Ölkədə qarətin artmasından danışan naziri müavininin çantası oğurlandı

Böyük Britaniyada daxili işlər nazirinin müavini Diana Conson polis zabitləri ilə bağlı keçirilən konfransda iştirak edərkən çantası oğurlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Financial Times” qəzeti yayıb.

Bildirilib ki, hadisə Kenilvort şəhərində dördulduzlu hoteldə baş verib. Naməlum şəxs konfrans zamanı nazir müavininin hoteldə qaldığı otaqdan onun çantasını və pulqabısını oğurlayıb.

Məlumata görə, insident günü Conson konfransda iştirak edərkən məhz ölkədə oğurluq hallarının artmasından bəhs edib.

Uorikşir polisi məsələ ilə bağlı araşdırma başladıb. Bununla yanaşı, Britaniyanın Daxili İşlər Nazirliyi sadəcə Consonun şəxsi əşyalarının oğurlandığını, tədbir zamanı təhlükəsizliyə hər hansı təhdid olmadığını bildirib. İnsidentlə bağlı digər detallar açıqlanmayıb.

Qeyd edək ki, Diana Conson iyul ayında Leyboristlər hökumətində daxili işlər nazirinin polis məsələləri və cinayətkarlıqla mübarizə üzrə müavini təyin edilib.

Onu da xatırladaq ki, bir müddət əvvəl “BBC” İngiltərə və Uelsdə son illərdə telefon talanması (soyğunçuluq və oğurluq) cinayətlərinin sayının kəskin artdığını yazıb.

13.09.2024 16:12
871