Dünən dəfn edilən Aleksey Navalnının ad-soyadı hələlik Vikipediyadıkı “Öldürülmüş siyasətçilər” kateqoriyasına aid səhifələrdə yoxdur. O siyahıda 505 siyasi xadimin adı var, gələcəkdə Navalnının bioqrafiyasına aid məlumatlar da, yəqin ki, həmin kateqoriyada təqdim ediləcək.
Nə qədər təkzib olunsa da, iz azdırılsa da, 46 yaşlı sağlam bir adamın türmədə həyatını itirməsi sui-qəsd kateqoriyasına girir. Təkcə ona görə ki, 20 avqust 2020-ci ildə bu adamın həyatına Rusiyanın Tomsk şəhərində sui-qəsd edilmişdi. Onu zəhərləmişdilər və komaya düşmüşdü. Əgər yaxınları Navalnını təcili şəkildə Almaniyanın "Charite" xəstəxanasına yerləşdirməsəydilər, öləcəkdi. Rusiyadakı həkimlər müxalifətçi liderin orqanizmində heç bir zəhərli maddənin tapılmadığına və zəhərlənmə əlamətinin olmadığına dair qəti rəy versələr də, onların alman həmkarları qəti epikriz vermişdilər ki, Aleksey Navalnını xolinesteraza inhibitorları qrupundan olan bir maddə ilə zəhərlənib.
5 aylıq müalicədən sonra, 2021-ci ilin yanvar ayında vətəninə qayıtmağa qərar verən və qayıdan Navalnı dərhal həbs edildi. Onun həbsinin qurama ittihamlar əsasında həyata keçirildiyi eynəksiz gözlə də görünürdü. Daha sonra onu Rusiya ərazisində türmə-türmə gəzdirdilər, elədən-beləyə, belədən-eləyə etap etdilər, nəhayət, adamı Yamal-Nenes muxtar dairəsinin Xarp kəndindəki düşərgədə yerləşdirdilər. Bura onun ölüm yeri olacaqdı.
Fevralın 16-da o, yenə komaya düşdü. Bu dəfə alman həkimlər uzaqdaydı və onun hansı kateqoriyadan olan maddə ilə zəhərləndiyini təsbit edən olmayacaqdı. Hətta ola bilər ki, həmin gün Navalnını zəhərləməyiblər, işgəncə verib, döyüb öldürüblər, yaxud başına sellafon torba keçirərək boğublar. Kim bilir? İndilikdə koloniya rəhbərliyinin və həkimlərin, eləcə də bu işi araşdıran müstəntiqlərin sözlərinin heç bir mötəbərliyi və dəyəri yoxdur. Əsl həqiqətə dair detallar gələcəkdə açıqlanacaq.
Ölkəmizdə bu şəxs haqqında ziddiyyətli rəylər var və bu, süni şəkildə yaradılıb. Yəni insanların çoxu heç də onun kimliyi, düşüncələri, siyasi fəaliyyəti və baxışları barədə informasiyaları birbaşa mənbədən, özləri araşdıraraq, əldə etməyiblər, bu materiallar onlara təqdim edilib.
Deyirlər ki, Navalnı rus millətçisiydi və hakimiyyətə gələrək Kremlə yerləşsə, daha böyük şovinist olacaqdı. Xeyr, elə olmayacaqdı. Təbii ki, o rus vətənpərvəriydi, öz xalqını sevir, dövlətinin qüdrətli olmasını, vətəndaşların firavan yaşamasını istəyirdi, amma Navalnı bunları əldə etmək üçün qonşu dövlətlərlə, dünya ilə qarşıdurmaya getmək, müharibə aparmaq, keçmiş müstəmləkələri xroniki təzyiq yolu ilə bir çətir altına toplamaq niyyətində deyildi.
Krım məsələsində onun laübalı açıqlamaları ola bilərdi, amma nəzərə almaq lazımdır ki, Krımı Osmanlı imperiyasından qoparan, əsrlərcə idarə edən ruslar olub və ötən əsrin 57-ci ilində bu yarımada heç bir referendum keçirilmədən, adi bir parlament qərarı ilə Ukraynaya verilib. Həm də bu, ərazinin bir dövlətdən başqa bir dövlətə verilməsi səciyyəsi daşımayıb, vahid dövlətin tərkibində inzibati-ərazi vahidinin dəyişdirilməsi olub. Ona görə də Rusiyada əhalinin Krım məsələsinə yanaşması çox həssasdır. Bu ölkədə hakimiyyətə gəlmək istəyən hansısa siyasi lider birmənalı şəkildə “Krım Ukraynaya məxsusdur” desə, gərək daha siyasətlə məşğul olmasın və ölkəni tərk etsin. Navalnı bunu bilirdi və özünü lideri olmaq istədiyi xalqın gözündən salmaq istəmirdi.
Bu mövzuda ən sərrast cavabı 2008-ci ildə Navalnının dostu, silahdaşı, eynilə onun kimi erkən yaşda sui-qəsdə məruz qalaraq həyatını itirən Boris Nemtsov ukraynalı jurnalist Dmitri Qordona müsahibəsində vermişdi. Nemtsovun Sevastopolun rus şəhəri olması barədə ifadəsinə toxunan Qordon “bu, bir səhv idi, yoxsa doğrudan da belə düşünürsünüz” sualına Nemtsovun cavabı belə olmuşdu: “Mən sərhədlərin dəyişdirilməsinə qarşıyam. Bunu təxribat hesab edirəm. Hələ o vaxt Yeltsinə də, Lujkova da demişdim ki, siz Krımda situasiyaya təsir etmək istəyirsinizsə, Krımı ilhaq etməyə çalışmayın, oraya investisiya yatırmaq, daşınmaz əmlak almaq, zavodlar tikmək, kurortları yenidən qurmaq lazımdır. Bu halda sizə rəğbət də yaranacaq, hər şey də yaxşı olacaq”.
Navalnı da, əslində, məhz müxalifətçi həmkarı kimi düşünürdü.
Düzdür, o bir dəfə gürcülərə dair bir yersiz zarafat etmiş, “qruzin” (gürcü) sözünü “qrızun” (gəmirici) kimi demişdi, amma çox keçmədən buna görə peşman olmuş və peşmançılığını dilə gətirərək gürcü xalqından üzr istəmişdi.
İndi həyatda nə Nemtsov var, nə Navalnı, nə də Putinin prezident olmasında bir nömrəli rol oynayan Berezovski. O boyda dövlət Medvedyev, Roqozin, Zatulin, Fyodorov kimi vaxtaşırı nasist isterikası sərgiləyən siyasət adamlarının əlində qalıb. Onlar qırmızı meydanlarda qələbə paradı keçirəcəklərini düşünür, beyinlərində nəinki postsovet ölkələrini, hətta bütün dünyanı təhdid edən düşüncələr daşıyırlar. Getdikcə hamısı qatı şovinist kimi ad çıxarmış Jirinovski kimi danışmağa, davranmağa çalışır.
Navalnının dəfni həm də Rusiya demokratiyasının dəfni idi. Bu ölkədə Nemtsov, Xakamada, Navalnı kimi ağıllı və dürüst siyasətçilər nə vaxt yetişəcək, heç kəs bilmir. Azərbaycan kimi postsovet ölkələrinin xoşbəxtliyi, firavanlığı, təhlükəsizliyi həm də Rusiyanın demokratikləşməsindən keçir.