Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda kütləvi dava zamanı 2 nəfərin qətlində təqsirləndirilən Rauf Hüseynov, Ceyhun İsayev və Ramin İsayevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
News24.az-ın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən təqsirləndirilən şəxs Ramil İsayev bildirib ki, Xəyalla dost olub: "Rauf Hüseynov isə mənim həyətində kirayədə yaşayırdı. Axşam vaxtı gördüm Xəyal Raufla bizim həyətdə mübahisə edir. Sonra küçəyə çıxdılar. Küçədə Orxan da gəldi. Orxan söyüş söydü. Mən isə Xəyala dedim ki görüş yeri təyin edətərsiz, görüşərik. Xəyal razılaşdı. Amma yenə başladılar söyüş söyməyə. Bir də sakitləşdirib yola saldım. Bir saatdan sonra pəncərə döyüldü. Çölə çıxdıq ki, bir qrup adam gəlib. 7 nəfər idilər, əllərində dəmir, armatur parçası darvazadan girdilər içəri. Hücum çəkdilər üstümüzə. Mən də üstümdə bıçaq götürmüşdüm. Gördüm bunları sakitləşdirə bilmirəm, mən də vurdum. Amma kimi vurdum bilmirəm. Mən onu gördüm ki Xəyal yıxıldı yerə. ".
Prosesdə ifadə verən zərərçəkmiş İlkin Rzayevin anası Mehriban Rzayeva isə bildirib ki, oğlunun günahı olmadan qətlə yetirilib: "Oğlum keçmiş polis əməkdaşı olub. 22 yaşı var idi. O davanın mahiyyətini bilmədən gedib. Dava düşən gün mənə zəng etdi ki gec gələcəm, daha sonra zəng edəndə gəlməyəcəyini dedi. Günorta işə çatanda qızım zəng edib dedi ki İlkinə zəng çatmır. Xəyalla İlkinin tanışlığı olmayıb. İlkin qəsdən və heç bir günahı olmadan qətlə yetirilib. Onlara ən ağır cəzanın verilməsini tələb edirəm".
Məhkəmənin növbəti iclası avqustun 23-nə təyin edilib.
İttiham aktına əsasən, hadisə bu il fevralın 11-i saat 2 radələrində Bakı şəhərinin Nizami rayonu ərazisində qeydə alınıb. Kütləvi dava zamanı İlkin Rzayev və Xəyal Rəhimov qətlə yetirilib.
Daha sonra C.İsayev, R.Hüseynov və R.İsayev şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı R.Hüseynov və C.İsayevə qarşı Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.7-ci (qəsdən adam öldürmə, iki və daha artıq adamı öldürmə) və 221.3-cü (Xuliqanlıq) və R.İsayevə isə Cinayət Məcəlləsinin və 221.3-cü ( silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddələrilə ittiham irəli sürülüb.