Ölkədə “molla kəbini” qadağan oluna bilər

Ekspertlər qeyd edir ki, rəsmi nikahı olmayan insanlara dini kəbin kəsilməsi qadağan edilib, amma...

Milli Məclisin son iclasında vətəndaş nikahı məsələsi gündəmə gətirilib. Deputat Fəzail Ağamalı vətəndaş nikahlarının artdığını deyib. “Son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb”, - deyə o qeyd edib.  

Milli Məclisin sədri Sahibə Qafarova isə cavab olaraq bildirib ki, ölkədə vətəndaş nikahı qanunsuzdur: “Bunu hamı bilir ki, ölkədə bu nikah qanunsuzdur. Qadın da, kişi də vətəndaş nikahına girməli deyil”. 

Qeyd edək ki, vətəndaş nikahı dedikdə dövlət qurumları tərəfindən qeydiyyata alınmayan evliliklər nəzərdə tutulur. Belə nikahlara el arasında “molla kəbini” də deyirlər. Bəzi hallarda hətta “dini nikah” olmadan da ailə quranlar olub. Ölkə qanunlarına görə, nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Qeyri-rəsmi xəbərlərə görə, vətəndaş nikahlarının sayı artmaqdadır. Lakin gizli nikahların dəqiq sayını müəyyən etmək olduqca çətindir. Çünki belə nikahlar dövlət qurumları tərəfindən qeydə alınmır. Dövlət Statistika Komitəsinin yaydığı digər bir məlumata diqqət yetirməklə ölkəmizdə vətəndaş nikahlarının geniş vüsət aldığını demək olar. 

Qeyri-rəsmi nikahdan doğulan uşaqların sayında azalma müşahidə edilsə də, indiki göstəricilər də az deyil. Üstəlik, bu rəqəmlər sadəcə uşaq dünyaya gətirənlərin sayını əks etdirir. Reallıqda isə qeydiyyata alınmayan nikahların sayı daha çoxdur. Rəsmi məlumata görə, rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı kəndlərdə daha çoxdur.  Bir çoxları vətəndaş nikahlarının tam qadağan olunmasını təklif edir və hökuməti bununla mübarizəyə səsləyir. 

Resul.jpeg (154 KB)

 Rəsul Mirhəşimli

Araşdırmaçı jurnalist, dini mövzular üzrə mütəxəssis Rəsul Mirhəşimli mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, cəmiyyətdə bəzi insanlar vətəndaş nikahı ilə dini nikahı qarışdırır: “Dini nikah valideynlərin, yaxud yaxın qohumların razılığı və xeyir-duası ilə şahidlərin iştirakı ilə gerçəkləşdirilən mərasimdir. İslam dininə görə, nikah evlənməyə yaşı çatan və hüququ olan və evlənmək üçün heç bir dini maneəsi olmayan kişi və qadının şahidlərin iştirakı ilə baş verir. Göründüyü kimi, dini ayin olaraq həyata keçirilən nikah mərasimi insanların şahidliyi ilə baş verir. Vətəndaş nikahı isə daha çox Avropa ölkələrində yayılmış, son zamanlar ölkəmizdə də özünə yer eləmiş iki nəfərin qarşılıqlı razılıq əsasında birgə yaşamalarıdır. Vətəndaş nikahını həyatlarının bir parçasına çevirən insanlar üçün isə dinin hökm və göstərişləri heç bir əhəmiyyət kəsb etmir. Dinimiz bu şəkildə birgə yaşamaq modelini qəbul etmir. Dini bilgilər barədə azacıq məlumatı olan hər kəsə məlumdur ki, bu münasibət İslamda hansı günahın daşıyıcılığını özündə ehtiva edir və haramlar siyahısına daxil edilir. Din imkanı çatan hər kəsə evlənməyi təşviq edir, lakin bu evlənməni cəmiyyətdən gizlin həyata keçirməyi də qəbul etmir. Dini baxımdan bu münasibət günah olmaqla yanaşı, cəmiyyətdə tarixən mövcud olan milli və mənəvi dəyərlərə malik olan ailə institutunun dağıdılmasına yönəlib. 

Məsələni dərindən araşdıranlar bu münasibətlərin cəmiyyətin tarixi sisteminin parçalanmasında hansı xarici qlobal güclərin nələri təbliğ etdiklərini, hansı proqramların tətbiq edildiyini gözəl bilirlər". 

Rəsul Mirhəşimli əlavə edib ki, Azərbaycanda tarixən rəsmi nikahın dövlətin qanunvericilik aktları ilə tənzimlənməsinə başlamasından bəri ailə quran insanların çoxu rəsmiyyətlə yanaşı, dini nikahının da olmasını vacib sayır: “Dini nikah rəsmi nikahdan qaçmaq deyil, İslam inancına sahib olan insanların öz dininin qaydalarını həyatında və ailəsində tətbiq etmək istəyidir. Dini nikah anlayışı barədə məlumatı olanlar bilir ki, bu məsələ ilk növbədə ailədə qadının maddi və mənəvi baxımdan mühafizə altına alınması üçün həyata keçirilən aktdır. Azərbaycanda dini nikah zamanı bağlanan daimi kəbin müqaviləsində qadının maddi təminatı ailə quran kişi ilə razılaşdırılır. Bununla da ailədə kişi qadın qarşısında maddi və mənəvi baxımdan edilməsi mütləq olan öhdəliklər götürür. 

