah saxlayanları həmin silahları təhvil verməyə çağırıb. “Qanunsuz odlu silahlar könüllü veriləcəyi təqdirdə cəza təhdidi yaranmır. Başqa sözlə, könüllü təhvil verilsə, DİN həmin şəxsə təşəkkür edəcək”, - DİN sözçüsü vurğulayıb.
Hər bir Azərbaycan vətəndaşı silah almaq hüququna malikdir. Amma bu hüququ əldə etmək üçün müəyyən tələblər var. Bu silahlar hansı kateqoriyaya aiddir və neçə ədəd almaq olar?
Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ var.
Mülki silahı əldə etmək istəyən vətəndaş yaşadığı ərazi polis orqanına və ya Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə müraciət etməlidir. Silahın alınmasına xüsusi icazə verilir. Xüsusi icazəni əldə etmək üçün vətəndaş tərəfindən aşağıdakı sənədlər təqdim olunur:
* Ərizə (polis orqanından alınmış blank doldurulur)
* Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsi;
* Sağlamlıq haqqında tibbi arayış;
* 3x4 sm ölçüdə iki ədəd fotoşəkil.
* Ərizə ilə müraciət etmiş şəxslərin məhkumluğu və profilaktiki uçotda olub-olmaması yoxlanılır. Dövlət orqanı tərəfindən xüsusi yoxlanılması həyata keçirilən şəxslər barədə belə yoxlamalar aparılmır.
* Mülki silahın əldə edilməsinə xüsusi icazə verilməsi üçün vətəndaşın ovçular cəmiyyətinin üzvü olması tələb edilmir.
* Əcnəbilər vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsini və vətəndaşı olduğu dövlətin səfirliyindən (nümayəndəliyindən) vəsatət məktubu təqdim etməlidir. Bu halda tibbi arayış təqdim edilmir və məhkumluğu yoxlanılmır.
Vətəndaş narkomaniyadan, alkoqolizimdən əziyyət çəkirsə, əvvəllər ağır cinayətlər törədibsə, onlara silah satılmasından imtina edilə bilər.
Əcnəbilər də ölkəmizdə silah ala bilərlər. Bunun üçün onlar vətəndaşlığı təsdiq edən şəxsiyyət vəsiqəsini və vətəndaşı olduğu dövlətin səfirliyindən (nümayəndəliyindən) vəsatət məktubu təqdim etməlidirlər. Bu halda onlardan tibbi arayış alınmır və məhkumluğu yoxlanılmır. Lakin əcnəbilər xüsusi icazə əsasında əldə etdikləri mülki silahı alındığı vaxtdan 5 gündən gec olmayaraq, Azərbaycandan çıxarmalıdırlar. Bu tələb pozularsa, silah müsadirə olunur.
Azərbaycanda silah əldə etmək o qədər də çətin deyil. DİN-dən şəxsin odlu silah əldə etmək üçün xüsusi icazəsi varsa, silah mağazalarına üz tuta bilər. Silah satışı mağazalarından hətta 60 manata travmatik tapança da almaq mümkündür. Belə tapançanın alınması üçün xüsusi icazəyə ehtiyac yoxdur. Odlu silahlara, tüfənglərə gəlincə isə qiymət silahın hansı materiallarla işlənməsindən asılı olaraq dəyişir.
Məsələn, qundağı plastmas olan silahların qiyməti daha ucuz, qiymətli taxtadan olanların isə baha olur. Materiallara görə fərq 100 manatdan 1000 manata qədər ola bilər. Türkiyə istehsalı olan “Churchill” tüfəngi 1000 manata, həm də 2 il zəmanətlə almaq olar. 12 kalbrlik “MÇ-9" tüfəngi 1500 manata, tam restavrasiya olunmuş, 16 kalibrlik "Toz-63" tüfəngi 1000 manata satışdadır. İtaliya istehsalı olan 12 kalibrlik “Benelli” tüfəngi 2500 manata təklif olunur. 5 patron ehtiyatı olan bu tüfəng quş ovu üçün yararlıdır. Patronların qiyməti isə 60 qəpikdən 1 manat 60 qəpiyə qədər dəyişir. Türkiyə istehsalı olan “Hatsan Eskort”un qiyməti 900 manatdan başlayır. 12 kalibrlik 4+1 patrondaşı var. Taxta qundaqla, 7+1 patrondaşı ilə bu tüfəng 1300 manata satılır.
