Ölkə bu yenilikdən danışır: “ADY tarixə düşəcək”

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) rəqəmsal innovasiyalar sahəsində atdığı addımlar böyük maraqla qarşılanıb.

ADY-nin ərsəyə gətirdiyi yeniliklər beynəlxalq arenada Azərbaycanın mövqeyini gücləndirən amil kimi dəyərləndirilir.

Musavat.com xəbər verir ki, Milli Məclisin deputatı Hikmət Babaoğlu qurumun ölkənin siyasi və iqtisadi maraqlarını qoruyaraq, beynəlxalq tranzit və logistika sahəsində önəmli addımlar atdığını bildirib:

“Ölkə başçısının tranzit daşımalarının inkişafına dair verdiyi tapşırıqlara uyğun olaraq, ADY Azərbaycanın qlobal nəqliyyat qovşağına çevrilməsinə mühüm töhfələr verir. Bu proses, həm regional əməkdaşlığı gücləndirir, həm də ölkəmizin iqtisadi potensialını artırır.

ADY-nin həyata keçirdiyi rəqəmsallaşma layihələri Azərbaycanın tranzit əməliyyatlarını daha səmərəli və rəqabətqabiliyyətli etmək məqsədi daşıyır. Xüsusilə Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərində tətbiq edilən rəqəmsal texnologiyalar yüklərin daşınma prosesini sürətləndirir və şəffaflıq yaradır. Yüklərin real vaxtda izlənməsi və tariflərin avtomatik hesablanması kimi yeniliklər, müştərilərə daha çevik və səmərəli xidmət göstərməyə imkan verir. Bu cür inkişaflar, Azərbaycanın tranzit marşrutlarını həm regional, həm də qlobal miqyasda daha cəlbedici edir.


Hikmət Babaoğlu

Gömrük prosedurlarının optimallaşdırılması və tranzit yüklərin hərəkətindəki maneələrin aradan qaldırılması, Azərbaycanı Asiya və Avropa arasında əsas ticarət dəhlizlərindən birinə çevirir. Xüsusilə CIM/SMGS vahid yük qaiməsinin tətbiqi ilə sərhəd keçidləri daha səmərəli idarə olunur ki, bu da ölkəmizi beynəlxalq ticarətdə daha güclü tərəfdaş halına gətirir”.

Deputat Vüqar Bayramovun sözlərinə görə, ADY-nin həyata keçirdiyi layihələr, tranzit daşımalarının səmərəliliyinin artırılmasına və ölkəmizin regionda strateji mövqeyinin gücləndirilməsinə böyük töhfə verir:

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Prezident İlham Əliyevin tranzit daşımaları və nəqliyyat sahəsində imzaladığı sərəncamlardan irəli gələn strateji məqsədləri uğurla reallaşdırmaqdadır.


Vüqar Bayramov

Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin rəqəmsal transformasiyası ölkəmizin qlobal nəqliyyat qovşağına çevrilməsi istiqamətində atılan vacib addımlardan biridir. ADY beynəlxalq əməkdaşlıq çərçivəsində müxtəlif rəqəmsal həllər tətbiq edərək, yüklərin real vaxt rejimində izlənməsi, yükdaşıma tariflərinin avtomatlaşdırılmış şəkildə hesablanması və yüklərin daşınmasında şəffaflığın artırılması kimi innovativ yanaşmaları həyata keçirir”.

 

Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz bildirib ki, qurum infrasturkutun rəqəmsallaşması üçün böyük layihə həyata keçirir:


Osman Gündüz

“Ötən həftə ADY-də rəqəmsal transformasiya məsələləri ilə yaxından tanışlıq məqsədilə görüş təşkil edilmişdi. Görüşdə qurum rəsmiləri və ekspertlər iştirak edirdi. ADY -nin Rəqəmsal inkişaf departamentinin rəhbəri Andrey İskriç tansformasiya layihəsinin təqdimatını həyata keçirdi.  Layihə İT infrastrukturun və təhlükəsizlik sisteminin qurulmasını, nəqliyyat dəhlizləri üzrə əməliyyatların, bütün daxili proseslərin və idarəetmənin səmərəliliyinin artırılması üçün rəqəmsallaşmanı nəzərdə tutur. Qonşu ölkələrlə inteqarsiyalar, real vaxtda sənəd dövriyyəsinin işlənilməsi, sənədləşmə və maliyyə proseslərinin də tam rəqəmsallaşması nəzərdə tutulur”.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı ADY-nin rəqəmsallaşma sahəsində yeniliyə imza atan ilk nəqliyyat təşkilatı kimi tarixə düşəcəyini deyib:

“Azərbaycan Dəmir Yolları-nda çox maraqlı bir görüşümüz oldu. IT sahəsində, dəmiryolunda yük və sərnişindaşımada tətbiq ediləcək yeniliklər, müasir tələblərə uyğun daşımalar və rəqəmsallaşma mövzusunda geniş müzakirə apardıq.


Elməddin Muradlı 

Həmkarlarımızın rəqəmsallaşma mövzusunda suallarından əlavə, mənim də Orta Dəhliz, yeni startaplar, yerli İT şirkətlərinin təqdim etdiyi məhsul və xidmətlərdən istifadə məsələləri ilə bağlı təkliflərim oldu.

Ümid edirəm ki, görüşümüzün faydası bu sahədə tezliklə hiss ediləcək və Azərbaycan Dəmir Yolları dünyaya yeni bir məhsul təqdim etməyi bacaracaq. ASAN Xidməti başqa ölkələr necə öyrənib tətbiq edirsə, ADY-nın innovasiya və rəqəmsallaşma sahəsində gördüyü işlərin də bu cür faydası ola bilər”.

Nəqliyyat eksperti Rauf Ağamirzəyev “Azərbaycan Dəmir Yollarının” rəqəmsal transformasiyası: əsas nailiyyətlər və təşəbbüslər mövzusunda təşkil olunan görüşə diqqət çəkib:


Rauf Ağamirzəyev

“Görüşdə qurum rəhbərliyi həyata keçirilən işlər barədə məlumat verdi. ADY-nin Baş rəqəmsallaşdırma inzibatçısı və Rəqəmsal inkişaf departamentinin rəhbəri Andrey İskriç yerli ekspertlər üçün təqdimat keçirdi. Canlı müzakirə formatında baş tutan təqdimatın faydalı olduğunu düşünürəm. Bu növ görüşlər tez-tez təşkil edilməlidir”.

07.10.2024 19:23
4609