O ki qaldı Azərbaycanda dini kəbinlərin kəsilməsinə, Qafqaz Müsəlmanları İdarəsi bütün məscidlərdə vəzifə daşıyan din xadimlərinə rəsmi nikahı olmayan insanlara dini kəbin kəsilməsini qadağan edib. Dini kəbin kəsdirmək istəyən bütün yeni qurulan ailələrdən bu ayinin icra edilməsi zamanı rəsmi nikah sənədi tələb edilir. Bu rəsmi nikah şəhadətnaməsi olmayanların dini kəbini kəsilmir. Bütün başqa sahələrdə olduğu kimi, bu işlərin icrası zamanı neqativ faktların olması istisna deyil. Amma onu da qeyd etmək lazımdır ki, rəsmi nikah sənədi olmayan cütlüklər üçün dini kəbin kəsən din xadimləri cəzalandırılır. Yəni rəsmi sənəd tələb etməyən din xadimi kəbin kəsməyə girişərsə, o zaman ən azı tutduğu vəzifəsini itirə bilər. 

Ailə bu millətin dəyərlər sisteminə aid olan tarixən həssas yanaşılan və ailə fərdlərinin, bu ailənin yaxınlarının əzmi ilə qorumağa çalışdığı çox mühüm birgəlik modelidir. Bu cəmiyyətin dəyərlərini heçə sayıb, ailəni “vətəndaş nikahı” adı ilə xarici qlobal mərkəzlərin oyun alətinə çevirmək istəyi xalqın dəyərlər sistemini sarsıtmağa yönəlib. Vətəndaşlarımız da inancı, milli kimliyi ilə bu dəyərləri qorumaq üçün yad təsirlərdən qaçmağa çalışmalıdır".

Fərid Abdullah: Qadınlar, beşmərtəbəli evin altıncı mərtəbəsinə qalxmayın

 Fərid Abdulla

İlahiyyatçı Fərid Abdulla da mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, İslam mədəniyyətində nikahın iki növü olub: “Daimi nikah və müvəqqəti nikah. Daha sonra bəzi şəxslər tərəfindən müvəqqəti nikah qadağan edildi. Ona görə də müsəlmanlar arasında bu gün də bu mövzu barəsində ciddi fikir ayrılığı var. Bəziləri bunu qəbul edir, bəziləri isə cidd-cəhdlə rədd edirlər. Neçə illər bundan öncə Almaniyada bir sıra qadınlar müsəlmanların müvəqqəti nikah konsepsiyasının dövlət tərəfindən rəsmiləşdirilməsini istəsələr də, təklif rədd edilmişdi. Nikaha qarşı qoyulan ağır qanunlar, üstəlik, çətin keçən boşanma prosesləri, ictimai qınaqlar və sair məsələlər insanları kənara doğru çəkilməyə, altdan-altdan iş görməyə, bəzən xəyanətə, bəzən də zinaya meyl etməsinə təşviq edir. Camaat arasında "molla kəbini" anlayışı da var. Bu, məhz həm də ictimai qınaqdan qaçmaq, zinakarlıq deyil, halal münasibətlər çərçivəsində yaşamağa sövq edir. Lakin bunun heç bir hüquqi çəkisi olmur. Əlbəttə, müzakirə edə bilərdik ki, nə üçün insanlar hüquqi müstəvidən yayınıb, kənarda münasibət qurmağa meyillidirlər? Bir zaman İslam cameəsində müvəqqəti nikah məsələsi bəzi maraqlar üzündən qadağan edildi. Nikah və talaq şərtləri də ağırlaşdırıldı. Bu, toplum arasında fəsada səbəb oldu. “Molla nikahı” məsələsini iki cür anlamaq olar: Hüquqi çəkisi olmadan, rəsmiləşdirilmədən dini nikah altında yaşamaq. İstər bu münasibət daimi olsun, ya da müvəqqəti. Bunun qarşısını heç cür almaq mümkün deyil. Din xadimlərinə nikah oxumağamı qadağa qoyacaqlar? Qeyri-şəri münasibətlər, xəyanət və bu qəbil münasibətlər artacaq. Yaxşı olardı ki, din ekspertləri də bu məsələyə cəlb edilərdilər və vətəndaş nikahı dini və hüquqi çərçivələr arasında bəlirlənərdi. Çünki bu məsələləri vətəndaşların öhdəsinə də buraxmaq olmur. Daha sonra bundan ən çox zərərçəkən qadınlar və doğulan uşaqlar olur".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

26.04.2024 09:15
8899