Mağazalarda qayda belədir ki, tüfəng almaq istəyən şəxs pulu nağd şəkildə ödəyəndən sonra 15 gün gözləməlidir. Üstəlik, psixi sağlamlığı və narkoloji aslılığının olmaması barədə arayışı, 2 fotoşəklini də təqdim etməli, xüsusi blank doldurmalıdır.
Natiq Ələsgərov
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, silah əldə etmək üçün vətəndaş yaşadığı ərazidə polis orqanına və ya Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə müraciət edib xüsusi icazə almalıdır: "İcazə üçün isə ərizə, şəkil, şəxsiyyət vəsiqəsi, tibbi arayış təqdim edilir, şəxsin məhkumluq haqqında vəziyyəti öyrənilir. Mülki silahlar şəxslərə onlar ovçuluq cəmiyyətlərinin üzvü olmasa belə verilir. Amma Azərbaycanda qanunvericilik deputatlara və icra hakimiyyəti orqanlarının müəyyənləşdirdiyi digər vəzifəli şəxslərə xidməti silaha sahib olmağa imkan verir. Lakin hər yer silahlardan istifadə etməyə açıq deyil". Hüquqşünas deyir ki, qanuna görə, əsasən insanların sıx toplaşdığı yerlərdə silah istifadəsi qadağandır: "Zəruri müdafiə vəziyyətini aşmamaqla mülki silahlardan istifadə oluna bilər. Amma sağlamlığa ziyan, kütləvi basqınlar, hücum anlarında silahlardan istifadəyə istintaqdan sonra bəraət qazandırıla bilər".
Onun sözlərinə görə, silah verilməsində xüsusi icazədən alkoqolizm, narkomaniya, ruhi xəstəliklər, eləcə də, əvvəllər ağır cinayətlərə görə məhkum olunmuşların halında imtina olunur.
Natiq Ələsgərov deyib ki, təcrübə göstərir ki, müharibə zamanı və ya müharibədən sonra odlu silah satışı və onun ölkədən qaçaqmalçılıq yolu ilə çıxarılması halları artır: “1-ci və 2-ci Qarabağ müharibələri arasında 30 il fərq olsa da, hələ də 1-ci Qarabağ müharibəsindən qalma, qənimət kimi götürülən silahlar əhalidə var. Hüquq- mühafizə orqanları qanunsuz saxlanılan belə silahların yığılması üçün ardıcıl olaraq tədbirlər görürlər. Buna baxmayaraq, yenə də kimlərdəsə silah qalmaqdadır. Bu gün əhalidə nə qədər qanunsuz odlu silah olduğunu təxmin etmək çox çətindir. Bir müddət əvvəl açıqlanmışdı ki, Avropa Birliyinə üzv dövlətlərin hüquq-mühafizə orqanları mütəmadi olaraq qanunsuz əldə edilən silahların dövriyyəsi ilə bağlı hesabatlar hazırlayır. Təxmin edilirdi ki, 2017-ci ildə Avropa Birliyi ölkələrində 35 milyon nəfərin qeyri-qanuni yollarla odlu silah əldə edib. Ən diqqətçəkən məqam da o idi ki, bu göstərici qanuni mülkiyyətdə olan odlu silahların sayını üstələyirdi. Azərbaycanda düşməndən qənimət kimi götürülən silahlar qeydiyyatdan kənardır. Eyni zamanda yaralanan, ölən və ya itkin düşən hərbçilərimizin döyüş zamanı silahları, habelə müharibə vəziyyətindən yararlanan, vəzifəsindən sui-istifadə edən hərbi qulluqcuların çıxdaş etdikləri silahlar da qanunsuz dövriyyədədir. Müharibə və münaqişələr silah istehsalının artması, odlu silahla törədilən cinayətlərin çoxalması riskini artırır. Buna görə də birincisi, hüquq-mühafizə orqanları döyüş bölgələrindən qənimət kimi götürülən silahların hamısının qeydiyyata alınmadığını daim nəzarətdə saxlamalıdır. İkincisi, silahlarla bağlı qanunlar, eləcə də qanunsuz odlu silah saxlama faktına görə cəzalar sərtləşdirilməlidir".
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”